Gilavar Foto Klubu və klub üzvlərinə İlin Fotoqrafı 2019 mükafatı təqdim edilib -

“Gilavar” Foto Klubu və klub üzvlərinə “İlin Fotoqrafı 2019” mükafatı təqdim edilib

 Fevralın 29-u YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin "İlin Fotoqrafı 2019" mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan fotoqrafiya sənətində son illərdə xidmətləri olmuş fotoqraflar mükafatlarla təltif olunublar. Mükafatçılar arasında “Gilavar” Foto Klubunun, eləcə də klubun üç üzvünün adı var. Klub Azərbaycan fotoqrafiya sənətinin tərəqqi və inkişafı naminə həyata keçrilən tədbirlərdə iştirakına görə Xatirə Diplomuna, AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev beynəlxalq müsabiqələrdə qazandığı qələbələrə görə “İlin Fotoqrafı 2019”, təbiət və səyahət fotoqrafı Rüstəm Məhərrəmov Hüseyin Hüseyinzadə xatirəsinə təsis olunmuş “Ümid”, sərbəst fotoqraf Orxan Əzimov isə “İtirilmiş Nəfəs” layihəsinə görə Əli Qafarovun xatirəsinə təsis olunmuş “Müharibə fotoqrafı” mükafatına layiq görülüblər.
“Gilavar” Foto Klubu 2017-ci ilin dekabr ayının 1-də tanınmış fotoqraflar Dilavər Nəcəfov və Rəşad Mehdiyev tərəfindən yaradılıb. Klubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, yaradıcı insanların imkanlarından istifadə etmək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır. Klubun Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.gilavar.net veb saytı mövcuddur

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !