Yaşasaydılar elmə daha böyük töhfələr verərdilər... - +FOTO=6

Yaşasaydılar elmə daha böyük töhfələr verərdilər... +FOTO=6

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına müstəqilliyinə qovuşub.
Otuz il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Vəhşi terror aktının ən ağır cinayətlərindən biri isə 30 il əvvəl yanvarın 24-də baş verib.
24 yanvar 1990-cı ildə Qanlı 20 Yanvar hadisələrindən sonra vətənpərvər 5 elm fədaisi çalışdıqları instituta gedərkən sovet faşizminin amansızlığına tuş gəldilər. Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin tankı xüsusi amansızlıqla yolun kənarında nasazlığı səbəbi ilə dayanan maşının üstündən keçərək hadisə yerindən uzaqlaşdı. Hər biri öz sahəsində sözünü demiş 5 alimi qanlı faciədən sonra işə aparan onların elmə bağlılığı, işlərinə olan sədaqəti idi. O hadisədə 5 alimdən 3-ü elm yolunda şəhid oldular. Faciə zamanı professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə xəstəxanada dünyalarını dəyişdilər. Parlaq Mustafayeva və İdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşdular.
Yaşadıqları müddətdə böyük uğurlara imza atan 3 mərd vətən övladının həyat və yaradıcılıqlarına yaxşı bələd olan hər kəs: “yaşasaydılar elmə daha böyük töhfələr verərdilər” deyir.
Artıq 30 ildir ki, AMEA-nın Polimer Materialları İnstitutunda hər il 20 Yanvar şəhidlərinin anım tədbirləri keçirilir, yanvarın 20-də Şəhidlər xiyabanına, yanvarın 24-də isə əməkdaşlarımızın amansızlıqla qətlə yetirildikləri Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarət təşkil olunur. Yolun 24-cü kilometrliyində qoyulan anım lövhəsi elm adamlarının ziyarət yerinə çevrilib.
Bu cinayət elm tarixində ağır itki, qara səhifə kimi qalacaqdır. İnstitutumuzun şəhid olan görkəmli alimlərinin – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun xatirələri institut əməkdaşları tərəfindən hər zaman yad ediləcəkdir.
Vəhşi cinayətin 3 qurbanı ömürlərinin çiçəkləndiyi, yaradıcılıqlarının bulaq kimi qaynadığı bir vaxtda həyatdan vaxtsız köçdülər, 2 alim isə vəhşiliyin, amansızlığın şahidi oldular. 30 il əvvəl möcüzəli şəkildə sağ qalan professor İdris Əhmədov məhz 29 il sonra yanvarın 20-də dünyasını dəyişdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !