Allaha əmənət olun, Allah adamı... - Nurəddin ƏDİLOĞLU yazır...

Allaha əmənət olun, Allah adamı... Nurəddin ƏDİLOĞLU yazır...

 İnsanın ömrü də ilin fəsillərinə bənzəyir. Uşaqlıq yaz kimi al-əlvan, oynaq və qayğısız, gənclik yay kimi qaynar, haylı-küylü, orta yaş dövrü payız ovqatlı, qocalıq isə qış kimi düşüncəli, müdrikdir... Ömrün bu rəngarəng pillələri insanın təbiətini dəyişə-dəyişə kamilləşdirir, xarakterini bütövləşdirir və onu ALİ varlığa çevirir.
Bu filkirləri on ildən çox tanıdığım və bu gün yaşı yetmişi ötmüş Paşa Ağaoğlu haqqında düşündüklərimə həm giriş sözü, həm də onun vətənpərvər söz adamı olaraq portret cizgilərini tamamlayan ştrixlər kimi qələmə alıram.
Paşa bəylə ilk dəfə Zığ yolunun üzərində - Xəzər dənizinə gözəl panoraması olan və yamyaşıl ağacları təbii meşəni xatırladan hündür təpədə - Əhmədli yaylasında tanış olmuşuq. Buranın dar çığırları, enişli-yoxuşlu yollarıona Şərurdakı doğma Dəmirçi kəndini, mənəsə Masallıdakı dogma Xırmandalını xatırladıb. Bakıda ana təbiətin bir parçası olan bu YÜKSƏKLİKDƏ dəniz mənzərəsini seyr edə-edə əvvəlcə Paşa bəyi poeziya ilə nəfəs alan ziyalı bir İNSAN kimi kəşf etdim. O, təkcə mənim deyil, bu təbiət guşəsinə səhər gəzintisinə gələn hər kəsin diqqətini özünə cəlb etmişdi: özü də boy-buxununa, cəngavər simasına görə deyil, S. Vurğun, M. Şəhriyar, M. Araz, B.Vahabzadə, Ş.Dəlidağ və başqa Azərbaycan şairlərindən əzbər dediyi şeirlərə görə...
O, heyrət doğuracaq yaddaşa malikdir. İndi bu yazını yazmağa başladığım məqamda mən onun xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını əvvəldən axıracan sinədən, gəzə-gəzə neçə böyük şövqlə söylədiyi günü xatırladım. Düzü, etiraf edim ki, ixtisasca kənd təsərrüfatı mütəxəssisi, iqdisadçı alim olan Paşa bəyin poeziya vurğunu oması hamıdan çox məni sevindirirdi. Necə deyərlər, onunla elə ilk gündən söhbətimiz yaxşı tuturdu.
Paşa səhərlər bizimlə idman yürüşünə gələn adamların çoxunu məndən qabaq tanıyırdı və onlara ərkyana, dostyana zarafatlarından qalmırdı. (İndionlardan bəzisi – Aydın, Mehdi həkim, Mahmud dünyadan köçüb. Bəzisi də elə Paşa kimi yaşayış yerini dəyişib. – N.Ə) ... Ətrafımızda gəzib-dolaşan bir neçə adama iş məsələsində yardımçı olmuş Paşa bəy ağsaqqal kimi hamıya kömək etməyə çalışır, əlindən gələni əsirgəmirdi.
Günlərin bir günü öz şəxsi maşını ilə bizi Neftçalaya - Qismət həkimin qardaşının yas mərasiminə apardı. Orada əslən lerikli olan din xadimi ilə elədiyi maraqlı söhbət Paşa bəy təkcə dünyəvi deyil, ruhani biliklərə də sahib olduğuna dəlalət edirdi... Aradan bir neçə gün ötüb keçdi. Yenə də dənizi seyr edə-edə təbiət qoynunda gəzib – dolaşırdıq. Mətləbadlı bir mühəndis dedi ki, bu gün-sabah 60 yaşım tamam olacaq! Onun Türkanda 60 illik yubleyinin öz aramızda xudmani məclis qurub keçirməyin təşəbbüsçüsü də Paşa bəy oldu. Şeiriyyət dolu, nəğmə çələngli unudulmaz bir gecə geçirdik. Müşahidə etdiyim belə insani keyfiyyətlərinə görə mən sonralar Paşa bəyə həsr etdiyim hekayəmi “Ömür vağzalı” adlı kitabıma daxil etdim.
Artıq mənə məlum idi ki, Paşa bəy təkcə poeziya vurğunu deyil, özü də gənc yaşlarından şeir yazır. Və yazdığı şeirlərin, təmsillərin çoxunu əzbərdən bilir... Onun poetik fikirləri özü kimi çox sadə, xalq ruhuna yaxındır. Ara-sıra dövrü mətbuatda təmsillərini, şeirlərdən bəzi nümunələri dərc etdirsə də, Paşa bəy onların kitab halında nəşrinə tələsmirdi. Həmişə təvazökarlıq edib, deyirdi ki: “Mən şair olmaq xatirinə yazmıram, belə bir iddiam yoxdur!” .
Nəhayət, 2008-ci ildə onun “Həyatın iştəkləri” adlı şeirlər toplusu işıq üzü gördü. 200 səhifədən çox bu kitab “Ana yurdum, elim-obam”, “Qəlbimin şikayəti”, “Məhəbbətin gileyi”, “Kim başda, kim ayaqda” - təmsillər və “Deyişmələr” bölmələrindən ibarətdir. Yeri gəlmişkən, müəllifin kitaba eyniadlı poeması da daxil edilib. Bu poemanın oxunaqlı şəkildə qələmə alınmasını qeyd edən filologiya elmləri namizədi Şamil Əsgərov kitaba yazdığı “Görüb götürən şair” adlı ön sözdə Paşa Ağaoğlunun yaradıcılığından geniş söhbət açır.
Onu da qeyd edim ki, kitabda “Vətənə də qurban, elə də qurban”, “Ata”, “Məmməd Araza”, “Ulutürkə”, “Ata həsrəti”, “Səadət Butaya”, “Kamələddin Qədimə”, “Dövrandan şikayətim”, “Qocalıq”, “Saxta sifətlər”, “Qəzetlər” və başqa şeirlərində Paşa Ağaoğlunun dövrün tələbi ilə səsləşən ictimai-siyasi mövzuda yazdığı şeirləri xüsusi yer tutur. Və belə şeirlərin çoxu oxucunun ürəyindən tikan çıxarır. Bu, sadəcə olaraq mənim nöqteyi-nəzərimdir.
P. Ağaoğlu qələmini xalq poeziyası formasında yazdığı qoşma, gəraylı, cinas, deyişmə və başqa janlarda sınayır. Məsələn, Şamil Əsgərovun “Nər əmindi” cinasına yazdığı kiçik nəzirədə o, belə deyir:
Kim qəbrinin üstə varsa
Məzardadı dədəm indi.
Məndə yaxşı hər nə varsa,
Mənim deyil, dədəmindi.

Paşa bəyin təmsillərin hər biri öz məna və məzmununa görə təkcə dünənlə deyil, indiki çağımızla da səsləşir. İstər sovetlər dönəmində olsun, istərsə bu gün, üzləşdiyimiz bütün sosial bəlalara müəllifin kinayəli münasibəti, hədəfə tuşladığı iti –kəsgin “oxlar” təmsillərində öz real əksini tapır.

Dedilər:- Bu nə işdi,
Dövran tərsə fırlanır?
Ulaq çimir bulaqda,
Susuzluqdan fil yanır.
Tutuquşu dillənib,
Cavab verdi suala:
-Kefə gedib ədalət,
Dövran düşüb bu hala.

P. Ağaoğlunun ironiyası, yumşaq dillə desək, etiraz səsi, mən deyərdim ki, hətta üsyankarlığı “Şirin ölümü”, “Ulağın qələbəsi”, “Tülkünün şahlığı”, “Vəzifə bölgüsü”, “Şirin dövranı”, “Təkənin gileyi” və başqa təmsillərindəki sətiraltı mənalarla öz dolğun ifadəsini tapmışdır.
Bəli, özü təvazökarlıq etsə də, mən onu bu şeirlərindən mübariz ruhlu bir şair-vətəndaş kimi tanıdım. Müasir həyata, insan sevgisinə, TALEYƏ, ÖMRÜN fəsillərinə, təbiət mənzərələrinə, yurdun dünəninə və bu gününə həm bir vətəndaş, həm də qələm əhli kimi öz prizmasından baxış, səmimi duyğuların tərənnümü P.Ağaoğlu poetik dünyasının mayasını təşkil edir.
Onun şeirlərində yadda qalan, uğurlu misralar çoxdur. Məsələn, “Kərəmtək ahımdan cahan od alar”, “Hələ çoxdur yalan yığan dilənçi”, “Dövran hamilədir, şərdən xətadan”, “Bir quş olub pəncərənə qonaydım”, “Kədərlə birlikdə yaşa dolmuşam”, “Sən idin səmama görünməz dirək”, “Könül, sənə yazıq desəm, incimə” və başqa uğurlu misraları şübhəsiz ki, onun şeirlərinin poetik gücünü və yükünü artırır. Paşa Ağaoğlunun bu iddiasız şeirlərində Dədə Kərəm yanğısı da var, dilindən öyüd-nəsihət əskik olmayan Dədə Qorqud qayğısı da...
Bu illər ərzində mən onu kitabı və mütaliəni sevən bir OXUCU kimi də tanıdım. Bir dəfə ona yenicə işıq üzü görən kitablarımdan birini verdim. Paşa bəy təkcə o kitabı oxumaqla kifayətlənmədi, həm də haqqında bəhs etdiyim qəhrəmanın -Seyid Sadıq ağanın məzarını, Masallının Ərkivan qəsəbəsində xatirəsinə ucaldılmış əzəmətli məqbərəni Qismət həkimlə birlikdə gedib dəfələrlə ziyarət etdi. Ağanın yeganə oğlu Hacı Mir Valehlə dost oldular.
İndi Paşa bəy özü də HACIDIR, Müqəddəs Məkkəni ziyarət edib. Necə deyərlər, Allah adamıdır. Nəvələri ilə nəfəs alan sevimli babadır. Sözümün bu məqamında Qədim Çindəyaranan bir deyimi xatırladım: “O cəmiyyətdə ki kitabları, uşaqları və qocaları sevmirlər, o cəmiyyət xoşbəxt ola bilməz".
Mənə elə gəlir ki, bizim Azərbaycan cəmiyyətində hər üçü sevilir: kitab da, uşaq da qoca da... Əzəldən KİTABA maraq-sevgi, UŞAĞA diqqət-qayğı, QOCAYA xətir-hörmət olub və dədə-baba mirası kimi nəsildən-nəsilə ötürülüb... Amma görünür, müasir CƏMİYYƏTİN xoşbəxliyi təkcə belə sevgilərdən asılı deyil. Lap ən sevdiyimiz kitab Allahın nazil etdiyi “Quran-Şərif” olsa belə...
...Yuxarıda qeyd etdiyim kimi, Paşa bəy xeyir-şər adamıdır. Ünsiyyətçil və dostcanlıdır. Bir dəfə mən onu dostu Qismət həkimlə birlikdə Yaqub Abbasov adlı poliqlotla tanış elədim. Yaqubun ruhani söhbətləri onların o qədər xoşuna gəldi ki, sonralar hər dəfə məni görəndə Paşa bəy deyirdi: “Yaqub bəyin şirin söhbətlərindən heç doymadıq. Bizi onunla yenə görüşdür, bir gün sakit bir güşəyə çəkilib doyunca söhbət edək...”
Tanışlığımızdan ötən bu illər ərzində hər ikimizinbir çox itkiləri olub. Çalışmışıq ki, bir-birimizin xeyir-şərində iştirak edək!.. Yaşayış yerini dəyişməsi ilə əlaqədər indi onunla az-az görüşürük. Ən çox telefonla və internetlə əlaqə saxlayırıq. Yetmiş yaşını doldurmasını elə internetdən öyrəndim. Adətən, belə təbrik yazısında yubiliyarın ünvanına təriflər deyilir. Amma mən uzaqdan olsa da Paşa bəyin özünəxas səsini eşidirəm: “Məni çox tərifləmə!”
Mən də öz növbəmdə ömrünün ahıl cağını yaşayan Paşa bəyə sözün bütün mənalarında deyirəm: Ürəyində hansı arzusu varsa, qoy hamısı qadir Allahın iradəsiylə yerinə yetsin!
Allaha əmənət olun, Allah adamı...

Nurəddin ƏDİLOĞLU, Yazıçı  -publisist 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !