Tiflisdə Azərbaycan teatrının aktyorları işdən qovuldu -

Tiflisdə Azərbaycan teatrının aktyorları işdən qovuldu

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrında səs-küyə səbəb olan qalmaqallı vəziyyət yaranıb.
Teatr rəhbərliyi 8-i peşəkar aktyor olmaqla, 11 nəfəri işdən azad edib.
İşdən çıxarılanlar bu qərarı ədalətsiz adlandırıblar. Onların arasında uzun illər teatrda çalışanlar da var. Aktyorların sözlərinə görə, bu addımla Gürcüstandakı Azərbaycan mədəniyyətinə böyük zərbə vurulub.
Mədəniyyət ocağından aktyorların qovulması onların teatrın 2019-cu ildən bədii rəhbəri təyin olunan Turqay Vəlizadəni boykot etmələri ilə bağlıdır. Belə ki, aktyorların böyük əksəriyyəti onun bu vəzifəyə təyinatını dəstəkləmədiyindən etiraz əlaməti olaraq teatrda fəaliyyətlərini dayandırıblar. Aktyor truppası T.Vəlizadəni qeyri-peşəkarlıqda və səriştəsizlikdə günahlandırıb.
Teatrdakı vəziyyət barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi də məlumatlı olub.
Gürcüstanın Azərbaycan icmasının nümayəndələri də teatrdan kütləvi işdən çıxarılmanı olduqca kəskin qınayıblar. İşdən qovulanlara dəstək ifadə edən əksər azərbaycanlı gənclər və ictimai fəallar T.Vəlizadənin dərhal istefa verməsini tələb edirlər. Onlar ədalətin tezliklə bərqərar olacağına ümid etdiklərini bildiriblər.
T.Vəlizadə hələ məsələyə münasibət bildirməyib. kult.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !