Manat nə zaman dəyərdən düşəcək? - ALLAHVERDİ AYDIN

Manat nə zaman dəyərdən düşəcək? ALLAHVERDİ AYDIN

Xam neftin qiyməti dünya bazarlarında 5 illik minimuma enib.
“Bloomberg”in verdiyi məlumata görə, “VTI” markalı xam neftin bareli 31,9 dollara düşüb. Sonuncu dəfə bu qiymət 2016-cı ilin fevral ayının 23-də qeydə alınıb.
“Brend” markalı neftin qiyməti isə bu gün London Birjasında 35,9 dollara düşüb.
Məlumat üçün bildirək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsində xam neftin qiyməti 1 barel üçün 55 dollardan hesablanıb. Ötən il dövlət büdcəsinin müzakirələri zaman xam neftin qiyməti 60 dollar ətrafında dəyişib.
Büdcə müzakirələrinin aparıldığı dövrdə Maliyyə Nazirliyi açıqlma verərək bildirdi ki, 2020-ci ildə dünyada neftin qiymətinin 40 dollar səviyyəsinədək azalması Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə az təsir edəcək. Nazirlik onu da vurğulayıb ki, qiymətlərin 40 dollar səviyyəsində olması ortamüddətli perspektivdə dövlət büdcəsinin gəlirlərinə təsir edə bilər.
Hazırda xam neftin qiyməti 40 dollardan da aşağı səviyyəyə düşüb. Əksər beynəlxalq təşkilatlar yaxın zamanlarda qiymətin bir qədər də azalacağını ehtimal edirlər.
“Bloomberg” “Goldman Sachs” bankının analitiklarinə istinadən bildirir ki, xam neftin qiyməti yaxın zamanlarda 20 dollara kimi geriləyə bilər. Analitiklər hesab edirlər ki, dünyanı cənginə alan koronavirus epidemiyasının dünya iqtisadiyyatında geriləməyə səbəb olur ki, bu da neftə olan tələbatı azaldır. Belə bir şəraitdə neft hasilatçılarının hasilatı azaltmaq barədə razılığa gələ bilməməsi də bazarda ciddi böhrana səbəb olub. Rusiya neft hasilatını azaltmaq barədə daha əvvəl OPEC-lə əldə olunan razılıqdan çıxacağını açıqlayıb. Rusiyanın neft hasilatını azaltmayacağı bilindikdən sonra Səudiyyə Ərəbistanı da gündəlik neft hasilatını 12 milyon barelə qədər artıracağını etiraf edib.
Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatını nə gözləyir?
İxrac məhsullarının 80%-dən çoxu xam neft və neft məhsularından ibarət olan Azərbaycanda dövlət büdcəsi gəlirlərinin yarıdan çoxu da neftin satışından formalaşır. Dövlət büdcəsi gəlirlərinin 47%-ni Neft Fondundan ayrılan transfertlər təşkil edir. Məlum məslədir ki, neft gəlirlərinin azalması həm də valyuta ehtiyatlarına təsir edəcək. Bu da öz növbəsində manatın məzənnəsinə təsir edə bilər.
Ölkə əhalisi bənzər vəziyyətlə 2015-ci ildə qarşılaşdığı üçün neftin ucuzlaşması onlarda haqlı narahatçılığı səbəb olmaqdadır.
Məlumat üçün qeyd edək ki, 2015-ci ildə baş verən 21 fevral və 21 dekabr tarixli devalvasiyalar zamanı dövlət büdcəsində 1 barel xam neftin qiyməti 90 dollardan hesablansa da, xam neftin real satış qiyməti 40-50 dollar arasında dəyişib.
Rəqəmlərdən də göründyü kimi, 5 il əvvəl olduğu kimi hazırda da neftin real qiyməti büdcədəki qiymətindən təxminən 2 dəfə aşağıdır.
Rublun ucuzlaşması bizə nə vəd edir?
Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası son 3 gündə sürətlə ucuzlaşmaqdadır. Son 3 gün ərzində dollar rubl qarşısında 12% bahalanaraq 66 dollarda 74 dollara yüksəlib. Belə olan təqdirdə manatın üzərində də təzyiqlər artmaqdadır.
Rubl təkcə dollar qaşısında deyil, Azərbaycan manatına nisbətdə də ucuzlaşmaqdadır. Son 3 gün ərzində rubl manat qarşısında 11% ucuzlaşıb. Belə ki, 3 gün əvvəl 1000 rubl 26 manat olduğu halda, bu gün 1000 rubl 23 manata alınır.
Rublun manata nisbətən ucuzlaşması Rusiyada işləyən və Azərbaycana pul göndərən soydaşlarımızın zərərinə olacaq. Əmək haqqını rublla alıb Azərbaycana göndərənlər üçün məzənnə dəyişikliyi sərfəli deyil. Hazırkı vəziyyət Rusiyada işləyən soydaşlarımızın real qazancını azaltmış olur.
Manat nə vaxt ucuzlaşa bilər?
Qeyd etdiyimiz kimi, Azərbaycanın əsas ticarət tərəfadşı olan ölkədə - Rusiyada milli valyutanın ucuzlaşması bu ölkədən idxalı artıra bilər. Bu da öz növbəsində Azərbaycanda dollara olan tələbatı artıra bilər. İnsanlar ucuz mal gətirmək üçün daha çox valyuta almağa çalışacaqlar. Məlum məsələdir ki, neftin ucuzlaması valyuta ehtiyalarının azalmasına gəririb çıxarcaq ki, bu da valyutaya olan tələbatı bir qədər artıracaq.
Xatırlayırsınızsa, bənzər vəziyyət 2014-cü ilin sonları, 2015-ci ilin əvvəllərində də qeydə alınıb. 2014-cü ilin son 2 ayında və 2015-ci ilin yanvar-fevral aylarında dollara artan tələbat nəticəsində Mərkəzi Bankın valyuta ehtiyatları təxminən 5 milyard dollar azaldı. Ehtimal etmək olar ki, neftin ucuzlaşması və rublun dollar qarşısında dəyərdən düşməsi davam edərsə, insanlar daha çox dollar almağa başlayacaqlar. Bu da öz növbəsində Mərkəzi Bankı dolların məzənnəsinə yenidən baxmağa məcbur edə bilər. Üstəlik nəzərə almaq lazımdır ki, 5 il əvvəl Mərkəzi Bankı 15 milyard dollardan çox valyuta ehtiyatı olduğu halda, hazırda bu göstərici 6,4 milyarda bərabərdir. Yəni, Mərkəzi Bankın 5 il əvvəlkindən fərqli olarak tələbatı ödəyəcək qədər ehtiyatları yoxdur. Lakin, onu da bildirək ki, 2015-ci ildə baş verən kəskin devalvasiyaların ölkə iqtisadiyyatına, xüsusilə də maliyyə-bank sektoruna mənfi təsirləri oldu. Bu baxımdan Mərkəzi Bank bu dəfə manatın məzənnəsini kəskin deyil, tədricən azaltma yolunu seçə bilər. Ehtimal etmək olar ki, bu ayın sonuna kimi neftin qiymətində artım olmazsa və rublun dollar qarşısındakı ucuzlaşması davam edərsə manatın dollar qarşısındakı məzənnəsi də növbəti aydan etibarən dəyişə bilər. 
ALLAHVERDİ AYDIN , yeniavaz.com

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !