AMEA-nın prezidenti İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb - +FOTO=3

AMEA-nın prezidenti İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb +FOTO=3

 Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasındakı münasibətlərin uzun tarixi dövrü əhatə etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda İtaliyaya səfərini xatırladan akademiya rəhbəri ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini və bütün sahələrdə qarşılıqlı əlaqələrin bu gün də uğurla inkişaf etdiyini vurğulayıb. Akademik Ramiz Mehdiyev ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, elm sahəsində də mövcud əlaqələri yüksək dəyərləndirərək yeni elmi layihələrin işlənib hazırlanmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İtaliyanın elmi qurumları ilə AMEA arasında əlaqələrin miqyasının artırılmasının vacibliyini xüsusi qeyd edən akademik Ramiz Mehdiyev hazırlıq ərəfəsində olan əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən danışıb. Bu günlərdə İtaliyanın məşhur “Sandro Teti”  nəşriyyat evinin rəhbəri ilə görüşünü xatırladan akademiya rəhbəri italyan dilinə tərcümə edilərək yayılacaq kitabların İtaliya oxucularında Azərbaycanın siyasi həyatı ilə yanaşı, elmi və ədəbiyyatı haqqında da geniş təəssürat yaradacağını nəzərə çatdırıb.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari çıxış edərək səmimi qəbula görə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə minnətdarlığını ifadə edib, iki ölkə arasında mövcud münasibətlərin tarixindən bəhs edib. Azərbaycanın elmi-tədqiqat qurumları ilə qarşılıqlı əlaqələrin genişləndiriləcəyinə əminliyini bildirən səfir elmi əməkdaşlıq haqqında nəzərdə tutulan protokolun əhəmiyyətindən danışaraq sənədin detallarını diqqətə çatdırıb.
AMEA Rəyasət Heyətinin Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Azərbaycan və İtaliya arasında imzalanacaq elmi əməkdaşlıq haqqında protokolun yekun mərhələsində olduğunu qeyd edərək ölkələrimizin elmi müəssisələri arasındakı mövcud layihələr barədə ətraflı məlumat verib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !