Ət bazarında son durum: alıcı olmasa da, qiymətlər bahadır - REPORTAJ - +FOTO=5

Ət bazarında son durum: alıcı olmasa da, qiymətlər bahadır - REPORTAJ +FOTO=5

Azərbaycanda koronavirusa (COVİD-19) qarşı tədbirlər çərçivəsində kafe, restoranların, iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Eyni zamanda ölkədə toy və ehsanların verildiyi yas mərasimləri də bir müddətliyə qadağan edilib. Bütün bunlar ölkənin ət bazarına təsir edib.
Nəticədə ət bazarında müştərilər kəskin şəkildə azalıb. Ümumilikdə Dövlət Gömrük Komitəsinin də açıqlamasında qeyd edilib ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 14,147 mln ABŞ dolları dəyərində 7 886,80 ton ət idxal edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 254,1 ton (13,72%) azdır. 2020-ci ilin yanvar-fevral ayları ərzində ət idxalı Azərbaycanın ümumi idxalının 0,79%-ni təşkil edib.
Bəs, hazırda ət bazarlarında durum necədir?
Musavat.com-un əməkdaşı ət satılan yerlərdə olub. 8-ci kilometr bazarında ət satılan bölmədə olduğumuz zaman müşahidə etdik ki, bazarda alıcı bir o qədər də gözə dəymir.
Qəssablar və fermerlər piştaxtaların qarşısında dayanıb pul haqq-hesabı edirdilər. Piştaxtalardan asılan qoyun, quzu, donuz ətlərində qıtlıq görmədik. Qəssablarla söhbətimiz zamanı onlar bildirdilər ki, bayram ərəfəsi olsa da, alıcı əvvəlki kimi deyil. Lakin buna baxmayaraq, qiymətlərdə azalma yoxdur. Məsələ ilə bağlı söhbət etdiyimiz qəssablar bildirdirdilər ki, qoyun ətinin alıcısı az olduğu üçün əsasən quzu və mal ətinə üstünlük verirlər.
Kazım adlı qəssab söylədi ki, bazarda qiymətlərdə eniş yoxdur. Çünki mala verdiklərin yemin qiymətində bu il artım olub: "Hazırda təbii otun bağlaması (kip) 4 manat-4 manat 50 qəpiyə, yonca bağlaması 6, Aran və Qərb bölgəsində isə 6 manat 50 qəpik-7 manata satılır. Keçən il qiymətlər bundan təxminən 1 manat 50 qəpik ucuz idi. Hava ilə bağlı olaraq bu il otun göyərməsi də ləng gedir. Qışda yaz oldu, yaz isə qış kimi keçir. Bunlar da heyvandarlığa təsir edir. Biz fermerdən əti alıb, burada satırıq. fermer bizə mal ətinin kiloqramını 10 manata satır, biz də burada 11 manata, 11 manat 50 qəpiyə satırıq. Bəzi yerlərdə 12 manatdan aşağı vermirlər. Müştəri çox ət alan zaman hər kiloqramda 50 qəpik endirim də edirik. Bazarda 5-6 manata da ət var. Onlar nisbətən qoca malın ətidir. Bu ətlərin də öz alıcısı var".
Satıcılar bildirdilər ki, son zamanlar heyvan tapılmır: "3-6 aylıq quzu demək olar ki, yoxdur. Ona görə qiyməti 14-15 manatdır. 1 yaşdan yuxarı heyvanın əti isə 11-12 manatdır. Hansı fermeri dindirsən deyəcək ki, yem yoxdur. Ona görə də camaat gedib baha qiymətə yem alır. Hər il qışın axırında yem çatışmır. Ona görə də ətin özündə də qıtlıq olurdu. Bu il isə həm də alıcı yoxdur. İkitərəfli zərərdəyik".
Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır məqsədilə dövlət proqramı, eləcə də digər tədbirlər həyata keçirilir: "Onlardan biri də örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına sahəsində işlərin aparılmasıdır. Yaxın gələcəkdə heyvan mənşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək".
Əli Rais,
Musavat.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !