Doğurdanmı III Dünya savaşı başlayıb?! - Şərif Kərimli soruşur

Doğurdanmı III Dünya savaşı başlayıb?! Şərif Kərimli soruşur

 Doğurdanmı III Dünya savaşı başlayıb?!
Yeni savaş platforması – koronafaşizm

Əvvəlki dünya müharibələrindən fərqli olaraq, bu müharibədə Almaniyanın özü də təcavüzə məruz qalıb. II Dünya müharibəsində savaş tərəflərini birləşdirən bir ideoloji platforma (faşizm) vardısa, indi savaş tərəfi qlobal bir platforma ilə - koronafaşızm platforması ilə bütün planetə qarşı müharibəyə başlayıb.
Bu, təsadüfdürmü? Yoxsa bəzilərinin fərziyyə etdiyi kimi kontinental təxribatdır, konkret bir ölkənin dünya üzərində ağalıq iddiasıdır?
Əgər belədirsə, koronafaşizmin toxunmadığı ölkələrin, açmadığı qapıların qalmaması bu fikirlərin əsassız olduğunu göstərmirmi?
Son 20-30 ilin dünya siyasətinə fikir verdikdə III Dünya müharibəsinin qaçılmaz olduğunu görürdük. Soyuq müharibədən tutmuş kosmik sınaqlara qədər bütün savaş vasitələrindən istifadə edən dünyanın nəhəng dövlətləri artıq kəskin təhdidlərdən əməli fəaliyyətə keçmək ərəfəsində idi. İnsanların beyin nailiyyətlərini dünya ağalığı iddiasının reallaşdırılmasına yönəldən siyasətçilər Dünya savaş meydanının astanasında məqam gözləyirdilər. Lakin bu cəngə girmək onlara müyəssər olmadı.
Dünyada, bir az da konkretləşdirsək, planetimizdə heç nə özbaşına deyil. Bütün xalqların folklor nümunələrindən tutmuş, dini mövzulu yazılarında, ağız ədəbiyyatlarında, mifik əsatirlərdə günümüzədək yaşayan faktlar sübut edir ki, mövcud olduğumuz planet bizə əmanət verilib. Burada hamıya yaşamaq hüququ, irqindən, cinsindən, sosial-iqtisadi vəziyyətindən, sayından, vücudunun iriliyindən-xırdalığından asılı olmayaraq, hamıya bir imtiyaz verilib – əmanət qoyduğumuz bu gözəl planetdə mənalı yaşayın-yaradın, həyatdan həzz alın, bir-birinizi incitməyin, bir-birinizin həyatını kollamayın!
Lakin bu tapşırığa bəşər övladı əməl edə bildimi? Təbii ki, yox! Üzümünün şərabından, şirəsindən, mürəbbəsindən, bəhməzindən faydalanıb kef çəkən, ləzzət alan insan bu nemətləri ona bəxş edən həmin üzümün, vaxt gəldi ki, kökünü unutdu... Baxımsız qalan tənəyin günlərin birində suya həsrət qalan kökü susuzluqdan qurudu... Bütün nəşələr bu üzümlə birlikdə yox oldu!.. Budur həyatın başlanğıcı və sonu.
İnsan var ki, ömrünün sonuna bir gün qalmış da pisliyindən əl çəkmir - məmur öz işçisini işdən azad edir, yaxud əmək haqqını minimuma endirir ki, o, bezib getsin, yuxarıdakı qonşu aşağıdakının başına zir-zibil yağdırır, kiminsə uğurları kimisə əsəbiləşdirir, hegemon dövlətlər yenə də rəqib dövlətləri çörəklə sınağa çəkir, iqtisadi sanksiyaları davam etdirirlər və s. və i. a. Belə naqisliklərdən istənilən qədər danışmaq olar. Bu eqoizmdir, bu mənəmlik iddiasıdır, bu nəfskarlıqdır... Bütün müharibələr də məhz bu naqisliklərin ucbatından baş verir.
Qlobal müharibələrin baş vermə səbəbləri məlumdur, ancaq onların nəyin naminə milyonların fəlakətinə bais olması, bu savaşlardan nə qazanması... məlum deyil.
Bilmirəm, koronafaşizmin planetimizə gəlişini mən alqışlayım, yoxsa lənətləyim. Əlbəttə ki, minlərlə günahsız insanın ölümünə bais olması heç cür alqışlana bilməz. Lakin onun bu gəlişi ilə alqışlana biləcək ən böyük missiyası III Dünya savaşının qarşısını alması və bəşər övladını düşünməyə sövq etməsidir. Bütün dövlətlər bu gün sərhədlərini bağlayıb bu pandemiyanın ölkələrinə girişinə sədd çəkmək istəyirlər. Əlbəttə, buna qismən nail olmaq mümkündür. Bu, əslində koronafaşizmə qarşı bütün dünyanın səfərbər olması, bir koalisiya halında birləşməsidir.
Bu tədbirlərin nəticəsi insanların öz evlərindən bayıra çıxmasına, əyləncə yerlərinə, ictimai yerlərə getməsinə, kimlə gəldi öpüşməsinə qoyulan qadağalardır. Bax, mənə elə gəlir koronafaşizmin ən böyük alqışlara layiq olan missiyası da məhz budur! İllərdir övladları ilə dostcasına hal-əhval tutmayan, onların başını nəvazişlə sığallamayan, dərsləri ilə maraqlanmayan bir atanın, həyat yoldaşının üzünü nadir hallarda gecədən-gecəyə “görən” bir ərin, müxtəlif bahalı restoranlarda nahar edib anasının ləziz yeməklərindən həzz alaraq onu tərifləməyən bir oğulun... nəhayət ki, ailəsini başına yığıb bir masa arxasında oturması son illərin ən böyük ailə qazanclarındandır!
Hər hansı bir dövlət başçısının öz eqosunu kənara qoyub koronafaşızmin tüğyan etdiyi bir dövlətin rəhbərinə öz köməyini təklif etməsi virusun gətirdiyi qorxu, həyəcan hissi ilə yanaşı, onun insani hisslərinin də oyanışı deməkdir! Həqiqətən də yaşlı insanlara qayğı göstərmək, ata-anaların qulluğunda durmaq, uşaqları qorumaq... ailə münasibətlərinin ənənəvi dəyərlərinə qayıtmaq deməkdir! Bu, məmurun öz işçisinin taleyi ilə, səhhəti ilə, onun balalarının problemləri ilə maraqlanması üçün verilən bir möhlətdir! Bu, III Dünya savaşının qarşısını almaq üçün Dünyanı əmanət qoyub gedənlərin bizlərə verdiyi şansdır!
Bu, insanın nə üçün yaşamasını, özünü dərk etməsi üçün qazandığı zaman kəsiyidir! Bu, zülmkarların məzlumlarla barış anıdır! Bu, toxlarla acların çörək böldüyü gündür! Bu qlobal fəlakət insanlara sanki deyir: “Dayanın! Siz hara gedirsiniz? Siz nə edirsiniz? Siz başqasından heç nə ilə üstün deyilsiniz, siz ancaq illər boyu əyri-düz qazandığınız var-dövlətlə kimdənsə üstün ola bilərsiniz. İndi görürsünüz o da sizi xilas edə bilmir. Bəlkə məhşər günü deyilən elə budur?! Gedin oturun evdə, düşünün, daşının, hərdənbir gözünüzün qarşısına gətirdiyiniz əzizlərinizlə bir yerdə olun, milyonların taleyinin onlardan ayrı olmadığını dərk edin!”
Çox qəribə də olsa, ən dəhşətlisi, dünyanın iqtisadi mənzərəsinə baxanda hələ də bəziləri bu fəlakətdən iqtisadi səmərə götürmək barədə düşünür. Yaxud, itirdiyi iqtisadi mənfəətin dərdini çəkir. Doğurdanmı bu insanlara hələ də şok terapiyası təsir etməyib? Çoxlarımız hələ də fikirləşmək qabiliyyətindən məhrumuq. Bizə verilən bu düşüncə möhlətində nə üçün gələcək həyatımızda hansı dönüşləri etməmiz, həyatımızı necə dəyişməmiz, ətrafımızdakılarla münasibətlərimizi necə tənzimləməyimiz bizi rahatsız etməməlidir? Necə etməliyik ki, ətrafımızda bizə tabe olanlar deyil, bizə hörmət edənlər olsunlar? Necə etməliyik ki, gözümüz “yuxarıdakıların” ağzında qalmasın? Necə etməliyik ki, qulaqlarımız gözlərimizi aldatmasın? Necə etməliyik ki, öz eqolarımızın qurbanına çevrildiyimiz şəhvəti şeylərdən – puldan, qızıldan qurtula bilək?
Necə edək ki, iş yerlərimizi, mağazaları, hətta küçələri yuduğumuz dezinfeksiyaedici məhlullarla az da olsa beynimizi, nəfsimizi, təfəkkürümüzü də yuya bilək? Axı, bu cür yaşamaq olmaz! Əgər Dünyanın sahiblərinin verdiyi cəzadan dərs götürə bilmiriksə, onda biz hara gedirik? Biz kimdən qaçmaq istəyirik? Varla-dövlətlə kimdənsə yuxarıda dayanacağını güman edirsənsə, ey bədbəxt insan, öz eqondan yuxarıda dayana bilməyəcəksən! Haqqdan, ədalətdən qaçmaq istəyirsənsə, ey nadan, ölümdən qaça bilməyəcəksən! Haqq Allahın adıdır, əgər sən kiməsə haqsızlıq edibsənsə, deməli, Allahsızlıq edibsən, axirət günündə sən ondan deyil, Allahdan bağışlanmanı xahiş edəcəksən, o gün isə hamı üçün qaçılmazdır! Dünyanı özündən keçirməsən, dünyadan keçə bilməzsən, özünü dərk etməsən, dünyanı dərk edə bilməzsən!

Şərif Kərimli,
yazıçı-publisist

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !