Bağanıs Ayrım faciəsindən 30 il keçir - -FOTO=7

Bağanıs Ayrım faciəsindən 30 il keçir -FOTO=7

Qazaxın Bağanıs Ayrım kəndi XX əsrin sonlarında dünyanın ən dəhşətli faciəsini yaşadı. Bu faciədən 30 il ötür. 1990-cı il martın 23-dən 24-ə keçən gecə kəndə 3 istiqamətdən daxil olan erməni silahlıları insanlara aman vermədən 7 dinc sakini diri-diri yandırıb, evləri talan ediblər. Bununla da Bağanıs Ayrım Qazax rayonunun ermənilər tərəfindən işğal edilmiş ilk kəndi kimi tarixə düşüb... Bağanıs Ayrım hərbi əhəmiyyətə malik coğrafi mövqeyə malik idi. İcevan rayonundan Noyamberyana gedən magistral avtomobil yolu Bağanıs Ayrımdan keçirdi. Bu yol həm də Ermənistanı Gürcüstanla birləşdirirdi. Ermənilər Bağanıs Ayrım kəndinə hücum zamanı kənd sakini Alməmməd Məhərrəmovu ot tayasının içərisinə atıb orada diri-diri yandırıblar. Həmin gecə, ümumilikdə, 7 sakinə olmazın işgəncələr verərək qətlə yetiriblər.
Bu dəhşətli hadisəni kənd sakini Həmayıl Məhərrəmova belə xatırlayır: “Həmin gün kəndə girən ermənilər qonşuluqdakı evləri, qaynımgilin və bizim evləri yandırdılar. Yoldaşım bizi çarpayının altında gizlətmişdi. Ermənilər evlərimizi yandıranda yoldaşımı avtomat silahla atəş açıb öldürdülər. Daha sonra həyətdəki ot tayasının içinə ataraq od vurub yandırdılar...”
Qazax şəhərində məskunlaşan digər kənd sakinləri ilə söhbət zamanı onlar da ermənilərin vəhşiliklərindən danışaraq, həmin dəhşətli gecədə yaşananları dilə gətirdilər. Doğma yurdlarından didərgin düşən bu insanlar ermənilərin kənd sakinlərinə törətdikləri soyqırımının ağrı-acılarının hələ də unudulmadıqlarını bildirdilər.
Ermənilərin törətdiyi soyqırımın qurbanı olan bağanıs ayrımlılar indi Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar. Onlar öz topraqlarının azad olunacağına, doğma evlərinə qayıdaraq orda məskunlaşacaqlarına inanırlar. Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordumuza güvənən kənd sakinləri öz ata-baba yurdlarına qayıdacaqları günün uzaqda olmadığına əmindirlər. AZƏRTAC

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !