Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində xarici yardım amilli haqqında -

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində xarici yardım amilli haqqında

XX əsrin 80-ci illərinin sonlarında SSRİ-nin dərin iqtisadi, siyasi və ideoloji böhrana düçar olmasından və sovet dövlətinin başçısı M.S. Qorbaçovun volyuntarist və ayrı-seçkilik siyasətindən istifadə edən Ermənistan SSR rəhbərliyi və erməni millətçiləri Azərbaycan SSR-yə qarşı ərazi iddiaları irəli sürmüş, tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağı ələ keçirmək məqsədilə sovet konstitusiyasına və qanunlarına zidd addımlar atmış, nəticədə SSRİ məkanında ilk ərazi münaqişəsi yaranmışdı.
SSRİ-nin parçalanmasından sonra bu münaqişə daha da dərinləşərək Ermənistan və Azərbaycan arasında müharibəyə çevrilmişdir. Beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan erməni tərəfi terror, etnik təmizləmə və soyqırımı siyasətindən istifadə edərək yüz minlərlə azərbaycanlını qədim dövrlərdən məskunlaşdığı və hal-hazırda Ermənistan Respublikasının tərkibinə daxil olan ərazilərdən qovmuş, Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafında yerləşən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarını tam, Cəbrayıl, Ağdam və Füzuli rayonlarının isə əhəmiyyətli hissəsini işğal etmiş və nəticədə bu ərazilərin azərbaycanlı əhalisinin bir hissəsi öldürülmüş, əsir düşərək işgəncələrə məruz qalmış, digər hissəsi isə daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuşdur. Şübhəsiz ki, insan və iqtisadi potensial, dövlətçilik ənənələri və mədəniyyətin zənginliyi baxımından Azərbaycanla müqayisədə çox zəif olan Ermənistanın bu “uğurlarının” əldə olunmasında üçüncü tərəf, yəni Cənubi Qafqazda geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan bir vasitə kimi istifadə edən və ya erməni diaspor və terror təşkilatları ilə müəyyən əlaqələrə malik olan bəzi xarici dövlətlər, onların ərazisində fəaliyyət göstərən və anti-Azərbaycan mövqeyi ilə seçilən qüvvələr əsas rol oynamışdır. Məhz xarici himayədarların açıq və ya gizli yardımları nəticəsində Ermənistan, bir tərəfdən, işğalçılıq siyasətini getdikcə genişləndirmiş, digər tərəfdən isə, beynəlxalq hüquqa əsasən təcavüzkar dövlətə qarşı tətbiq edilməli olan cəza və sanksiyalardan kənarda qalmışdır.
Azərbaycanın coğrafi bölgələrindən olan Qarabağın dağlıq hissəsinə, yəni Dağlıq Qarabağa Ermənistan tərəfindən irəli sürülən iddialarının əsassız olduğu tarixi faktlarla sübut olunur. VIII əsrədək Qafqaz Albaniyasının sərhədləri daxilində yer alan bu ərazi qeyd olunan əsrdə Ərəb Xilafətinin, IX-XI əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş və bir-birini əvəz etmiş feodal dövlətlərinin, XII-XV əsrlərdə Azərbaycan Atabəyləri, Hülakilər, Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin, XVI-XVIII əsrin ortalarınadək Səfəvilər dövlətinin tərkibində olmuşdur. Cavanşirlər nəslindən olan Pənahəli xan tərəfindən XVIII əsrin ortalarında müstəqil Qarabağ xanlığı yaradılmış və XIX əsrin əvvəllərində bu xanlıq Rusiya imperiyası tərəfindən işğal edilmişdir.
1918-ci il may ayının 28-dən 1920-сi il aprel ayının 28-nə qədər Dağlıq Qarabağ Azərbaycan Demokratik Respublikasının (ADR) tərkib hissəsi olmuşdur. ABŞ tarixçisi T. Sveitoxovski bildirir ki, ADR coğrafi cəhətdən dörd hissədən – Bakı, Gəncə, Qarabağ və Zaqatala vilayətlərindən ibarət idi (1, 197).
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olundu və 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması haqqında qərar qəbul etdi (2, 152-153). Buna baxmayaraq, erməni separatçıları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün davamlı cəhdlər edirdilər. 1945-ci il noyabrın 28-də Ermənistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin sədri Q. Arutiniov sovet rəhbəri İ.V. Stalinə müraciət ünvanlayaraq, Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etmişdi, lakin Azərbaycan rəhbəri M.C.Bağırovun bu məsələdə sərt və ədalətli mövqeyi nəticəsində ermənilər məqsədlərinə nail ola bilməmişdilər (3, s. 37-38). 1960-cı ilin noyabr ayında, siyasi həyatı boyu mövqeyini tez-tez dəyişən və bu yolla uzun müddət sovet rəhbərliyində qalmağı bacaran A.Mikoyan Dağlıq Qarabağın Ermənistana verilməsi iddiasını yenidən irəli sürmüş, lakin SSRİ rəhbəri N.Xruşşov bu iddianı rədd etmiş və məsələnin həlli kimi Qarabağ ermənilərini Ermənistana köçürməyi təklif etmişdi. Ermənilər Azərbaycana qarşı əsassız ərazi iddialarını 1972-ci ildə yenidən Kreml qarşısında qaldırsalar da, Kommunist partiyasının baş katibi L.Brejnev və ideoloqu M.Suslov onların sənədlərini müzakirəyə çıxarmadan geriyə Yerevana qaytarmışdılar (4, s. 97).
M.Qorbaçovun “yenidənqurması” zamanı ermənilər Azərbaycana qarşı ərazi iddialarını yenidən irəli sürdülər. Bu mərhələdə onların fəaliyyət planına, 1982-ci ildən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasına nail olmaq daxil idi və 1987-ci ildə onun guya səhhəti ilə bağlı işdən uzaqlaşdırılmasında erməni əlinin də olduğu şübhə doğurmur. 1990-cı ildə Ermənistan Kommunist Partiyasının rəhbəri K. Dəmirçiyan açıq şəkildə bildirmişdi ki, “Bizim ən əsas nailiyyətimiz – Əliyevin Qarabağ hərəkatının başlanmasına qədər kənarlaşdırılması idi. Bu, çox vacib idi” (5, 27-28).
Erməni separatçıları, onların Kremldəki və xarici ölkələrdəki himayədarları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün geniş təbliğat işi aparırdılar. M.S. Qorbaçovun iqtisadiyyat üzrə müşaviri A.Aqanbeqyan 1987-ci il noyabrın 16-da Parisin “İnterkontinental” mehmanxanasında bir qrup fransalı erməni ilə görüşü zamanı Qarabağın Ermənistana verilməsinə tərəfdar olduğunu bildirmiş və bəyan etmişdi ki, “Bununla əlaqədar mən bir təklif irəli sürmüşəm. Ümid edirəm ki, bu problem yenidənqurma və demokratiya şəraitində öz həllini tapacaqdır” (5, s. 30).
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyasında Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət qəbul edildi, bundan bir gün sonra, fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Dağlıq Qarabağa aid qəbul etdiyi qərarda isə bu müraciətin konstitusiyaya zidd olduğu bildirildi (6, s. 190-191). Buna baxmayaraq, 1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Soveti Azərbaycanın daxili işlərinə qarışaraq DQMV-nin Ermənistanın tərkibinə qatılmasına razılıq verdi. Öz növbəsində Azərbaycan SSR Ali Soveti iyunun 17-də qəbul etdiyi qərarda DQMV-nin Ermənistana verilməsi tələblərinin qeyri-qanuni olduğunu bəyan etmişdi. İyunun 21-də DQMV Xalq Deputatları Soveti Dağlıq Qarabağın Ermənistana verilməsi xahişi ilə SSRİ Ali Sovetinə müraciət ünvanladı, iyulun 12-də isə DQMV-nin Azərbaycanın tərkibindən çıxması barədə qeyri-qanuni qərar qəbul etdi (7, s. 262-263). M.S. Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyi isə ermənilərin qanunazidd hərəkətlərinin qarşısını almaq əvəzinə, müxtəlif manevrlər edərək Dağlıq Qarabağın tədricən Azərbaycandan qopardılması siyasətini həyata keçirirdi. 1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin “Azərbaycan SSR-in DQMVnin xüsusi idarəçilik formasının tətbiqi haqqında” qəbul etdiyi qərar (8) bu siyasətin tərkib hissəsi idi. Qərara uyğun olaraq, Dağlıq Qarabağ Azərbaycanın tabeçiliyindən çıxarılmış, A.Volskinin rəhbərlik etdiyi və Moskvaya tabe olan Xüsusi İdarə Komitəsinin idarəçiliyinə verilmişdi. Xüsusi İdarə Komitəsinin fəaliyyəti Dağlıq Qarabağın Ermənistanla əlaqələrinin intensivləşməsinə, regionda separatizmin genişlənməsinə şərait yaradırdı. Məsələn, Komitənin üzvü V.M. Mişin etiraf edirdi: “…mən Qarabağ hərəkatının məqsədlərinə anlayışla və hörmətlə yanaşıram… Ermənistanla sıx əlaqələrin yaradılması bizim üçün prinsipal məsələdir” (9).
Xüsusi İdarə Komitəsinin birtərəfli fəaliyyəti Azərbaycanda ciddi narazılıq doğurmuş və 1989-cu il sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti tərəfindən “Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya Qanununun qəbul edilməsi ilə nəticələnmişdi (7, s. 273). 1989-cu il noyabrın 28-də SSRİ Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin normallaşdırılması tədbirləri haqqında” qərar qəbul etdi (10). Bu qərara uyğun olaraq, Xüsusi İdarə Komitəsi ləğv edildi, Dağlıq Qarabağ Azərbaycanın idarəçiliyinə qaytarıldı, Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusunu genişləndirmək, millətlərarası münasibətləri yaxşılaşdırmaq üçün hüquqi addımlar atmaq məsləhət görüldü. Buna baxmayaraq, Ermənistanın separatçılıq fəaliyyətinin qarşısını almaq istiqamətində Azərbaycana heç bir əməli yardım göstərilmədi. Kremlin fəaliyyətsizliyindən istifadə edən Ermənistan SSR Ali Soveti 1989- cu il dekabrın 1-də “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” və “DQMV-da vəziyyətin normallaşdırılması sahəsində tədbirlər haqqında SSRİ Ali Sovetinin qərarı barədə”, 1990-cı il yanvarın 9-daisə “DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” qərarlar qəbul etdi. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin qəbul etdiyi qərarda Ermənistan SSR Ali Sovetinin qərarlarının SSRİ Konstitusiyasına zidd olması, Azərbaycanın suverenliyini pozması və onun ərazisində tətbiqinin mümkünsüzlüyü vurğulanmış, Ermənistandan öz qərarlarını SSRİ Konstitusiyasına uyğunlaşdırmaq tələb olunmuşdu (11). SSRİ Ali Sovetinin Dağlıq Qarabağ ilə bağlı qəbul etdiyi digər qərarlar kimi, bu qərar da kağız üzərində qaldı, onu yerinə yetirməkdən imtina edən Ermənistana münasibətdə heç bir tədbir görülmədi. Bunun əksinə olaraq, Azərbaycana qarşı təxribat xarakterli addımlar atılır, məkrli planlar hazırlanırdı. 1990-cı il yanvarın 13-də Bakıda törədilən erməni talanları belə təxribatlardan biri idi. Bu zaman SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin Bakıda dislokasiya olunmuş silahlı qüvvələrinin fəaliyyətsizliyi, onlara milli münaqişəyə qarışmamaq əmrinin verilməsi (12, s. 213) qeyd olunan hadisənin Azərbaycana qarşı bir təxribat olduğunu sübut edir. Yanvarın 19-dan 20-nə keçən gecə isə, M.S.Qorbaçovun əmri ilə Azərbaycanın paytaxtına və bir neçə rayonuna sovet qoşunları yeridildi, yüzlərlə dinc insan öldürüldü və yaralandı. SSRİ rəhbərliyi bu faciəni yanvarın 13-də Bakıda baş verən hadisələrlə əlaqələndirsə də, Human Rights Watch təşkilatı bunun həmin tarixdən əvvəl planlaşdırıldığını qeyd etmişdir (13). Bu da, bir tərəfdən, erməni talanlarının Azərbaycana qarşı planlaşdırılmış bir təxribat olduğunu, digər tərəfdən isə, Kremlin kimi himayə etdiyini aydın şəkildə göstərir. Yanvar faciəsi Azərbaycan xalqının sovet rəhbərliyinə olan inamını tamamilə sarsıtdı, onun müstəqillik və azadlıq istəyinin daha da güclənməsinə səbəb oldu.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti 1920-ci ildə ADR-in süqutu ilə itirilən müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi. Sentyabrın 2-də isə DQMV və Şaumyan rayonunun Xalq Deputatları Sovetlərinin birgə iclasında “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan olundu (6, s. 198) və bu hadisənin Ermənistandan qaynaqlandığı şübhə doğurmur. Britaniyalı jurnalist və tədqiqatçı Tomas de Vaalın qeyd etdiyi kimi, “100 min nəfər sakini olan Dağlıq Qarabağın özünü “müstəqil” elan etməsi əslində Ermənistanın münaqişə iştirakçısı deyil, yalnız marağı olan müşahidəçi qismində çıxış etdiyini təsdiqləyən siyasi hiylə idi” (5, s. 189). 1988-ci ildən 1991-ci ilin sonlarına qədər olan müddətdə müasir Ermənistan ərazisindən azərbaycanlıların tamamilə qovulması, Dağlıq Qarabağda azərbaycanlılara qarşı zor və işgəncə siyasətinin həyata keçirilməsində Ermənistan sakinlərinin iştirak etməsi münaqişənin əsas təşəbbüskarı və iştirakçısının məhz bu respublika olduğuna şübhə yeri qoymur.
SSRİ-nin süqutundan sonra münaqişə Ermənistan və Azərbaycan arasında müharibəyə çevrilmiş, birincinin işğalçılıq siyasəti genişlənmiş, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə altı yüz nəfərdən çox dinc azərbaycanlının qəddarlıqla öldürülməsi ilə nəticələnən Xocalı soyqrımı törədilmiş, 1993-cü ilin sonlarına qədər Azərbaycan ərazisinin 20 %-i Ermənistan tərəfindən işğal olunmuş, 1994-cü il mayın 12-də Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında Bişkek protokolu imzalanmış, sonrakı illərdə probleminhəlli istiqamətində müxtəlif formatlarda danışıqlar aparılsa da, təcavüzkar ölkənin öz adı ilə çağrılmaması, yəni Ermənistanın işğalçı ölkə olduğunun beynəlxalq birlik tərəfindən etiraf edilməməsi və tanınmaması səbəbindən bu danışıqlar nəticəsiz qurtarmışdır.
Ermənistanın işğalçılıq siyasətinin genişlənməsində, Kremlin anti-Azərbaycan mövqeyi ilə yanaşı, yuxarıda qeyd olunduğu kimi, xaricdən edilən siyasi, hərbi və psixoloji yardımlar da böyük rol oynamışdır və bu yardımların göstərilməsini müxtəlif aspektlərdən izah etmək olar. Erməni lobbisinin fəal olduğu ölkələrdə rəsmi və ya qeyri-rəsmi statusa malik bəzi qüvvəllər Dağlıq Qarabağ məsələsinin tarixinə və mahiyyətinə məhəl qoymadan Azərbaycanın əleyhinə çıxış etmiş və Ermənistanın müdafiəsinə qalxmışlar. Özlərinin geosiyasi və geoiqtisadimaraqlarından çıxış edən beynəlxalq və regional güclər, zəngin təbii resurslara və əlverişli çoğrafi mövqeyə malik olan Azərbaycan uğrunda mübarizədə bu respublikaya təzyiq göstərmək və ondan güzəştlər qoparmaq məqsədilə Dağlıq Qarabağ münaqişəsindən bir vasitə kimi istifadə etmiş, müxtəlif yollarla erməni separatizminə dəstək verərək, Ermənistan-Azərbaycan qarşıdurmasında birincinin üstünlüyünü təmin etmişlər. Qərb ölkələrində bəzi dairələr xristian təəssübkeşliyindən çıxış edərək münaqişəyə dini xarakter verməyə cəhd etmiş, mənsub olduqları ölkənin hakimiyyət orqanlarını və ümumilikdə xristian dünyasını xristian Ermənistanını müdafiə etməyə çağırmış, ermənilərə siyasi və dini-psixoloji dəstəklərini ifadə etmiş, müsəlman azərbaycanlılara münasibətdə isə nifrət hissi yaymağa çalışmışlar.
Ermənistan-Azərbaycan münaqişəsinin ilk illərində, hər iki respublika SSRİ-nin tərkibində olduğu dövrdə Ermənistan, erməni lobbisinin kifayət qədər fəal olduğu ABŞ-dən güclü siyasi-diplomatik və psixoloji dəstək almışdı. Şübhəsiz ki, SSRİ ərazisində etnik separatizmə, millətlərarası münaqişələrə stimul vermən ABŞ özünün əsas rəqibinin zəifləməsində və sonda parçalanmasında maraqlı idi.
1989-cu il iyulun 19-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsi “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq, Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın yardımı haqqında” adlı qətnamə qəbul etdi. Bu qətnamənin müəllifləri M.S. Qorbaçovu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı tələbləri ermənilərlə müzakirə etməyə çağırır, ermənilərə qarşı güc tətbiqi hallarının ən yüksək səviyyədə təhqiq olunması və günahkarların cəzalandırılması məsələsinin SSRİ-ABŞ ikitərəfli danışıqları zamanı qaldırılmasını tələb edirdilər (14, s. 127). Həqiqəti, hadisələrin mahiyyətini təhrif edən, haqlı və haqsızın yerini dəyişən ABŞ Senatının üzvləri 1988-ci ilin fevralından 1989-cu ilin əvvəllərinə qədər olan dövrdə 250 min nəfərdən çox azərbaycanlının müasir Ermənistan ərazisindəki daimiyaşayış yerlərindən qovulması, onların əmlakının mənimsənilməsi, bir hissəsinin döyülərək, yandırılaraq öldürülməsi kimi faktlara münasibət bildirməməklə, bir tərəfdən, azərbaycanlılara qarşı soyqrım, etnik təmizləmə siyasəti həyata keçirənErmənistanın yanında yer almış, bu siyasəti davam etdirmək üçün ona stimul vermiş, digər tərəfdən isə, SSRİ-də informasiya kanallarının Moskvanın tam nəzarəti altında fəaliyyət göstərdiyi bir şəraitdə həqiqətləri beynəlxalq aləmə çatdırmaq imkanları son dərəcə məhdud olan Azərbaycanın dünyada mənfi obrazını yaratmağa çalışmışlar. Qeyd olunan qətnamədə diqqəti cəlb edən digər məqam Dağlıq Qarabağ məsələsinin “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq” həllinə çağırışın olmasıdır. Bu məqam problemin Dağlıq Qarabağın erməni icmasından deyil, Ermənistan Respublikasından, onun Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarından qaynaqlandığını, yəni ermənilərin iddia etdikləri kimi, Dağlıq Qarabağın deyil, məhz Ermənistanın özünün münaqişə tərəfi olduğunu göstərir.
ABŞ Senatı 1989-cu il noyabrın 19-da qəbul etdiyi digər qətnamə ilə də özünün anti-Azərbaycan mövqeyini bir daha ortaya qoymuş, problemi Dağlıq Qarabağın erməni əhalisinin xeyrinə həll etməyi məqbul hesab etmişdir (14, s. 127-128).
1990-cı il yanvarın 18-də ABŞ Senatının bir qrup üzvü M.S. Qorbaçova məktub göndərərək Dağlıq Qarabağı Ermənistana birləşdirmək məsələsini yenidən qaldırmışdılar. Bundan bir gün əvvəl isə Avropa Parlamenti ermənilərin müdafiəsinə qalxmış, sovet hökuməti qarşısında erməniləri müdafiə etməyi, Ermənistana və Dağlıq Qarabağa təcili yardım göstərməyi Avropa strukturlarından tələb edən qətnamə qəbul etmişdi (14, s. 128). ABŞ-dən və Avropadan gələn səslərə Kremlin etiraz etdiyini, dərhal reaksiya vermədiyini söyləmək mümkün deyil. Başqa sözlə, hadisələrin inkişafı, yəni Avropa Parlamentinin qətnaməsi, ABŞ Senatı nümayəndələrinin M.S. Qorbaçova məktubu və nəhayət sonuncunun əmri ilə yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı və bir neçə rayonuna sovet qoşunlarının yeridilməsi və faciəli hadisələrin törədilməsi Azərbaycana qarşı beynəlxalq səviyyədə razılaşdırılmış bir planın olduğunu söyləməyə imkan verir. Yanvar faciəsi zamanı qərb mətbuatında birtərəfli, hadisələrin mahiyyətini təhrif edən, M.S. Qorbaçovun SSRİ konstitusiyasına və qanunlarına zidd olaraq Azərbaycana qoşun yeritməsinə haqq qazandıran, terror, etnik təmizləmə, hiylə və digər vasitələrdən istifadə etməklə Azərbaycan torpaqlarını ilhaq etməyə çalışan Ermənistan rəhbərliyinin və onların nəzarətində olan separatçıların, quldur dəstələrinin hərəkətlərini Dağlıq Qarabağ ermənilərinin milli-azadlıq hərəkatı kimi təqdim edən yazıların yer almasını da təsadüfi hesab etmək olmaz.
Dünyada milyonlarla oxucusu olan “Nyu-York tayms” (ABŞ) qəzetinin 1990-cı il yanvarın 19-da yaydığı məlumatda (15, s. 188- 189) azərbaycanlılar və ermənilər arasında toqquşmalar zamanı 50 nəfərdən çox insanın öldürüldüyü bildirilsə də, yanvar ayının 13-də Bakıda baş verən həmin toqquşmaların səbəbləri, günahkarları, sovet xüsusi xidmət orqanlarının bu hadisələrdə rolu və iştirakı, o zaman Azərbaycan paytaxtında dislokasiya olunmuş hərbi hissələrin proseslərə müdaxilə etməyərək, seyrçi qalması barədə heç bir şərh verilmir. “… Azərbaycanda vəziyyət o dərəcədə təhlükəli idi ki, … Qorbaçovun bu rayona qoşun yeritmək haqqında göstəriş verməkdən başqa çıxışı yox idi” yazan qəzet vəziyyətin gərginləşməsində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının oynadığı rola münasibət bildirmir, yanvarın 20-də Bakıda, sıralarında uşaq, qadın, qoca, şikəst olan yüzlərlə günahsız insanın qətliamının memarı olan M.S. Qorbaçova haqq qazandırır, bununla da baş verənlərin mahiyyəti haqqında məlumatsız olan dünya oxucusunda Azərbaycana münasibətdə mənfi fikir formalaşdırır.
“Nyu-York tayms” qəzetinin yanvarın 20-də yaydığı digər məlumatı (15, s. 189-190) təxribat xarakterli hesab etmək olar, çünki burada hadisələrə dini rəng verməyə cəhd edilir, rus millətçilərinin adından bildirilir ki, SSRİ-də müsəlman əhali sürətlə artır və təhlükəyə çevrilir. İnformasiya məkanına məqsədyönlü şəkildə ötürülən belə məlumatlardan sonra SSRİ-də və dünyada müsəlman azərbaycanlılara və xristian ermənilərə hansı münasibətin formalaşa biləcəyini proqnozlaşdırmaq çətin deyil.
Vatikanda nəşr olunan “Osservatore romano” qəzetinin 1990-cı ilin yanvarında Bakıya sovet qoşunlarının yeridilməsi ilə bağlı yaydığı məlumatlarda müşahidə olunan antimüsəlman ritorikası da erməni separatizminin genişlənməsinə şərait yaradan amillərdən idi. Məsələn, o zaman bu qəzetdə yer alan məlumatların birində qeyd olunurdu ki, “İslamın, bütün sovet Orta Asiyasında müsəlman əhalinin demoqrafik artımı ilə müşaiyət olunan dirçəlişi və kəskinləşən ciddi iqtisadi vəziyyət tez-tez “yoxsullar arasında müharibəyə” gətirir, qarşı duran xalqlarda millətçiliyin və dözümsüzlüyün kəskinləşməsinə səbəb olur. Dramatik hadisələrin qiymətləndirilməsinə məsuliyyət və diqqətlə yanaşmaq lazımdır. Uzun dövr ərzində (ən azı 20 il) ekspertlər proqnozlaşdırırdılar ki, “milli məsələ” sovet “federasiyasının” daxilində partlayacaq və müsəlman ənənələrinə riayət edən bütün əhalinin beşdə bir hissəsindən çoxunun yaşadığı Orta Asiya hissəsində xüsusi kəskinliklə üzə çıxacaq” (15, s. 190). Göründüyü kimi, “Osservatore romano” qəzeti SSRİ-də milli münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həqiqi səbəblərini diqqətdən kənarda saxlayaraq, onların meydana gəlməsini, əsassız olaraq, islam dini, müsəlman əhalinin demoqrafik inkişafı ilə bağlayır.
Qərb ölkələrinin anti-Azərbaycan mövqeyi o dərəcədə aydın hiss olunurdu ki, Türkiyənin NATO-daki nümayəndəsi bununla bağlı bəyanatla çıxış etmişdi. Bu bəyanatda qeyd olunurdu:
“1. Türkiyə NATO ölkələrindən Azərbaycandakı hadisələrə Sovet Pribaltikası respublikalarındakı “millətçi hərəkatlara” yetirdikləri diqqətin göstərilməsini və bununla da blokun “ikili standart” siyasəti yürütmədiyinin təsdiqləməsini gösləyir.
2.Qərb kütləvi informasiya vasitələri yalnız erməni tərəfinin fikirlərini əks etdirir. Türkiyəyə görə, Azərbaycan tərəfinin yanaşması da böyük əhəmiyyətə malikdir. Qərb yalnız birtərəfli məlumatlara əsaslanaraq düzgün nəticə çıxara bilməyəcək” (15, s. 193).
Qərb ölkələrinin ermənipərəst mövqeyi Türkiyənin o zamankı baş naziri Məsut Yılmazın diqqətindən də kənarda qalmamış və o, yanvarın 24-də etdiyi çıxışında problemin kökündə ərazi iddialarının durduğunu bəyan etmişdi: “…hadisələrin mənbəyi Ermənistanın Azərbaycan torpaqlarına iddiaları, həmçinin güc tətbiq edilməsi və onların həyata keçirilməsinə yönələn təxribatlardır (15, s. 194).
Yanvarın 24-də İranın “Comhuriye eslami” qəzetində yer alan redaksiya məqaləsində də Qərb ölkələrinin ədalətsiz mövqeyi tənqid olunmuşdur: “ABŞ bu şəhərdə güc nümayişini müdafiə edir. Bu o deməkdir ki, Qərb Moskvanı sovet müsəlmanlarını güc tətbiq etməklə əzmək yolu ilə getməyə təşviq edir. Kreml rəhbərliyi, bir qayda olaraq, bu dəstəyin əhəmiyyətini başa düşür və Qərbin, xüsusilə də ABŞ-nin çirkin məqsədlərini dərk edə bilər” (15, s. 196). Redaksiya məqaləsində Qərbin sovet rəhbərliyini sözün həqiqi mənasında müdafiə etmədiyinə, milli münaqişələr yaratmaq və bu yolla SSRİ-ni parçalamaq məqsədilə Moskvanı müsəlmanlara qarşı güc tətbiqinə təhrik etdiyinə eyham vurulur.
1992-ci ildə ABŞ Konqresi keçmiş sovet respublikalarında demokratiyanın, plüralizmin və bazar iqtisadiyyatının inkişafına yardım məqsədilə hazırladığı “Azadlığa yardım aktı”na, Azərbaycana federal yardım göstərilməsini qadağan edən 907- ci düzəlişi qəbul etdi. Azərbaycanın Ermənistanı blokadada saxlaması haqqında həqiqətdən uzaq iddialar əsasında meydana gələn bu düzəliş ABŞ-dəkı erməni lobbisinin Konqresdəki himayədarlarının təsiri altında qəbul edilmişdir. ABŞ-nin keçmiş müdafiə naziri R. Çeyni qeyd edirdi ki, “Məncə bu sarsaq siyasətdir. ABŞ-nin regiondakı maraqları nöqteyi nəzərindən bu mənasızdır. Bu maddə ABŞ-nin daxili siyasəti, yəni Konqres üzvlərinin öz seçiciləri ilə münasibətlərinin nəticəsində qəbul olunmuşdur” (23, s. 149). Şübhəsiz ki, Ermənistanda və Dağlıq Qarabağda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində bir milyon nəfər azərbaycanlının öz daimi yaşayış yerlərini tərk edərək, Azərbaycanın müxtəlif bölgələrində qaçqın və məcburi kövkün vəziyyətində, çadırlarda və ehtiyac içərisində yaşamağa məcbur olduğu bir şəraitdə belə bir sənədin qəbul edilməsi Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyildi.
Xarici hərbi yardımlar da Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına şərait yaradan əsas, demək olar ki, həlledici amillərdən olmuşdur. Müxtəlif dövrlərdə xaricdən Ermənistana qeyri-qanuni və gizli yollarla silahlar ötürülmüş, muzdlü döyüşçülər və hərbi məsləhətçilər göndərilmişdir.
Keçən əsrin 80-ci illərinin ortalarından başlayaraq Dağlıq Qarabağ ermənilərinin silahlandırılması prosesi həyata keçirilmişdir. “1986-cı ilin yayında daşnakların köməyi ilə Qarabağ erməniləri xaricdən yüngül atıcı silahların ilk partiyasını aldılar. Sonradan silah təminatını müntəzəm surətdə həyata keçirilməyə başladı, və “nədənsə Çexiyada istehsal edilmiş silahlar üstünlük təşkil edirdi.” Bu silahlar ilk öncə Dağlıq Qarabağa göndərilirdi. “Qarabağda bütün təşkilatlar silahlanmışdı. Bütün yerli komsomolçuların fərdi silahı var idi”” (5, s. 28). Dağlıq Qarabağın erməni əhalisinin qeyri-qanuni yollarla kütləvi şəkildə silahlandırılmasına göz yuman sovet hakimiyyət orqanları azərbaycanlı əhalinin qanuni yolla əldə etdiyi ov tüfənglərini belə müsadirə etmişdi, bu da azərbaycanlıların silahlı ermənilər qarşısında məqsədli şəkildə tərksilah edilməsi demək idi.
Ermənilərə hərbi yardım göstərən ölkələr sırasında Livan, Suriya və bəzi digər ərəb ölkələri də yer almışdı. Bu ölkələrdən Ermənistana, oradan isə Dağlıq Qarabağa silah-sursat ilə yanaşı, müharibə təcrübəsi olan muzdlular da göndərilirdi. Fransada nəşr olunan “Jurnal dü dimanş” qəzetinin 1990-cı il yanvarın 24-də yaydığı məlumata görə “Son həftələr ərzində Livandan Yerevana ağır silahlar, minaatanlar və avtomatlarla yüklənmiş təyyarələr gəlməkdə davam edirdi. Yüklərin boşaldılması gecə erməni gömrükçülərinin himayəsi altında həyata keçirilirdi. Sonuncular respublika xaricindən olunan istənilən nəzarətdən qurtulmuş və ən ekstremist düşüncəli ermənilərin tərəfində yer almışdılar. Artıq bir neçə gündür ki, hava limanının gömrük məntəqəsində heç bir rus xidmət etmir…
Bu dəstələrin başında Beyrut və Dəməşqdən gələn erməniləri tez-tez görmək olar. Onlardan bəziləri Livan terrorçularına və xristian silahlı qruplaşmalarına yaxındır. Küçə döyüşləri taktikasına yaxşı bələd olan yüzlərlə livanlı erməni buraya vizasız gəlmişlər. Onların bir hissəsi hələlik Yerevandadır, əksəriyyəti isə artıq Qorisin ətrafındakı və Xanların əks tərəfindəki sərhəd bölgələrinə yola düşmüşlər”. (15, s. 191-192). Qeyd olunanlar, şübhəsiz ki, müəyyən suallar doğurur: Silah dolu təyyarələr, vizasız livan erməniləri ciddi şəkildə qorunan sovet sərhəddini Moskvanın icazəsi olmadan keçə bilərdilərmi? Ermənistanda fəaliyyət göstərən gömrük orqanlarının Kremlin nəzarətindən çıxması, SSRİ məkanında rusların kollektiv şəkildə hər hansı dövlət orqanından uzaqlaşdırılması mümkün idimi? SSRİ ərazisinə xaricdən daxil olan və burada sərbəst hərəkət edən silahlı dəstələr sovet xüsusi xidmət orqanlarının nəzarətindən yayına bilərdilərmi? Bütün bu sualların bir cavabı var – xeyr. Onda belə bir nəticə hasil olur ki, bütün bunlar sovet rəhbərliyi ilə razılaşdırılmış şəkildə baş verirdi.
M.S. Qorbaçovun komandası ermənilərin qeyri-qanuni yollarla təkcə xaricdən deyil, ölkə daxilində silahlandırılmasına da şərait yaradırdı. Tomas de Vaal qeyd edir ki, “Silahların bir hissəsi 1991-ci ildə Qarabağda yerləşdirilmiş SSRİ daxili qoşunlarının dörd alayından götürülmüşdü. Dekabrın 22-də bir qrup erməni Stepanakertdəki daxili qoşunların kazarmasına soxulub, döyüş sursatı və zirehli texnika anbarını ələ keçirtdilər… ola bilsin ki, hücum məxfi sövdələşməni ört-basdır etmək üçün səhnələşdirilmişdi” (5, s. 195).
Sovet ordusunun 1985-ci ildə Dağlıq Qarabağda yerləşdirilən 366-cı moyoatıcı alayı ermənilərlə yaxından əməkdaşlıq edirdi. Alayın təxminən 350 nəfər əsgərindən 50 nəfəri erməni idi. İstər ağır, istərsə də yüngül silah əldə etmək üçün alayın zabitləri ilə asanlıqla sövdələşmək mümkün idi. Ermənilər zabitlərə araq və ya pul verərək bu hərbi hissənin texnikasından istifadə edirdilər. 1991-ci ilin iyulunda Yuri Nikolayeviç adlı zabit ABŞ-dan olan hüquq müdafiəçisi Skott Hortonu iş adamı hesab edərək, ona üç min dollara tank təklif etmişdi (5, s. 195).
SSRİ-nin süqutundan sonra Rusiya və Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq münasibətləri yaranmışdır. Prezident B. Yeltsinin rəhbərliyi altında fəaliyyət göstərən yüksək rütbəli rəsmi şəxslərin bir hissəsi də daxil olmaqla, Rusiyanın bəzi dairələri Ermənistanın silahlandırılmasında, onun hərbi potensialının qeyri-qanuni yollarla genişəndirilməsində əsas rol oynamışlar. 1992-ci il mart ayının əvvəllərinə qədər Dağlıq Qarabağda fəaliyyətini davam etdirən 366-cı alay Rusiya Federasiyası Silahlı Qüvvələrinin tərkibinə daxil idi. Qeyd olunan il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər məhz bu alayın yardımı ilə Azərbaycanın Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqrımı törətmişlər.
Rusiyalı hərbçilərin ermənilərin tərəfində azərbaycanlılara qarşı vuruşması Xocalı hadisələri ilə məhdudlaşmırdı. 1992-ci ildə Dağlıq Qarabağda ermənilərlə birlikdə iştirak edən bir qrup rus əsgəri azərbaycanlı hərbçilər tərəfindən əsir götürülmüşdü (20, s. 302).
Rusiya vətəndaşı, ehtiyatda olan general-mayor Anatoli Vladimiroviç Zineviç keçən əsrin 90-cı illərində Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni hərbi birləşmələrinə rəhbərlik etmiş və onun fəaliyyəti Rusiya kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır (19, v. 18). Bu fakt Azərbaycan torpaqlarının işğalı prosesində Rusiyanın ali rütbəli hərbçilərinin iştirak etdiyini sübut edir.
Ermənilərlə birlikdə rus kazaklarının nümayəndələrinin də Azərbaycana qarşı vuruşduqlarını təsdiq edən faktlar mövcuddur. Ümumkyban kazak qoşunlarının atamanı, polkovnik Vladimir Qromov Kuban, Don və Terek kazaklarına ünvanladığı müraciətində bunu etiraf etmişdir: “…kazakların az bir hissəsi Azərbaycanla Ermənistan arasındakı hərbi əməliyyatlarda ermənilərin tərəfində iştirak edir…” (21, s. 260).
Şübhəsiz ki, qeyd olunanlar Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlarda Rusiya vətəndaşlarının birbaşa iştirakını təsdiq edən faktların bir hissəsini təşkil edir və müxtəlif mənbələrə istinad edərək onların sayını artırmaq mümkündür.
1993-1996-cı illərdə Rusiyadan Ermənistana qeyri-leqal yollarla bir milyard dollar dəyərində müasir silahlar (R-17 operativ-taktiki raket kompleksləri və onlar üçün raketlər, “Kruq” zenit-raket kompleksləri və onlar üçün raketlər, T-72 tankları, PDM-2, “Qrad” reaktiv qurğuları, “İqla” zenit raket kompleksləri və onlar üçün raketlər və s.) verilmişdir (16, s. 194-195). O zaman Azərbaycan Respublikası Baş nazirinin birinci müavini işləyən A. Abbasov bu məsələ ilə bağlı olaraq verdiyi bəyanatda silahların Rusiyadan Ermənistana yüksək vəzifəli şəxslərin iştirakı ilə ötürüldüyünü və Azərbaycana qarşı döyüşlərdə rus ordusunun hissələrinin iştirak etdiyini bildirmişdir: “Verilmiş silahların, texnikanın və sursatın növü və sayı, təchizatın müddəti və marşrutu, təchizatçılar və alıcılar məlumdur. Ermənistana silahların verilməsində Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərinin birbaşa iştirak etdiyini bildirən məlumatlar və materiallar vardır. Bu məlumatlar tam olmaya bilər, bundan başqa, Rusiya ordusunun Azərbaycana qarşı onun ərazisindəki hərbi əməliyyatlarda iştirak etmiş bütöv hissələrinin Ermənistan SQ-nin komandanlığının ixtiyarına verilməsi haqqında dəlillər vardır” (22, v. 113).
Əsasən hücum xarakteri daşıyan silahların gizli və qanunsuz yollarla ermənilərə verilməsi Ermənistan və Azərbaycan arasındakı hərbi balansı birincinin xeyrinə dəyişmiş və həmin silahlar Azərbaycan torpaqlarının işğalı zamanı əhəmiyyətli rol oynamışdır.Rusiyalı tədqiqatçı A.V. Şişov da bildirir ki, “erməni-Qarabağ qoşunlarının hücum əməliyyatları T-72 tankları, Mi-24 vertolyotları, ən yeni hərbi təyyarələr kimi müasir hərbi vasitələrdən istifadə etməklə həyata keçirilirdi” (17, s. 448).
Ermənistana hərtərəfli hərbi yardım göstərildiyi halda, Azərbaycanın hərbi potensialını zəiflətmək məqsədilə bu respublikanın ərazisində müxtəlif diversiya aktları həyata keçirilirdi. Belə ki, keçmiş sovet ordusunun əmlakının bölüşdürülməsi zamanı Azərbaycana çatan payın müəyyən hissəsinin sıradan çıxarılması barədə konkret faktlar mövcuddur. Məsələn, 1992- ci il iyulun 9-da MDB qoşunlarında xidmət edən və özlərini Rusiya vətəndaşı kimi təqdim edən bir qrup hərbiçi yanğınlar törədərək Azərbaycanın Kürdəmir, Sitalçay və Dəllər məntəqələrində fəaliyyət göstərən hərbi aerodromları, onların tikililərini və radiotexniki vasitələrini bərpa edilməsi mümkün olmayan səviyyədə yararsız hala salmışdılar (18, v. 26-27).
Yuxarıda qeyd olunanlar sübut edir ki, Ermənistan Azərbaycan torpaqlarını xaricdən birbaşa və ya dolayısı ilə aldığı kömək və yardımlar hesabına, bəzi ölkələrin Azərbaycana qarşı həyata keçirdikləri təzyiq siyasəti nəticəsində işğal edə bilmişdir.Vurğulamaq lazımdır ki, Ermənistanın əsassız ərazi iddialarını rədd edən, onun işğalçılıq siyasəti nəticəsində yaranmış status-kvonu qəbul etməyən Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyini bərpa etmək istiqamətində fəaliyyət göstərir, məqsədə çatmaq üçün ikitərəfli və çoxtərəfli diplomatiyanın imkanlarından istifadə edir, müdafiə potensialını və ordusunu davamlı olaraq gücləndirir.
Ədəbiyyat:
Swietochowski T. Müslüman cemaatten ulusal kimlige rus Azerbaycanı 1905-1920. Ankara, 1988
К истории образования Нагорно – Карабахской автономной области Азербайджанской ССР. 1918 – 1925: Документы и материалы. Баку, 1989
Армяно-азербайджанский нагорно-карабахский конфликт. http://files.preslib.az/projects/azerbaijan/rus/gl7. pdf
Караваев А.В. Карабахский конфликт: истоки и современные проблемы урегулирования // От Майендорфа до Астаны: принципиальные аспекты армяноазербайджанского нагорно- карабахского конфликта. М., 2010
Tomas de Vaal. Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı, 2008.
Гасымлы М.Дж. Агрессия Армении против Азербайджана // От Майендорфа до Астаны: принципиальные аспекты армяно-азербайджанского нагорно- карабахского конфликта. М., 2010,
Azərbaycan tarixi. 7 cilddə. VII c., Bakı, 2003
Указ Президиума Верховного Совета СССР о введении Особой Формы Управления в Нагорно Карабахской Автономной Области Азербайджанской ССР // Газ. «Бакинский рабочий», 1989, 15 января
Интервью члена КОУ В М. Мишина корр. А. Гаспаряну // Газ. «Советский Карабах», 1989, 23 марта
Постановление Верховного Совета СССР о мерах по нормализации обстановки в Нагорно-Карабахской Автономной Области // Газ. «Известия», 1989, 30 ноября
Постановление Президиума Верховного Совета СССР о несоответствии конституции СССР актов по Нагорному Карабаху, принятых Верховным Советом Армянской ССР 1 декабря 1989 года и 9 января 1990 года // Газ. «Правда», 1990, 11 января
Altstadt A. The Azerbaijani Turks: power and identity under Russian rule. Stanford, 1992
Playing the “Communal Card”: Communal Violence and Human Rights // http://www.hrw.org/legacy/reports/1995/ communal/
Султанов Ч. А.Нашествие (перваякнига). Баку, 2004
Черный январь. Баку – 1990: Документы и материалы. Баку, 1990
Şahmuradov A.Ş. 1991–1995-ci illərdə Azərbaycan – Rusiya münasibətlərindəki problemlərə dair // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2010, №2
Шишов А.В. Схватка за Кавказ. XVI-XXI века, M.: 2007
Azərbaycan Respublikası XİN Arxiv İdarəsi, f. 26, siy. 6, iş 8
Azərbaycan Respublikası XİN Arxiv İdarəsi, f. 26, siy. 6, iş 168
Чернявский С. И. Новый путь Азербайджана. М., 2002
Заплетин Г., Ширин-заде Г. Русские в истории Азербайджана. Баку, 2008
Azərbaycan Respublikası XİN Arxiv İdarəsi, f. 26, siy. 19, iş 22
Рзаев Ф. 907-я поправка: история и перспективы // Центральная Азия и Кавказ, 1999, № 3 (4)
Aqil Şahmuradov
Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının
dosenti, tarix üzrə fəlsəfə doktoru
“ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİNİN İFŞASI (MƏQALƏLƏR TOPLUSU)”, BAKI – 2019, s.127-146 1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !