Mobil telefonların qeyri-qanuni yolla keçirmə cəhdinin qarşısı alınıb -

Mobil telefonların qeyri-qanuni yolla keçirmə cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni yollarla keçirmə cəhdinin qarşısını alıblar.

Belə ki, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları Hədəflərin müəyyənləşdirilməsi bölməsi tərəfindən nəzarətə götürülüb. Həmin şəxslər "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb.

Yoxlama zamanı hər iki vətəndaşın qarın nahiyyəsində kəmərin altında, gödəkçəsinin iç cibində gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan, ümumilikdə 16 ədəd "İphone 11 64GB" markalı mobil telefon aşkarlanıb.

Vətəndaşların birinin çamadanında isə 1 ədəd "İphone 7 64GB" markalı mobil telefon, 26 ədəd qidalandırıcı başlıq, 28 ədəd USB, qulaqlıq, mobil telefon üçün qutu və onlara aid sənədlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !