Bu gün ilk çərşənbədir -

Bu gün ilk çərşənbədir

Bu gün Azərbaycanda ilin sonuncu çərşənbələrinin ilki - Su çərşənbəsi qeyd olunur.
Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.
İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur. Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər.
Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.
Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.
Azərbaycanda martın 3-də Od, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.
2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !