İlham Əliyev, Nikol Paşinyan, Polad Bülbüloğlu və Oleq Yesayan - Azər HƏSRƏT yazır...

İlham Əliyev, Nikol Paşinyan, Polad Bülbüloğlu və Oleq Yesayan Azər HƏSRƏT yazır...

 Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla günlərdir müzakirə olunan debatı bir məsələni yadıma saldı. 2012-ci ilin iyun ayında Moskvada etdiyim müşahidələrlə bağlıdır bu məsələ.

Qeyd olunan tarixdə bir qrup Azərbaycan jurnalisti olaraq Moskvaya getmişdik. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan səfirlərinin də iştirak etdiyi bir görüş idi. Bu görüşə Ermənistandan da bir qrup jurnalist gəlmişdi. Təbii ki, arada gərginliklər də olurdu. Lakin sözümüz bunda deyil.

Sözümüz ondadır ki, həmin görüşdən çox maraqlı bir müşahidəm bu günə kimi yaddan çıxmır. Mən Bakıya tez qayıtmalıydım. Ona görə də təşkilatçıları tələsdirirdim ki, imkan olsa görüşləri tez bitirək. Yaxud da mənə icazə versinlər, tez çıxım. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da həmin günlərdə bizimlə birlikdə idi. O, əsas təşkilatçılardan biri kimi hətta öz xidməti maşınını da buraxıb bizimlə eyni maşında hərəkət edirdi. Təbii ki, bu da əlavə fürsət idi və onunla maraqlı söhbətlər edirdik.

Tədbirlərin sonuncusu Moskvadakı “Ədəbiyyatçılar evi”ndə olmalı idi. Bu, bir şam yeməyi idi. Biz, Rusiya tərəfi və Ermənistan nümayəndələri birlikdə yemək yeyəcəkdik. İçəridə bizim üçün geniş bir yer ayrılmışdı. Ümumiyyətlə isə ora adamla dolu idi. Moskvanın tanınmış şairləri, yazarları, söz və sənət adamları masaların arxasında oturub yemək yeyirdi. Biz içəri daxil olanda sanki zaldakı hər kəs ayağa qalxdı. Bir anlıq təəccüb məni bürüdü. Lakin dərhal da nəyin nə olduğunu anladım. Yerindən duran hər kəs Azərbaycanın səfiri Polad Bülbüloğluna sarı yürüdü, onunla mehribancasına salamlaşdı. Hələ xanımları görmək lazım idi. Adamın boynundan asıldılar bir anda. İçəridə aura dəyişdi əməllicə. Elə adam qalmadı ki, bizim səfirimizə yaxınlaşmasın, hal-əhval tutmasın.

Qürurlandım, şərəf duydum bu görüntülərə görə! Bir Azərbaycanlı olaraq ölkəmin səfirinə dünyanın ən önəmli paytaxtlarından olan Moskvada belə münasibət şəxsən məni göylərə qaldırdı.

Az sonra bu qürurum birə on artdı. Biz hələ masa arxasına keçməmişdik ki, Ermənistan heyəti gəlib çıxdı. Onların səfiri Oleq Yesayan başda olmaqla bir qrup erməni içəri daxil oldu. Bizimlə salamlaşdılar, sakitcə də masa arxasına keçdilər. Az öncə Azərbaycan səfiri üçün ayağa qalxmış insanların arasından bir nəfər də ayağa qalxmadı, heç üzünü çevirib Ermənistan səfiri tərəfə baxmadı da. Polad Bülbüloğluna görə qürurum daha da artdı bu dəfə. Əslində, bunun özü Moskva elitasının Azərbaycana və Ermənistana real münasibətinin göstəricisi idi. Bu da təsadüfi deyildi. Bizi təmsil edən şəxs həm də özü yetərincə hörmətli bir şəxs idi. Ermənistanı təmsil edən şəxssə elə öz ölkəsi kimi bir şəxs idi və ona görə də Moskva elitası dönüb onun üzünə də baxmadı…

İndi bu xatirəmi Prezident İlham Əliyevin Nikol Paşinyanla debatının işığında yazmağım da təsadüfi deyil. Heç Azərbaycanlı olmasam belə, kənar bir müşahidəçi kimi dəyərləndirsəm də Prezident İlham Əliyevin sadəcə duruşu-davranışı-nitqi Ermənistan baş nazirini darmadağın etdi, əzdi. Bəli, özəlliklə də beynəlxalq auditoriya qarşısında mənim ölkəmin təmsilçisi işğalçı ölkənin təmsilçisini yerdən yerə vurdu. Burada da şəxsiyyət və təmsilçilik istedadı öz rolunu oynadı. Əgər bir ölkəni İlham Əliyev kimi özgüvənli və təcrübəli, eyni zamanda siyasi cəhətdən çox hazırlıqlı, savadlı birisi təmsil edərsə, o ölkə mütləq və mütləq üstün olacaqdır. Bir vətəndaş olaraq bu mərhələdə ölkəm adına bir daha qürur duydum, sevindim.

Və kədərlənirəm həm də. 9 fevral parlament seçkilərinin nəticələrini yada saldıqca bizim də Oleq Yesayanın təmsil etdiyi Ermənistanın gününə düşəcəyimizdən əndişəliyəm. Ölkəni Prezident İlham Əliyevin, yeri gələndə Birinci vitse-prezident Mehriban Əliyevanın təmsil etməsi üstünlüyümüzdür. Lakin onlar bizi hər yerdə və hər zaman təmsil etmir axı. Ölkəmizi həm də parlamentin deputatları təmsil edir və çox narahatam ki, indi seçildiyi elan edilmiş tərkibdə Polad Bülbüloğlu kimiləri deyil, Oleq Yesayanlar kimiləri çoxluq təşkil edir. Yoxdurmu ölkəmizdə Polad Bülbüloğlu kimi bizi təmsil edə biləcək şəxslər? Var əlbəttə. Lakin onların əksəriyyəti kimlərinsə şıltaqlığı üzündən bu dəfəki seçkilərdə kənara itələndi. Yerlərinə isə Oleq Yesayan kimiləri seçildi…

Sözardı: Bir dəfə Avropada çox nüfuzlu bir beynəlxalq tədbirdə iştirak edirdik. Orada şəxsən tanımadığım (əslində məşhur birisi də deyil) bir xanım da vardı. Bu xanım həmin tədbirdə çıxış belə edə bilmədi və buna görə onu göndərənlərdən danlaq aldı. İndi baxıram ki, məni parlamentdən kənarda saxlayanlar həmin xanımı deputat seçdiriblər. Həmin tədbirdə mən bir çıxışımla Azərbaycanın üzərinə gələnləri darmadağın etmişdim. Sözün həqiqi mənasında…

Azər HƏSRƏT, siyasi şərhçi – @azerhasret

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !