Mingəçevir Teatrının Bakıda "akademik" turnesi - "CANİNİN ETİRAFI"

Mingəçevir Teatrının Bakıda "akademik" turnesi "CANİNİN ETİRAFI"

 Bu günlərdə Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərə maraqlı, rəğbətlə qarşılanan yeni tamaşa təqdim etməklə Mingəçevir Dövlət Dram Teatrı sənətkarlıq parametrlərinə görə paytaxt teatrları ilə yanaşı dayana bilən, dövrün, müasir tamaşaçının yüksək tələblərinə cavab verən əsərlər səhnələşdirməyə qadir olan peşəkar, nüfuzlu bir mədəniyyət ocağı olduğunu bir daha təsdiq etdi
Çoxlarımızın "Azdrama" kimi tanıdığımız və sevdiyimiz bu böyük sənət məbədinə hər dəfə gələndə çox kövrək bir nostalgiya ilə qeyri-ixtiyari ötən əyyamın 70-ci illərinin tələbəlik dövründə burda korifey sənətkarların oynadığı tamaşaları, ustad yazıçı və şairlərimizin təntənəli yubiley gecələrini xatırlamalı oluram. Xalqımızın heç vaxt unudulmayacaq görkəmli oğlu, vətənpərvər ictimai-siyasi xadim, o zamanlar çox sevilən şair-dramaturq Şıxəli Qurbanovun "Sənsiz" pyesi əsasında hazırlanmış, tamaşaçıların axın-axın gəldiyi, bilet kassaları qarşısında uzun növbələrin yaranmasına səbəb olan, böyük anşlaqla keçən tamaşada qüdrətli səhnə ustaları, Azərbaycanın Xalq artisti Həsənağa Salayevin və SSR Xalq artisti Hökümə Qurbanovanın yaratdıqları ülvi sevgi, məhəbbət yaşantılı obrazlar, onların alqışlara, gül-çiçəklərə qərq olduqları anlar heç vaxt yaddan çıxmır. 1970-ci ildə dünya şöhrətli şairimiz, lirik-fəlsəfi "Rənglər" poeması hətta uzaq Kanadada qısa müddətdə - il yarım ərzində 7 dəfə, yüz min tirajlarla nəşr olunan Rəsul Rzanın böyük təntənə ilə, SSRİ-nin bütün respublikalarından, xarici ölkələrdən gəlmiş yüzlərlə şair və yazıçının, ədəbiyyatşünas alimlərin iştirakı ilə keçirilən 60 illik yubileyi, 20 yaşlı bir gənc kimi ilk dəfə yaxından gördüyüm Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, görkəmli rəssamlar Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, sənətində olduğu kimi həyatda da təkrarsızlığı, qəribəliyi, "adama yovuşmazlığı" ilə seçilən, öz xəyal dünyasında tək-tənha dolaşan əfsanəvi sənətkar, ecazkar rənglər kralı Səttar Bəhlulzadə (şalvarının hər iki balağını biri gödək, digəri uzun olan corabın içərisinə salıb, fasilə vaxtı foyedə heç kəsə məhəl qoymadan tək-tənha gəzişirdi və kimsə ürək edib, ona yaxınlaşa, cəsarət tapıb qapıldığı xəyallar dünyasından ayırmağa cürət etmirdi) bugünkü kimi göz önümdədirlər. Ona görə də hər dəfə Akademik Milli Dram Teatrına daxil olanda sanki xatirələr müzeyinə qədəm qoyuram...
Bugünlərdə isə məni ölkəmizin bu böyük teatr məbədgahına unudulmaz xatirələrlə yanaşı uzun illər idi ki, tamaşalarına baxmaq istədiyim, lakin bunun mənə müxtəlif səbəblərdən müyəssər olmadığı Mingəçevir Dövlət Dram Teatrının (direktoru istedadlı, yüksək təşkilatçı insan, dəyərli ziyalı, tanınmış teatr xadimi Səxavət Məmmədovdur) burda - Bakıda teatr həvəskarlarına təqdim edəcəyi yeni tamaşasını "gətirmişdi". Məndə maraq doğuran həm də bu tamaşanı - "Caninin etirafı"nı uzun illər Sumqayıtın, Ağdamın Dövlət Dram teatrlarına, Azərbaycan-Dağıstanın Beynəlmiləl Teatr truppasına uğurla rəhbərlik etmiş, Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yaranmasında xidmətləri olmuş istedadlı yazıçı-dramaturq, rejissor dostum, Azərbaycanın Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun Mingəçevir Teatrının yaradıcı kollektivi ilə birgə səhnələşdirməsi idi. Onun həm yazıçı-dramaturq, həm aktyor, həm də rejissor kimi teatr sənətinin bütün sirlərini, incəliklərini kamilliklə bildiyinə, tamaşaları həmişə yüksək peşəkarlıqla hazırladığına əmin olduğum üçün onun paytaxt tamaşaçılarına maraqlı, düşündürücü bir səhnə əsəri təqdim edəcəyinə zərrəcə də şübhəm yox idi. Ancaq o da sirr deyil ki, bəzən elə olur ki, tanınmış, məşhur bir rejissorun da bəxtinə ilk baxışdan maraq doğuran, lakin tamaşaçını hansı səbəbdənsə qane etməyən, uğursuz bir dram əsəri düşür. Bəzən pyeslə, onun müəllifi və rejissor ilə tamaşaçı kütləsinin arasındakı düşüncə fərqi, həyata baxış müxtəlifliyi, intellekt dərəcəsi də səhnə əsərinin taleyində mühüm rol oynayır.
Və çox yaxşı ki, 45 ildən artıqdır ki, dramaturq və rejissor kimi yüksək istedadına yaxşı bələd olduğum Ağalar İdrisoğlunun səhnə təqdimatında Mingəçevir Teatrının yeni tamaşası mənim gümanımı yanıltmadı (yanıltsaydı, yəqin ki, çox incik, peşman olardım və teatrın dostları sırasına qoşulmazdım).
Tamaşaya baxmağı həm də ona görə özümə borc bildim, vacib hesab etdim ki, pyesin müəllifi Qənbər Şəmşiroğlu xalqımızın unudulmaz söz-saz ustaları, ozan sənətinin korifeylərindən olan, hələ məktəb illərindən yaradıcılıqları ilə sevə-sevə tanış olduğum Ağdabanlı Qurbanın, Dədə Şəmşirin nəslindəndir. Azərbacan Yazıçılar Birliyinin üzvü, "Aşıq Şəmşir" Mədəniyyət Ocağının rəhbəri olan Qənbər Şəmşiroğlu hələ gənc yaşlarından gözəl şeirlər, qoşmalar, son dövrlərdə isə maraqlı hekayələr, həm də “Bütövləşmək istədim”, “Bir gözəlin taleyi”, “Adam kimi ölməyib”, “Qızlardan muğayat olun” və s. kimi maraqlı povestlər yazıb.
Bir kəlbəcərli kimi o, öz yazıçı və vətəndaş borcu olaraq bugünkü və gələcək nəsillər üçün olduqca mühüm əhəmiyyət kəsb edən iki cildlik "Kəlbəcər: ömrüm, həyatım" adlı etnoqrafik kitabını da tamamlayıb, çap etdirmişdir. Sonradan Ağalar İdrisoğlunun və həkim-şair Nəriman Ocaqlının müəlliflə birgə pyes variantını hazırladıqları "Caninin etirafı" romanı isə müəllifin ilk iri həcmli əsəri olmaqla vaxtilə Kəlbəcərdə baş vermiş hadisələr, konkret faktlar əsasında yazılmışdır və əsər özünün əks etdirdiyi acı həyat həqiqətləri ilə diqqəti cəlb edir, oxucunu, tamaşaçını hər zaman haqsızlığa, ədalətsizliyə, hər cür naqisliklərə, rüşvətxorluğa qarşı barışmazlığa, qətiyyətli mübarizəyə, yüksək əqidəli, vicdanlı vətəndaş, insanpərvər, vətən sevdalı olmağa səsləyir.
Qənbər Şəmşiroğlu 1988-1993-cü illərdə respublikanın səriştəsiz rəhbərlərinin ucbatından Qarabağda Azərbaycan hakimiyyətinin, daha sonra isə bir-birinin ardınca ətraf rayonlarda torpaqlarımızın itirilməsi ilə eyni zamanda ölkəmızdə baş verən anarxiyanı, hərc-mərcliyi və bundan sui-istifadə edənlərin mal-dövlət hərisliyini, azğınlıqlarını o dövrün sadəcə müşahidəçisi kimi yox, əlacı heç nəyə çatmadığından qəlbi sızım-sızım sızıldayan bir yazıçı-vətəndaş kimi qabarıq şəkildə, inandırıcı epizodlarla diqqətə çatdırmağı bacardığından tamaşa da maraqlı, kəskin dramatik, dinamik alınıb.
Azərbaycanın, eləcə də xarici ölkə dramaturqlarının çoxlu pyesinə uğurlu səhnə həyatı vermiş təcrübəli rejissor Ağalar İdrisoğlu çox haqlı olaraq 90-cı illərin faciə və dəhşətlərini, baş alıb gedən anarxiyanı, respublika rəhbərliyinin erməni iddialarına "amorf" münasibətinə, qətiyyətsizliyinə qarşı xalqın kütləvi, kəskin etirazını, həyəcanlı-haraylı mitinq səhnəsini tamaşanın gözlənilməz proloqu şəklində çox maraqlı, tamaşaçını daxilən tərpədib, "silkələyən" müqəddiməsi olaraq çox dinamik bir tərzdə (o uzaq, təlatümlü günləri tamaşaçının bir daha yada salması, göz önünə gətirməsi üçün az sonra aktyorları bir müddət "donmuş" vəziyyətdə saxlamalı olur) təqdim edir. Aktyorların mitinq ab-havası, "Azadlıq" meydanının izdiham təsəvvürünü yaradaraq, məharətlə oynadıqları həmin səhnə epizodu maraqlı və çox bitkin olmaqla elə ilk andan tamaşanın "sakit axarlı" yox, çəkişməli, "tufanlı-fırtınalı" olacağını diqqətə çatdırır.
Tamaşada hadisələr ötən əsrin 60-cı illərinin ortalarında ucqar bir dağ rayonunda - Çıraqlıda yeni, 4 mərtəbəli xəstəxananın inşasının sona yetməsi epizodu ilə başlayır. Rayonda ilk dəfə olaraq belə bir mühüm, böyük sosial obyektin istifadəyə verilməsi həm əhalinin sağlamlığı, həm də xeyli sayda həkimin, orta tibb personalının və digərlərinin işlə təmin olunması baxımından sevindirici, ümidverici olsa da, bəzi "böyük iştahlı", rüşvətxor məmurlar üçün yeni xəstəxana tamam başqa məqsədli sevinc mənbəyidir. Onlar, xüsusilə də raykom katibi Əliş Tarixzadə (aktyor Paşa Salmanov) və "yuxarıdan" olan "kurator- Məmiş Qəmişli" yeni obyektə özlərinin şəxsi gəlir mənbəyi kimi baxırlar və baş həkim Nadirdən xəstəxanaya götürüləcək işçilərin - 280 nəfərin hər birini işə yalnız pul, rüşvət müqabilində qəbul etməyi tələb edirlər. Lakin xəstəxana kiminsə şəxsi vəsaiti hesabına deyil, dövlət vəsaiti hesabına tikildiyindən Nadir həkim ilk günlər belə bir təhlükəli risqə getməkdən ehtiyat edir. Tamaşanın gedişi zamanı isə məlum olur ki, əsas rollardan biri olaraq səhnə obrazını aktyor Qabil İbrahimlinin məharətlə yaratdığı baş həkim-Nadir belə bir sövdələşməyə yalnız ona görə getmək istəmir ki, həm ondan tələb edilən "şirinlik" həddindən artıq çox idi, həm də birgə çalışacağı xəstəxana personalı ilə o özü "üz-göz" olmalı olsa da, bundan rayonun "şefi" və Bakıda olan o yüksək vəzifəli şəxs Məmiş Qəmişli, onun qardaşı oğlu, Çıraqlı rayon Təhlükəsizlik Şöbəsinin əsas aparıcı işçisi İbo daha çox faydalanacaqdılar, Nadir həkimə isə "qəpik-quruş" veriləcəkdi.
Özünü təmiz bir adam kimi göstərməyə çalışan, lakin alçaqlığı, vicdansızlığı getdikcə üzə şıxan baş həkim əslində özünün də yeni xəstəxanaya qəbul ediləcək həkimlərdən, digər tibb işçilərindən umacağı olsa da, həm Səhiyyə nazirliyi tərəfindən işdən çıxarılacağından, həm də memar Aqil Əlizadədən və onun yüksək rütbəli qohumlarından ehtiyat edir. Bununla belə məmur özbaşınalığı, rüşvətxorluq halları o zaman ölkəni caynağına aldığından və "sövdələşməyə" getməyəcəyi halda cəzalanacağı qorxusundan baş həkimin öz "boss"larının şərtləri ilə itaətkarcasına razılaşmaqdan başqa çarəsi qalmır...
Hadisələr inkişaf etdikcə, tamaşanın marağa səbəb olan dramatizmi gücləndikcə Nadir həkimin rəzilliyi daha aydın görünür. Rüşvətxor raykom katibinin və "kurator"un "göstərişinə" əməl etməyə çalışan, əslində özü də maskalanmış "qurd" olan baş həkim daha rayon rəhbərliyindən və "yuxarıdan" qorxusu olmadığından, rüşvətə görə cəzalanacağından ehtiyat etməyərək, "fəaliyyətə" başlayır. İş üçün yanına gələnləri müxtəlif bəhanələrlə "dağa-daşa" salmağa, işin rüşvətsiz başa gəlməyəcəyini anlatmağa çalışır. O, hətta insafı, vicdanı özündən uzağa itələyərək, yanına böyük ümidlə gələn, atasının az maaşı ilə çətinliklə böyütdüyü qızını tibb bacısı kimi işə götürməyi xahiş edən yaşlı qadından - ağsaçlı ANAdan da "şirinlik" təmənnasında olur. Tamaşaçıların baş həkimin hərəkətlərini ikrahla qarşıladığı həmin səhnədə ana - Həcər xanım obrazını canlandıran Azərbaycanın Xalq artisti Ella Yaqubovanın yüksək peşəkar oyunu, Nadir həkimə öz narazılığını çığır-bağır salmadan, təmkinlə bildirməsi, kasıb olsalar da, qürurunu pozmayaraq ağbirçək çağırışları ilə onu təmənnalı inadından döndərməyə çalışması, başqa bir gəlir yeri olmayan ailəsinin sonbeşik qızı, yeganə ümid yeri olan Gülcanın işə götürülməsini rolun ruhuna uyğun tərzdə, həssas tamaşaçını duyğulandıran, övladını sevən, qayğıkeş bir ananın deyə biləcəyi təsirli sözlərlə xahiş etməsi, bunlar kar etmədikdə isə öz mənəviyyatı ilə qarşısındakından qat-qat yüksək, uca görünən Ananın "o boyda" baş həkimə insafı, vicdanı unutmamağa səsləyən tərbiyəvi öyüdlər, islahedici ana nəsihətləri verməsi aktrisaya böyük rəğbət və dönə-dönə tamaşaçı alqışları qazandırır (bu rolun digər ifaçısı, istedadlı aktrisa Məlahət Ağayeva da Ana obrazını peşəkarlıqla, dolğun boyalarla və ovladlarını, həyat yoldaşını dərin məhəbbətlə sevən, üzündə böyük nur olan Ana kimi yarada bilib.)
Ananın xahişinə soyuqqanlılıq göstərən, lakin arada Gülcana diqqətlə nəzər yetirərək, gözünü rüşvətin tutduğu dumanlı pərdəsi arxasından onun çox gözəl, yaraşıqlı bir qız olduğunu görən və bu səbəbdən də onu xoş olmayan niyyətlə işə götürməyə razı olan baş həkim sonradan nə düşünürsə, Gülcanı özünün gənc dostu hesab etdiyi, yeni xəstəxananın memarı və inşaat dəstəsinin rəhbəri olan Aqil Əlizadəyə ailə qurmaq üçün məsləhət görür. İçki aludəsi olduğundan bir dəfə sərxoş vəziyyətdə olarkən aralarında münaqişə yaranan və bu zəmində gənc dostu tərəfindən yumruqlanıb yerə sərilən, sonda isə Aqillə özünün rəqibləri olan mafioz dəstə - Qəmişli, Tarixzadə və İbo kimilər tərəfindən qətlə yetirilərək (Aqili "dolaşdıraraq" tutdurmaq niyyəti ilə), aradan götürülən Nadir həkimin obrazını aktyor Qabil İbrahimli əvvəldən axıracan tamaşaçıların ikrahına, nifrət və qəzəbinə səbəb olan dərəcədə, ustalıqla yarada bilib. Burada quruluşcu rejissorun onun istedadını, aktyor kimi potensialını düzgün qiymətləndirərək, Nadir həkim rolunu dublyoru olmadan məhz ona həvalə etməsini də layiqincə dəyərləndirmək lazımdır. Aktyorun tamaşa boyu hər bir epizodda Nadir həkimi xarakterik ştrixlərlə təqdim etməsi diqqətli tamaşaçının nəzərindən yayınmır. Onun çox tərbiyəli-ismətli, gözəl bir qız olan Gülcanı (bu rolu gənc aktrisa Fəridə Məmmədova və onun dublyoru gənc aktrisa Nargilə Abdullayeva da uğurla, məharətlə canlandırırlar) yüksək vəzifəli, nüfuzlu qohumlarına görə özünə arxa-dayaq, dost hesab etdiyi Aqilə (İlqar Rəhimov da, Hüseyn Mustafayev də bu rolu Aqilin saf mənəviyyatına uyğun olaraq, obrazı tamaşaçıya sevdirərək oynayırlar) ailə həyatı qurmaq üçün məsləhət görməsi alqışlansa da, sonradan sərxoş halda olarkən buna görə Aqilə minnət qoyması cəmiyyətimizdə onun prototiplərinin az olmadığı bu obrazın cılızlığını, miskinliyini, məqamından asılı olaraq açılan mənfur sifətini bütün aydınlığı ilə diqqətə çatdırır.
Tamaşanın digər xəttində cərəyan edən hadisələr üç mənfi tipi - raykom katibini, "kuratoru" və baş həkimi mafiya qruplaşması kimi birləşdirsə də (Çıraqlı rayon İcra Hakimiyyətinin başçısı, acgöz, pulgir Əliş Tarixzadəni aktyor Paşa Salmanov, rayon Təhlükəsizilik İdarəsinin səlahiyyətli işçisi İbonu isə hər iki aktyor - Aydın Quliyev və Asim Məmmədov obrazın xarakterinə uyğun canlandıra biliblər), çox keçmədən memar Aqilin onların rüşvətxorluq planlarının qarşısını böyük bir sədd, iri "şlaqbaum" kimi kəsməsi digər iki "qurdu" murdar niyyətlə yaradılmış qruplaşma zəncirini xəyanətkarcasına qırmağa, öz mənfur əməlləri naminə "zəif bənd" olan Nadir həkimi güdaza verməyə məcbur edir. Əsas məqsədləri xəstəxana rəhbərini aradan götürmək olmasa da, onlar "bir güllə ilə iki dovşan vurmağı" daha sərfəli hesab edirlər. Belə ki, iki qudurğan birləşərək, həbsdə olan bir cinayətkarın əli ilə Nadir həkimi iş yerində, kabinetində öldürürlər və vanna otağına qoyurlar ki, guya vannada boğulub. Nadirin kabinetinə gələn Aqil isə əvvəlcədən hazırlanmış ssenari üzrə "hadisə başında" yaxalanaraq, həmin qudurğanların əlaltısı olan Çıraqlı rayon Prokuroru və Polis rəisi tərəfindən "şübhəli şəxs", cinayətkar kimi istintaqa təhvil verilir. Beləliklə, həmin iki "qurd" həm xəstəxananı haram gəlir mənbəyinə, "pul bazarına" çevirməyə mane olan gənc memarı, həm də özlərinin rüşvət ortağı ola biləcək, artıq olan "üçüncü şəxs"i hiylə ilə aradan götürməyə nail olurlar.
Təəssüf ki, Nadir həkimin törətdiyi əməllərdən sağlığında ziyan çəkənlər olduğu kimi, müəmmalı ölümündən sonra da əzab çəkənlər olur. Onlardan biri - ölüm ayağında onun harayına qaçan Aqildir ki, rüşvətlə ələ alınmış ədalətsiz məhkəmənin saxta "sübutlar"la çıxardığı hökmlə 14 illik həbs cəzasına məhkum edilir.
Baş həkimin nazlı-qəmzəli katibəsi olan Gülçiçəyin (çoxlarının həyatda da əllərindən dad edildiyi, vaxtilə prototipləri az olmayan bu rolun öhdəsindən Könül Hacıyeva və Vəfa İsmayılova bacarıqla gəlirlər) Gülcana açdığı sirr - bir vaxtlar Nadir həkimin öz xanımını boşayaraq onunla ailə quracağını vəd edib, ismətinə toxunaraq, onun həyatını dünyaya gətirməli olduğu günahsız körpə ilə birgə məhv etməsi barədə söylədiyi acı, dəhşətli həqiqət cəmiyyətin heç də az rastlaşmadığı faciə kimi hiddət doğurur, Nadirə və onun kimilərə nifrəti daha da artırır.
Haqsız olaraq məhbəsə atılan Aqil doyunca görüşüb, sevməyə-sevişməyə imkan tapmadığı sevgilisi Gülcanın həsrətinə dözməyərək, ona tez-tez məktub yazır, ayrılığın uzun çəkməyəcəyini, tezliklə görüşəcəklərini bildidrir. Lakin vaxt keçdikcə ümidi hər yerdən üzülən Aqil qəlbi qan ağlasa da, Gülcana həyatını 14 il onu gözləməyə sərf etməməyi, ailə qurmağı məsləhət görür.
Təmiz ürəklə, qəlbən bağlandığı nişanlısı Aqilin haqsız yerə, nahaqdan tutulmasına, onun ayrılığına dözməyən, günlərlə göz yaşları tökən Gülcan iki ilə qədər həsrətlə onun yolunu gözləyir.
Onu da qeyd edim ki, tamaşaçılar üçün təsırsiz ötüşməyən, onların kövrək hisslərini titrədən ayrılıq səhnələrini hər iki akyor - Fəridə Məmmədova və İlqar Rəhimov obrazların daxili, mənəvi dünyasına nüfuz edərək, çox məharətlə oynayırlar. Burda rejissor işi də sentimentallığı gücləndirib. O, projektorla iki nöqtəyə - ayrı-ayrılıqda həsrətli sevgililərə tuşlanan qoşa işıqlandırma effektindən, aradakı qaranlıqdan ustalıqla istifadə edərək, iki sevən gənci eyni səhnədə, bir-birinə yaxın, lakin "əlçatmaz" məsafədə saxlamaqla və sevgililərin bir-birinə yazdıqları məktubları kadr arxasında öz ifalarında səsləndirməklə həmin səhnənin, o həsrətli-hicranlı anların çox təsiredici alınmasına nail ola bilib.
Aqilin həbsindən sonra baiskarlara lənətlər yağdıraraq, gecə-gündüz göz yaşları tökən, iki il həsrətlə onun yolunu gözləyən Gülcan həm sevgilisinin ümidsiz məktublarından, həm də rəfiqələrinin məsləhətlərindən sonra xeyli düşünüb-daşınaraq, "ağıllanaraq", sevdiyi oğlanı 14 il gözləməyin əbəs olduğuna inanır və başqa birisi ilə ailə qurmaq qərarına gəlir. Anası Həcər xanım II Dünya müharibəsinə gedib-qayıtmayan nişanlısını 35 il gözləyib ərə getməyən vəfalı bir azərbaycanlı qızın bir gün çoxillik əsirlikdən sonra gözlənilmədən Amerikadan qayıdan nişanlısını göz yaşları içində qucaqlayıb, "Nə xoşbəxtəm, əzizim, sən qayıtdın, salamatsan! Çox şükür!" deyib, özünün dünya boyda sevincinə dözməyərək, elə sevgilisinin qucağında can verməsini misal gətirib, Aqili gözləməyi məsləhət görüb, xahiş etsə də, rəfiqələrinin yanlış fikirlərinə, fitvasına uyan, artıq başqalaşmış Gülcan anasının nəsihətlərinə, etirazına, yalvarışlarına, göz yaşlarına məhəl qoymayaraq, başqa birisi ilə ailə qurmaq istəyindən dönmür. Lakin tale yenə onun üzünə gülmür - sən demə, ailə qurmaq istədiyi oğlan nəinki ona layiq deyilmiş, hətta əyyaşın, narkomanın biri imiş...
Uğursuz taleyindən bədbinliyə qapılan, məhbəsdə ağır günlər keçirən, lakin Gülcanı xəyalında yenə əvvəlki məhəbbətlə sevən Aqili bir gün müstəntiq Hökumə Bəbirli yenidən dindirməli, sorğu-suala tutmalı olur (bu rolu aktrisa Afət Əliyeva, digər ifaçı Ruhəngiz Abdullayeva vicdanlı, diqqətli, həm də qayğıkeş bir müstəntiq kimi çox ciddi, vəzifə tələblərinə uyğun olaraq oynayırlar). Ona könülsüz cavab verən Aqil iki il ötdükdən sonra yenidən sorğu-sual etməyin əhəmiyyətsiz, mənasız olduğunu bildirir - "onsuz da mənim işimə yenidən baxılmayacaq" deyir. Lakin müstəntiq ona respublikada ictimai-siyasi vəziyyətin artıq tamamilə dəyişdiyini, rəhbərliyə yeni bir adamın - xalqını ürəkdən sevən, düzlüyü, obyektivliyi hər şeydən uca tutan, qanunların aliliyinə hörmət edən, ilk gündən bütün məsələlərə prinsipiallıqla yanaşan, sadə əmək adamlarına böyük dəyər verən, həmişə haqqın-ədalətin yanında olan görkəmli bir şəxsiyyətin - Heydər Əliyevin gəldiyini bildirir. Məhz onun hüquq-mühafizə orqanlarına xüsusi ciddi tapşırığı, tövsiyəsi ilə hər bir məhkumun işi yenidən araşdırılıb-baxılır.
Və sən demə, Aqilin işinə yenidən, ədalətlə baxılmasına həm də onun bir müddət həbsxanada eyni kamerada "yatdığı", Əngəl Əvəz kimi tanınan bir cani səbəb olub (heç də xarakterik olmayan bu obrazı respublikanın Əməkdar artistləri Şıxı Yaqubov və Akif Mirabov bir-birini təkrar etmədən, fərqli ştrixlərlə, ustalıqla yaradıblar). Eyni kamerada yatdıqları zaman Aqilin saf ürəkli bir gənc olduğuna inanaraq, onun həbsdə başqasının - cinayəti törətmiş özünün əvəzinə cəza almasını vicdanına sığışdırmayaraq (bəzən belə də olur), öz əməlini müstəntiqə etiraf edir və Aqilin həbsdən buraxılmasının vacibliyini bildiririr.
Ulu öndərin 1969-cu ilin 15 iyununda respublikaya gətirdiyi yeni ictimai-siyasi ab- havanın, qanunların aliliyinin təmin edilməsi sayəsində, həm də tamaşanın maraqlı obrazlarından olan, vicdanını sonadək itirməmiş Əngəl Əvəzin bir cani kimi törətdiyi cinayəti - Nadir həkimi sifarişlə öldürməsini etiraf etdikdən sonra Aqil həbsdən azad edilir. Bu, Heydər Əliyevin ədalətə, insanlığa, obyektivliyə çağırışının Aqil kimilərin timsalında olan təntənəsi idi.
Lakin çox təəssüf ki, azadlığa qovuşduqdan sonra sevgilisinə qovuşmağa da böyük ümid bəsləyən Aqilin bu müqəddəs arzusu baş tutmur - həyatda aldadıldığını başa düşən, çox sevdiyi Aqilə sonacan vəfalı olmadığını özünə bağışlamayan Gülcan zəhər içərək intihar edir. Bütün tamaşa boyu onun üstündə bir ata tək yarpaq kimi əsən Şəfi kişi (xəstəxananın təsərrüfat müdirinin bu rolunu Nəsibxan Əliyev obraza ehtiram doğuran səviyyədə çox gözəl oynayır) Cülcanı xilas etməyə çatmır və elə həmin məqamda sevinclə sevgilisinin görüşünə gələn, ancaq onu ölmüş vəziyyətdə görən Aqillə və... tamaşaçılarla birgə göz yaşlarına qərq olur...


Tamaşanın quruluşçu rejissoru, yazıçı-dramaturq, respublikanın Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu tamaşa haqqında danışaraq deyir:
- Aşıq Şəmşir yadigarı olan şair-yazıçı Qənbər Şəmşiroğlunun eyni adlı romanı əsasında hazırlanmış bu tamaşa üzərində şair-jurnalist Nəriman Ocaqlı və kollektivlə çox ciddi, məsuliyyətlə işləməli olduq. Çünki bu səhnə əsərində Azərbaycanda Ulu öndər Heydər Əliyev respublika rəhbərliyinə gələnə qədər və sonrakı ictimai-siyasi dövr əks edilir ki, bu da tamaşaçıya müqayisə aparmaq imkanı verir, dahi rəhbərin hakimiyyətə gəlişi ilə respublikada necə bir saf, gözəl mənəvi ab-hava yarandığını, o böyük şəxsiyyətin doğma xalqına nə qədər yaxın, qayğıkeş, yaradıcı-qurucu bir insan olduğunu, xalqın da daim ona güvəndiyini, rəğbət bəslədiyini obrazların dili ilə inandırıcı şəkildə göstərir. Məni bir rejissor kimi qane edən odur ki, aktyorlar öz rollarının öhdəsindən bacarıqla gələrək, səhnədə maraqlı bir aktyor ansamblı yarada biliblər. Belə ki, yalnız rol verilmiş aktyorlar deyil, həm də kütləvi səhnədə çıxış edənlər də əllərindən gələni ediblər ki, bu yeni səhnə əsəri maraqlı alınsın, tamaşaçılar tərəfindən sevilsin. Buna nail olunduğunu tamaşa zamanı əsas rolları ifa edən aktyorlarımızın dönə-dönə alqışlanması da sübut edir. Ancaq o da var ki, digər rolları oynayanların da səyləri kifayət qədər olmasaydı, yəqin ki, tamaşa heç də tam uğurlu alınmazdı. Məsələn, xüsusilə qeyd etmək istərdim ki, tamaşanın ilk səhnəsində "Azadlıq" meydanındakı mitinq fonunda müəllif obrazını Akif Mirabov (və Təvəkkül Əhmədov) ustalıqla yaratmışdır. Eyni zamanda həmin Təvəkkül Əhmədovun (eləcə də gənc aktyor Elvin Əkbərlinin) təqdim etdiyi Prokuror obrazı xaraktercə mənfi surət olsa da, aktyorun mükəmməl oyunu ilə tamaşaçıların yaddaşında qala bilir.
Ağalar müəllim Polis rəisi rolunu həvalə etdiyi gənc aktyor Turqut Məsimli, Çıraqlı rayon Məhkəməsi baş hakiminin obrazını yaradan Firuz Hacıyev (ondan fərqli olaraq həmin rolu tamaşaçıya bir qədər fərqli tərzdə çatdıran Elmira İbrahimova), Gülcanın ikinci dəfə, səhvən, uğursuz olaraq nişanlandığı əyyaş gitaraçı, narkoman Şərbət rolunun ifaçısı Amil Fərzəliyev də yaratdıqları surətləri tamaşaçılara xarakterik ştrixlərlə, məharətlə çatdıra biliblər. Və yaradıcı heyətin hər bir rola peşəkarcasına, sənətə böyük sevgi ilə yanaşması bütünlükdə tamaşanın uğurlu alınmasını təmin edib.
***
Faciəli sonluqla bitən, lakin ibrətamiz məqamları ilə yadda qalan "Caninin etirafı" tamaşası həm pyesin müəllifi, dramaturq Qənbər Şəmşiroğlunun, həm yaradıcı kollektivin, həm də rejissorun böyük sənət uğurudur.
O da diqqətəlayiqdir ki, quruluşçu rejissor tamaşada maraqlı tapıntılar, yeniliklər də edə bilib. Onun müasir kompüter texnologiyalarından yerli-yerində, məharətlə istifadə etməsi tamaşanın effektini daha da artırır. Ən əsası isə həm də odur ki, tamaşa həm Mingəçevir Dövlət Dram Teatrınının istedadlı rejissor Ağalar İdrisoğunun 70 illik yubileyinə, həm də rejissorun özünün özünə olan ən gözəl hədiyyəsi, yaradıcılıq töhfəsidir.
Pyesin müəllifi Qənbər Şəmşiroğlu başda olmaqla Teatrın kollektivini və Ağalar müəllimi uğurlu tamaşa münasibətilə ürəkdən təbrik edirik!

Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.

FOTO-müxbir: Mahir Əhmədov
VİDEO-müxbir: Məhərrəm Abbasov


Tamaşanın quruluşçu rejissorunun həyat və yaradıcılığından bəzi məqamlar:

Yazıçı, dramaturq, jurnalist Ağalar İdrisoğlu Azərbaycan Teatr Xadimləri İttifaqının, Respublika Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Əməkdar incəsənət xadimidir.
O, 16 mart 1950-ci ildə Masallı rayonunun Digah kəndində dünyaya gəlib. 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru vəzifələrində çalışıb. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyətinin üzvü və Sumqayıt şöbəsinin sədri olub. Yazıçı-dramaturq və publisist kimi 6 romanın, 7 povestin, 15 pyesin, teatrlaşdırılmış tamaşalar üçün 20-dən çox ssenarinin, 150-dən artıq hekayənin, 1000-dən çox məqalə və publisist yazıların, oçerklərin, resenziyaların müəllifidir. O, “İnan mənə” pyesinə görə 1985-ci ildə SSRİ-nin 50-yə qədər dramaturqunun iştirak elədiyi müsabiqədə üç laureatdan biri olub. 45 ildir ki peşəkar teatr sənətində çalışır. 40-dan çox tamaşada rollar oynayıb, 125-dən çox səhnə əsərinə quruluş verib. İndiyədək müxtəlif mövzularda 15 kitabı nəşr edilib. Quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı" Osman Mirzəyev adına Respublika mükafatına və müəllifi olduğu "Şah İsmayıl" əsəri "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim olunmuş 34 pyesin arasında onun “Şah İsmayıl” pyesi ikinci dərəcəli mükafata layiq görülüb (birinci mükafat heç bir pyesə verilməyib). İstedadlı bir rejissor kimi səhnədə quruluş verdiyi 10-dan çox tamaşa Mədəniyyət Nazirliyinin və digər təşkilatların pul mükafatlarına layiq görülüb.
2013-cü ildə Ağalar İdrisoğluna yazıçı kimi Prezident mükafatı verilib. Həmin ilin iyun ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar İncəsənət xadimi" fəxri adına layiq görülüb.

*** 

 Tamaşada hər şey bu ardıcıllıqla yazılmalıdır!

Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
Mingəçevir Dövlət Dram Teatrı


Qənbər Şəmşiroğlu
Eyni adlı roman əsasında səhnələşdirənlər-
Nəriman Ocaqlı, Ağalar İdrisoğlu

C A N İ N İ N       E T İ R A F I
İki hissəli faciə- məhəbbət odası

Quruluşçu rejissor - Ağalar İdrisoğlu
Əməkdar incəsənət xadimi
Quruluşçu rəssam - Kəmalə Əsgərova
Bəstəkar - Eldar Babayev
Musiqi tərtibatçısı - Elnur Rəsulov
Plastik hərəkətlərin quruluşçusi - Eyvaz Əliyev
Pejissor assistenti - Məlahət Ağayeva

Rollarda iştirak eləyirlər:

Müəllif - Akif Mirabov
(Əməkdar artist)
Təvəkkül Əhmədov
Gülcan - Fəridə Məmmədova
Aqil - İlqar Rəhimov
Nadir - Qabil İbrahimli
Həcər - Ella Yaqubova
(Xalq artisti)
Əliş Tarixzadə - Paşa Salmanov
İbo - Aydın Quliyev
Gülçiçək - Könül Hacıyeva
Prokuror -Təvəkkül Əhmədov
Polis rəisi -Turqut Məsimli
Baş Hakim - Firuz Hacıyev
Hakimlər - Elmira İbrahimova
-Asim Məmmədov
Şərbət -Amil Fərzəliyev
Əngəl Əvəz - Şıxı Yaqubov
( Əməkdar artist)
-Akif Mirabov
(Əməkdar artist)
Şəfi kişi - Nəsibxan Əliyev
Hökumə Bəbirli - Afət Əliyeva
Polis serjantı -Ceyhun Əhmədov

Tamaşada epizodlarda və kütləvi səhnələrdə çıxış edirlər:
Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Asim Məmmədov, Elmira
İbrahimova, Ruhəngiz Abdullayeva, Ceyhun Əhmədov

Pyesdə hadisələr – 1988-1993-cü illərdə baş verir

***

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !