Yeni təhlükə: Azərbaycan səhra çəyirtkələri ilə mübarizəyə hazırlaşır -

Yeni təhlükə: Azərbaycan səhra çəyirtkələri ilə mübarizəyə hazırlaşır

KTN rəsmisi: “Kifayət qədər texnika və preparat ehtiyatı yaratmışıq”
Bütün dünya koronavirusun qarşısını almaq üçüm səfərbər olunduğu bir məqamda 20-dək ölkə təbii fəlakətlə üzləşib. Söhbət Afrikadan Asiyaya doğru hərəkət edən çəyirtkə koloniyalarından gedir. Milyardlarla səhra çəyirtkəsi Asiyanı keçib İranın bir sıra əyalətlərinə, oradan isə Türkiyə sərhədlərinə çatıblar.
Tarixən kənd təsərrüfatı bitkilərinin ən böyük və amansız qənimi sayılan çəyirtə hücumları ardınca kəskin aclıq və fəlakət gətirib. 20-ci əsrdə Afrikanın şimalı, Asiyanın cənubu bir neçə dəfə ciddi çəyirtkə basqınına məruz qalıb. BMT Ərzaq Təşkilatının (FAO) açıqlamasına görə, bu dəfə Afrikanın Keniya, Somali və Efiopiyada səhra çəyirtkələrinin kütləvi artımı baş verib. Əlverişli hava şəraitində kəskin çoxalan həşəratlar yaxınlıqdakı bütün bitkiləri yeyib bitirdikdən sonra qonşu ölkələrə üz tuturlar. Artıq çəyirtkələrin ilk dalğası Hindistana qədər gəlib çatıb. Bu günlərdə zərərvericilər İranın Xuzistan, Bəlucistan və daha bir neçə əyalətinə yayılıb, Türkiyə sərhədini keçməkdədir.
FAO-nun xəbərdarlığına görə, bu, hələ ilk dalğadır, Afrikada daha böyük sürülər meydana gəlməkdədir və iyun ayına artıq birincidən on dəfələrlə güclü hücum dalğası yarana bilər. Buna görə də beynəlxalq təşkilat çəyirtkələri yarandıqları yerdə – Keniya, Efiopiya və Somali ərazisində qırmaq üçün hərəkətə keçilməsini zəruri hesab edir. Təşkilatın hesablamarına görə, yeni hücum dalğasının qarşısını almaq üçün 200 milyon dollara qədər vəsaitə ehtiyac var.
Yuxarıda da qeyd etdiyimiz kimi, çəyirtkələrin ilk sürüləri İran və Türkiyə ərazisinə çatıb. Bu isə onların yaxın günlərdə şimala doğru hərəkətlənib Azərbaycana çatması təhlükəsi yaradır. Kənd Təsərrüfatı Nazirliyi bu ehtimalı nəzərə alaraq tədbirlər görürmü? Çəyirtkələr gələrsə, onların vaxtında məhv edilməsi üçün tədbirlər və hazırlıqlar görülürmü?
Nazirliyin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərovun dediyinə görə, səhra çəyirtkəsi sürü halında yaşayır: “Olduqca böyük təsərrüfat və iqtisadi əhəmiyyətli zərərvericidir. Düşdüyü ərazilərə çox böyük ziyan vura bilir. Səhra çəyirtkələri hazırda İranda bir kvadratmetr ərazidə 40-80 ədəd olmaqla kənd təsərrüfatı bitkilərinə zərər vurur. Bu zərərverici əsasən taxıl, tərəvəz bitkiləri və texniki bitkilərlə qidalanır”.
Xidmət rəsmisinin sözlərinə görə, çəyirtkələr Azərbaycana gələrsə hazırda kollama mərhələsində olan taxıla böyük zərər vura bilər: “FAO-nun narahatlığı diqqətə alınır. Təşkilat qeyd edir ki, zərərverici indiki populyasiya ilə 100 hektara düşərsə, 10 minlərlə insanı qidadan məhrum edə bilər. Azərbaycanda havaların mülayim olması çəyirtkələrin ölkəmizə gəlmə ehtimalını çox aşağı salır. Çünki həmin çəyirtkələr bədən temperaturu yüksəldikdən sonra hərəkət edir və qidalanırlar. Təxminən havanın temperaturu 15-16 dərəcə olduqda onlar qidalanmağa başlayırlar. Onların hərəkət etməsi, uçmağa başaması üçünsə ətraf mühitdə temperatur 25 dərəcə olmalıdır. Yəni temperatur bundan aşağı olduqda səhra çəyirtələri hərəkət qabiliyyətli olmurlar, süst düşüb qalırlar. Amma hərəkətə başlayanda da gün ərzində 10-12 km məsafə qət edə bilirlər. İranın cənubundan, Türkiyədən Azərbaycana doğru hərəkət etsələr, gəlib çata bilsələr, burada gəlib sərin havaya düşəcəklər, hərəkət edə bilməyəcəklər. Bu da bizə imkan verəcək onları preparatlarla məhv edə bilək”.
Y.Cəfərovun sözlərinə görə, Azərbaycanda son 50 ildə səhra çəyirtkələrinin hücumu bir neçə dəfə müşahidə olunub: “Onlar adətən may-iyunun əvvəlində ölkəmizin ərazisinə gəlib çatırlar. Bu zərərverici Azərbaycanda qışlaya bilmir, çünki soyuq havada məhv olur. Buna görə də Azərbaycanda onların mənbələri yoxdur. Biz bir neçə dəfə İtaliya, Asiya, Mərakeş çəyirtkələri ilə uğurlu mübarizə aparmışıq, təsərrüfata zərər vura bilməyiblər. İndi də kifayət qədər çiləyici texnika, dərman preparatları ehtiyatımız var. Bunları alıb anbarlara yığmışıq. Səhra çəyirtkələrini əsasən alfaspermetrinlə məhv edirik. İndiki halda təlaşa heç bir əsas yoxdur. Ən azı martın sonu, aprelin ilk ongünlüyünədək səhra çəyirtkələrinin Azərbaycana gəlməsi real deyil. Gəlsələr belə, mübarizə üçün yetərincə imkanlarımız var”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !