Keyfiyyətli və bol məhsulun təməli, ilk növbədə, arıxanalara və arılara düzgün qulluq etməklə qoyulur - – Astaradan VİDEO+FOTO=6

Keyfiyyətli və bol məhsulun təməli, ilk növbədə, arıxanalara və arılara düzgün qulluq etməklə qoyulur – Astaradan VİDEO+FOTO=6

Kənd təsərrüfatının gəlirli sahələrindən olan arıçılıqda bu il yaz qayğıları bir qədər erkən başlayıb. Astaralı arıçılar bir neçə gündür arıxanalarda mövsümi qulluq işləri aparırlar.
Ölkəmizin ən böyük arıçılıq rayonu olan Astarada arıçılar yaz hazırlıq işləri görürlər. Qış çox sərt keçmədiyindən arıxanalarda demək olar, tələfat qeydə alınmayıb. Bu da o deməkdir ki, bu il arıçılar ötənilkinə nisbətən daha çox bal tədarük edəcəklər. Bunun üçün Astarada hər cür imkan var - əlverişli iqlim, füsunkar təbiət, meşələr, zəngin bitki örtüyü. Bircə qalır səylə işləmək. Rayonda arı ailələrinin sayı 28 mindən çoxdur. Həvəskar arıçılarla birlikdə 1500 arıçı var.
Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov bildirib ki, cənub bölgəsində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonları üzrə, ümumilikdə, 3 minə yaxı arıçı var. “Onlar təsərrüfatlarında 50 mindən çox arı ailəsi bəsləyirlər. Arıçılarımızın sevinirlər, çünki havalar əlverişli keçir. Bölgəmizdə bütün arıxanalarda məhsuldarlıq üçün yaxşı baza formalaşıb. Yəni, arı vaxtında oyanıb. Güman edirik ki, 2020-ci il arıçılar üçün uğurlu il kimi yadda qalacaq, məhsuldarlıq bol olacaq”.
Arıçılar deyirlər ki, keyfiyyətli və bol məhsulun təməli, ilk növbədə, arıxanalara və arılara düzgün qulluq etməklə qoyulur. Arı ailələri fevralın son həftəsindən başlayaraq xüsusi diqqət və qulluq tələb edir. Bu dövrdə əsas diqqət qışdan çıxmış zəif arı ailələrinin gücləndirilməsinə yönəldilir.
Belə arıçılardan biri də Yaşar Ağayevdir. “Təsərrüfatımda 200 arı ailəsi var. Hazırda hamısı salamatdır. Arıxanalarımda heç bir problem yoxdur. Havalar isindikcə arılar da yavaş-yavaş inkişaf edir. Ötən il məhsuldarlığımız yaxşı oldu, 3 ton məhsul götürdüm. Bu il ondan da çox olacağını gözləyirik”, - deyə o bildirib.
Digər arıçı Səmid Əzizov isə arı xəstəliklərinə xüsusi önəm verilməli olduğunu vurğulayır: “Arı yeşiklərində gənəyə, çürüməyə və digər xəstəliklərə qarşı vaxtında dərmanlar vermişik. Bizdə məhsul mövsümü əsasən may-iyun aylarında başlayır. Gördüyünüz kimi, hazırda arıların vəziyyəti çox yaxşıdır”.
Arı ailələri yeniləndikdən sonra həm dağ, həm də aran bölgəsinə köçürüləcək. Bu da bitki tərkibinə görə balın çeşidlənməsi baxımından əhəmiyyət kəsb edir. Balla yanaşı, arı südü, çiçək tozu, güləm də tədarük edən arıçılar satış sarıdan çətinliklərinin olmayacaqlarına əmindirlər. Çünki məhsullarının keyfiyyətinə güvənirlər. Ötən il Astarada orta hesabla hər arı ailəsindən 18-20 kiloqram bal götürülməklə, 500 tona yaxın məhsul tədarük edilib. Bu mövsüm ilk balın süzümü hava şəraitindən asılı olaraq mayın sonu, iyunun əvvəllərində aparılacaq.AZƏRTAC

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !