Moskva xaricdəki ermənilərin yarısını Ermənistana köçürməyi planlaşdırırdı -

Moskva xaricdəki ermənilərin yarısını Ermənistana köçürməyi planlaşdırırdı

İkinci Dünya müharibəsi başa çatdıqdan dərhal sonra 1945-1949-cu illərdə ermənilərin başladığı ideoloji hücum eyni bir vaxtda üç məqsəd güdürdü:
1) erməni xalqını “Daşnaksütyun” ideyalarına qəti inandırmaq, habelə istisna olmadan bütün ermənilərə təlqin etmək ki, yalnız “Daşnaksütyun” onların mənafelərini müdafiə etməyə qadirdir; 2) Hebbels təbliğatının “dəfələrlə təkrarlanmış yalan həqiqət olur” prinsipindən istifadə etməıdə, beynəlxalq ictimaiyyəti erməni iddialarının ədalətli olmasına inandırmaq; 3) vasitəli yolla sovet rəhbərliyinə təzyiq göstərmək, çünki məlum idi ki, öz xalqının ehtiyac və istəklərinə qarşı kar və kor olan Kreml ağaları onların barəsində “orada”, yəni xaricdə nə deyəcəklərinə dərhal reaksiya verirdilər. Bunu bilən ermənilər dəqiq hesablamışdılar ki, onların qaldırdığı hay-küy Kreml rəhbərliyinin rəyinə bu və ya digər dərəcədə təsir göstərə bilər.
Daşnaklar daha bir məsələyə: İlk növbədə antidaşnak və kommunist ideyalarının təsirini zərərsizləşdirməklə öz ideyalarını bütün ermənilər üçün yeganə və hakim ideologiyaya çevirmək məsələsinə xüsusi əhəmiyyət verirdilər. Demək lazımdır ki, həmin illərin sovet əks-təbliğatı daşnaklara qarşı fəal çıxış edərək, onları vətən xainləri kimi təqdim edirdi. Xaricdə kommunist təmayüllü elementlər daşnak diasporu “ocaqlarında” “Daşnaksütyun”a qarşı güclü təbliğat aparırdılar. Artıq elan edilmiş repatriasiya ərəfəsində bu təbliğat daha da gücləndirilmişdi. Erməni mühacirlərini kütləvi surətdə SSRİ ərazisinə buraxan sovet rəhbərliyi, təbii ki, onların antisovet əhval-ruhiyyəsində deyil, mövcud quruluşa və onun ideologiyasına sədaqətli, ya heç olmasa, loyal olmalarını istərdi. Çünki daşnak ideologiyası ilə zəhərlənənlərə heç bir quruluş, heç bir hakimiyyət bel bağlaya bilməzdi, onların xəyanətkar xisləti bütün dünyaya bəlli idi.
Repatriasiya ərəfəsində sovet təmayüllü təbliğat və daşnak təbliğatı məhz bu sahədə kəllə-kəlləyə gəldilər. Daşnakların XIV konqresinin bəyannaməsində bütün bu məqamlar kifayət qədər dəqiq əks olunmuşdur. “Xaric” bölməsində daşnak təbliğatı məsələlərinə böyük əhəmiyyət verilmişdir.
O cümlədən qeyd edilmişdir ki, erməni koloniyalarında kommunist fəaliyyəti nəticəsində, nəyin bahasına olursa-olsun koloniyalarda rəhbərliyi ələ keçirməyə çalışan “mütərəqqi” cəbhə, yaxud “milli şuralar” adlı orqanların nəzarəti altında olan yeni bir vəziyyət yaranmışdır” (ARDSPİHA, f. 1, siy. 221, iş. 78, vər. 23).
Narahatlıqla qeyd olunur ki, “elə həmin o elementlər repatriasiyadan, habelə Vətən adından və vətənpərvərlik hisslərindən sui-istifadə edərək koloniyalardakı təşkilatlara pozğunluq və təfriqə salmağa çalışırlar”. Daha sonra deyilir ki, “Kommunist təşkilatına sədaqətli olan orqanlar erməni məsələsinin tam sahibi olmağa və “Daşnaksütyun”u onun təşkilatından, ruhundan və milli fəaliyyətindən təcrid etməyə can atırlar” və “Kommunist dünyagörüşü və onun pozucu fəaliyyəti, hətta yeni nəslin tərbiyəsi işindəki erməni mədəniyyəti üçün təhlükəyə çevrilmişdir”. (Yenə orada, v. 24).
Yad edilən “Kommunist təşkilatına sədaqətli olan orqanlar”, habelə “mütərəqqi cəbhələr” və “milli şuralar”, heç şübhəsiz ki, repiatriasiya ərəfəsi dövründə erməni diasporu daxilində yaranan və qeyri-daşnak məsləkli erməni vətənpərvərliyinə etiqad edən müxtəlif təşkilatlardır. Bu təşkilatların bir hissəsinə xaricdəki sovet kəşfiyyatı tərəfindən bu və ya digər dərəcədə nəzarət edilirdi. Onlar vətənə qayıdan ermənilərdə belə bir inam yaratmaq istəyirdilər ki, Ermənistan- çiçəklənən sovet respublikasıdır və hər bir həqiqi erməni vətənpərvəri onun inkişafına öz payını verməlidir, özü də bunu xaricdə, diasporun üzvü qismində deyil, məhz erməni torpağında, Ermənistan vətəndaşı kimi etməlidir.
Daşnakların XIV konqresinin qətnaməsindən götürülmüş yuxarıdakı sitatda dəqiq qeyd olunmuşdur ki, belə təbliğatın gedişində sovet təmayüllü elementlər “Vətən adından və vətənpərvərlik hisslərindən sui-istifadə edirdilər”. Bəs nə üçün Kreml rəhbərliyi və onun siyasətini həyata keçirənlər DTK və xarici kəşfiyyat orqanları ermənilərin repatriasiyasını stimullaşdırmağa çalışırdılar? Bizim fikrimizcə, başlıca səbəblər bunlar idi: 1) ermənilərin kütləvi surətdə qədim Azərbaycan torpaqlarında yerləşdirilməsi Azərbaycanın Zaqafqaziyadakı mövqeyini zəiflədirdi, bu isə antiislam təmayüllü sovet imperiya siyasətinin ümumi məqsədlərinə müvafiq idi; 2) Türkiyəyə qarşı diplomatik təzyiqin kontekstində bu cür addım Zaqafqaziyadakı sovet təcavüzkar planlarının “ciddiliyinə” dəlalət etməli idi; 3) bütün dünyanın gözü qarşısında ermənilərin kütləvi surətdə vətənə qayıtması Stalin milli siyasətinin “müdrikliyini” nümayiş etdirməli və sovet xalqının ikinci Dünya müharibəsindəki tarixi qələbəsinin ümumi təsirini daha da gücləndirməli idi; 4) ermənilərin, əsasən varlı təbəqə nümayəndələrinin öz kapitalları ilə birgə kütləvi surətdə vətənə qayıtması konkret iqtisadi mənfəət vəd edirdi.
Biz bir qədər əvvələ nəzər salsaq, bu təbliğat müharibəsində DTK, xarici kəşfiyyat, habelə kütləvi informasiya vasitələri simasında sovet orqanlarının məğlubiyyətə uğradığının şahidi olarıq. Çünki “Daşnaksütyun” olduqca təcrübəli və səriştəli rəqib idi, üstəlik də erməni diasporu daşnak ideyaları ilə kifayət qədər zəhərlənmişdi, sovet təbliğatı bir çox cəhətləriylə onun beyninə batmırdı. Nəticədə daşnakların hazırladığı ssenari həyata keçirilmiş oldu: repatriantların əsas kütləsini daşnak meyilli elementlər təşkil edirdi, onlar üzdə Sovet hakimiyyətinə loyal olduqlarını bildirsələr də, əslində vətənə, orada da “erməni məsələsi” naminə işi davam etdirmək məqsədilə qayıdırdılar.
Z.M.Bünyadov bu barədə belə yazırdı: “Budur, 1948-ci il gəldi. Kiminsə çox hiyləgər planına əsasən xaricdən minlərlə erməni miqrasiya etməyə başladı, özü də əsasən Ayrikyan, Manuçaryan, yaxud “Daşnaksütyun” MK üzvünün qızı Silva Kaputikyan tipli daşnak kütləsi köçüb gəlirdi”.
Araşdırdığımız dövrə qayıdaraq qeyd edək ki, “Daşnaksütyun”un bu təbliğat müharibəsindəki qələbəsi öz-özünə olmamışdı, bu, daşnak partiyasının təşkil etdiyi və həyata keçirdiyi planlı, məqsədyönlü, kütləvi təşviqat işinin qanunauyğun nəticəsi idi. Bu geniş təşviqat fəaliyyətinin əsas prinsipləri “Daşnaksütyun”un XIV qurultayı direktivlərinin artıq nəzərdən keçirdiyimiz sənədlərində əks olunmuşdur. O cümlədən “Xaric” bölməsində qeyd edilirdi: “Müxtəlif “cəbhələrin” və “milli şuralar”ın pozucu tədbirlərinə qarşı mübarizə aparmaqla milli-eparxial təşkilatlarında mövqelərimizi qorumalı və gücləndirməli. Fəal və sağlam elementlərlə əməkdaşlıq etməli, milli orqanları, habelə kilsəni və ruhaniliyi maskalanmış kommunist təşkilatlarının təsirindən qorumalı, birincilərin qanuni və saf milli-mədəni fəaliyyətini təmin etməli”.
Erməni təbliğat kampaniyasının gedişində söylənilən ayrı-ayrı fikirlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi üzrə daşnakları sovet təbliğatı ruhunda ittiham edib “imperializmin nökələri” adlandırsalar da, əslində onlarla eyni yöndə düşünürdülər. O dövrdə xaricdəki daşnak şərhçilərindən biri yazırdı: “Ermənistan kommunistləri bizimlə eyni dərəcədə ölkənin ağır taleyi üçün narahat olurlar (bu, əlbəttə, ayrı-ayrı ağlı gödək şəxslərə aid deyil). Hətta onlar xaricdəki ermənilərdən də çox həyəcan keçirirlər. Doğrusunu bilmək istəyirsinizsə, onlar daha çox qurban verirlər.
Lakin erməni millətçiləri başladıqları təbliğat kampaniyasının gedişində başlıca diqqəti Ermənistanın ərazi iddialarına yönəltmişdilər. Bu da aydındır: erməniləri əhatə edən bütün qonşu torpaqlarının guya əslində ermənilərin “dədə-baba” torpağı olduğu barədəki tezisi az-çox ağlabatan şəkildə əsaslandırmaq onlara hava, su kimi lazım idi.
Onların dediyinə görə, Ermənistana əlavə ərazilər verilmədiyi halda repatriasiyanın həyata keçirilməsi də qeyri-mümkündür. Bir görün, yuxarıda yad etdiyimiz şərhçi bu barədə nə yazır: “Sizdən soruşuram: hansı erməni kommunisti razı olar ki, Qarabağın və Gəncənin ermənilər yaşadığı dağlıq hissələri Azərbaycanın tərkibinə daxil olsun?.. Bugünkü Ermənistan xəritəsinə bir diqqət yetirib baxm: Nax. diyarının (Naxçıvan MSSR-B.N.) Azərbaycanla hər hansı bir coğrafi bağlılığı varmı?”.
Ucdantutma bütün qonşulara ərazi iddiaları sürmək kimi daşnak ənənəsinə sadiq qalan cızmaqaraçı öz sözünə belə davam edir: “Əlbəttə, bu işdə, soyğunçuluqda Gürcüstana da pay çatmışdı. O da öz növbəsində Axalkalaki (Cavaxi) və Borçalını17 – ermənilərin sayca gürcülərdən bir neçə dəfə çox olduğu rayonları zəbt etmişdi. Biz başa düşürük ki, Türkiyədən ermənilərə məxsus torpaqları geri almaq bir sıra çətinliklərlə bağlıdır, lakin bəs sırf daxili məsələ olan torpaqlar barədə nə üçün sərəncam vermək istəmirlər?”
“Nə üçün sərəncam vermək istəmirlər?” ritorik sualı heç şübhəsiz ki, öz vətəndaşlarının ehtiyaclarından daha çox, bu və ya digər məsələyə Qərbin reaksiyasından narahat olan Kreml rəhbərliyinə ünvanlanmışdı. Məqalə müəllifi öz hədyanlarını belə bir patetik sonluqla bitirir: “Ermənistan türklərin işğal etdikləri torpaqları, habelə Azərbaycana və Gürcüstana hədiyyə verilmiş torpaqları özünə qaytarmalıdır. Erməni kommunistlərinin bunu istəmədiyini söyləmək düzgün olmazdı. İstəyirlər, lakin bacarmırlar. Yenə təkrar edirik ki, bu bizim üçün nə qədər ədalətsiz göründüyü qədər erməni kommunistləri üçün də bir o qədər ədalətsizdir.
Bizim kimi onlar da buna rüsvayçılıq və ədalətsizlik kimi baxırlar. Aramızdakı fərq yalnız bundan ibarətdir ki, biz bu ədalətsizlik və məkrliliyin əleyhinə yaza, danışa və etiraz edə bilirik, onlar isə susmağa məcburdurlar…”. Burada kommunist Ermənistanının hakim dairələrinin həmin illərdəki gizli istəkləri və mövqeyi mahiyyət etibarilə çox düzgün göstərilmişdir. Ermənistan rəhbərliyinin bütün nümayəndələri zahirdə sovet ideologiyası və şüarları ilə pərdələnsələr də, qəlblərinin dərinliyində daşnak idilər, daşnak prinsiplərinə tapınmışdılar və onlar üçün “erməni məsələsi” kommunist ideologiyası və beynəlmiləlçilik prinsiplərindən qat-qat əziz və doğma idi. Məhz buna görə repatriasiya məsələsində və bununla əlaqədar azərbaycanlı əhalinin Ermənistandan köçürülməsi məsələsində Ermənistan MK-sı, respublika rəhbərliyi xarici erməni diasporu ilə birgə hərəkət edirdi ki, elə bu həmrəylik də son nəticədə onlara uğur gətirdi.
Daşnakların “repatriasiya” adı altında nəyi başa düşdüklərini digər xarici daşnak şərhçilərinin məqaləsindən bilmək olar: “Hansı erməni istəməz ki, Ermənistanda bir milyon əvəzinə öz torpağına yığılmış 3-4 milyon xalis erməni olsun… Kütləvi emiqrasiyanı yalnız o vaxt həyata keçirmək mümkün olar ki, onun tarixi torpaqları, təəssüf ki, hələlik işğalçıların əlində, yaxud qonşu respublikalarda olan torpaqları erməni xalqına qaytarılsın. Məgər daşnaklar istəmirlərmi ki, onların bir neçə yüz min həmyerlisi-Yerevanın göstərdiyinə görə 400000 erməni yad ölkələrdən öz vətəninə qayıtsın, yalnız öz miniatür sərhədləri hüdudlarında deyil, həm də bu hüdudlardan kənarda, ayrı-ayrı rayonlarda məskunlaşsınlar? Müharibədən sonra bizim sərhədlərimizə, ələlxüsus Ermənistanın müqəddəs daxili sərhədləri (SSRİ-nin daxili sərhədləri nəzərdə tutulur) xeyrinə bircə qarış torpaq belə artırılmayıb. Moskva xaricdəki ermənilərin yarısını Ermənistana köçürməyi planlaşdırıb, ancaq bu, kağız üzərində qalmaqdadır. Axı Qarabağ, Gəncə, Axalkalaki və Naxçıvan öz əsl sahiblərinə qaytarılmadığı halda, o qədər əhalini harada yerləşdirmək olar.
O dövrdə çıxan daşnak qəzetlərinin birindən götürdüyümüz bu uzun, lakin xarakterik sitat erməni millətçilərinin şüurunda repatriasiya məsələsinin Ermənistanın miniatür” sərhədlərini qonşuların hesabına genişləndirmək ideyası ilə necə sıx bağlı olduğunu əyani surətdə göstərir. Tanınmış daşnak publisisti Saak Ztçyanın “Naxçıvanın Ermənistan üçün əhəmiyyəti” başlıqlı fitnəkar məqaləsində deyilirdi: “Bu gün Sovet hökuməti 27 illik siyasi intriqalardan sonra, nəhayət ki, Türkiyə ilə münasibətlərini kəsib bu müqaviləni (1925-ci il müqaviləsi – B.N.) etibarsız elan etdiyi bir zamanda, əsasında Naxçıvanın Azərbaycana verildiyi sazişi19 də ləğv etmək və onu Ermənistana qaytarmaq vaxtı çatmışdır”.
B.Nəcəfov “Deportasiya – III hissə (Bakı, 2006)” kitabından 1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !