CƏNNƏTİN ÜST QATI - Rafael Huseyn kədərlənərək yazır

CƏNNƏTİN ÜST QATI Rafael Huseyn kədərlənərək yazır

Acı xəbərə çox kədərləndim.

Gecə saatlarında soraq çatdı ki, dostumuz Hacı Məmmədov qəfilcə dünyasını dəyişib.

O, son bir-iki ilə qədər Azərbaycan Radiosunun musiqi redaksiyasının baş redaktoru işləyirdi.
Tanışlığımız ilk tələbəlik çağlarından, 1970-ci illərdə radionun musiqi redaksiyası ilə təmaslara başladığım vaxtlardan gəlirdi.
Nə qədər xatirələrimiz bağlı idi onunla!
Hacını düşünürkən dərhal gözlərimin önündə çoxdan və əksərini də vaxtsız itirdiyimiz, musiqi redaksiyası ilə bağlı nüçə-neçə dostlar canlandı.
Onunla məni ilk dəfə tanış etmiş Tofiq Abdin, o redaksiyadakı ən məhrəm dostum Kamal Rəhimli, dəyərli musiqişünasımız, xeyli müddət həmin redaksiyanın xalq musiqisi şöbəsinə rəhbərlik etmiş, sonralar Musiqi Akademiyasının prorektoru olmuş Elxan Babayev, bir vaxtlar həmin redaksiyanın baş redaktoru, ayrı-ayrı ifadələrini Hacının xüsusi məzə ilə yamsılayaraq hamımızı güldürüdüyü Çingiz Süleymanov, adaşı, jurnalist Hacı Ağayev, Möhbəddin Səməd, redaksiyanın mehriban çöhrələri Turə xanım, Qüdrət xanım...
Hacı konservatoriyanı bitirmişdi. 40 ildən artıq bir müddətdə Radioda eyni redaksiyada işlədi, xidmətləri qiymətləndirildi, o, Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görüldü.
Hacı Məmmədov xalq musiqisini yaxşı bilirdi, incə zövqü vardı. Sanki üzdən asan görünən, amma yetərincə çətin bir işdə – radioda səslənəcək müxtəlif konsert proqramalarının tərtibində xüsusi səriştə sahibi idi.
İnanıram ki, hələ də redaksiyanın əməkdaşları belə konsertlərin tərtibində onun köhnə qeydlərindən yararlanırlar.
1970-80-ci illərdə radioda səslənən konsertlərin və hazırlanan verilişlərin ayrı-ayrı ifaçıların təbliğində, xalq içərisində daha artıq tanınmasında, lap məsələyə sırf maddi maraqlar baxımından yanaışılarsa, toylara, el şənliklərinə daha çox dəvət edilmələrində əhəmiyyəti böyük idi.
Ona görə də tanınmış, eləcə də sənətə yeni gələn ifaçıların əksərini tez-tez Hacının yanında görmək mümkün idi.
Hamısına da bacardığı köməyi göstərirdi.
Onların hamısına yaxşlığı dəydiyindən dostlara da başqa bir işdə kömək göstərə bilirdi.
Dostlar həmişə özlərinin, qohum-əqrəbanın toylarına dəvət etmək istədikləri musiqiçi dəstəsi ilə danışmağı Hacıdan rica edərdilər. Çünki Hacıya görə sənətkarlar qiymətdə xeyli güzəşt edirdilər.
Əsl adı Hacıbaba olsa da, onu hamımız elə Hacı çağırırdıq. Soyadı da Məmmədov idi.
Ona görə hərdən redaksiyaya zəng vuranda zarafatla soruşardım ki, respublikamızın xalq artisti, mərhum tazənimiz Hacı Məmmədov necədir?
Gülüşərdik.
Daha həmin “mərhum” kəlməsi təbəssüm gətirmir. Çünki Hacı da əbədi ayrıldıqlarımızın sırasına qoşuldu...
O, həmişə səsli-küylü, həyat eşqi ilə, nikbinliklə, şuxluqla, xoş ovqatla dolu idi.
Hacını düşünərkən həmişə fikrimdən bu da keçirdi ki, o, həyatda nə qədər günahlar etsə belə mütləq cənnətə düşəcək.
Yuxarı məhəllədə, darısqal həyət evində yaşayırdılar.
Abdulla Şaiq küçəsindəki o evlər çoxdan sökülüb.
Elə darısqallığa görə də həmin həndəvərdə bir çoxları, o sıradan Hacıgil də, komalarının üstünə ikinci mərtəbə kimi əlavə otaq tikib-qurmuşdular.
Hacının qoca anası ikinci qatda qalırdı.
İkinci qatdan aşağı çox yöndəmsiz, elə həmin həyət kimi dar taxta pilləkənlər enirdi.
Hamamxana, su kranı həyətdə idi.
Hacı yeyib-içən adam idi. Evə kefi kök gəldiyi də olurdu, yorğun da olurdu. Amma əhvalının neçə olmasına baxmadan hər gün mütləq iki-üç dəfə anasını qucağındamı, belindəmi həmin dar pilləkənlərlə aşağı endirirdi, yuxarı qaldırırdı.
Yay-qış hər gün!
Və bu müqəddəs vərdişinə, tək anası olduğu üçün yox, köməyə ehtiyacı olan zərif bir məxluqa göstərdiyi belə usanmaz nəvazişə görə mən Hacını mələk kimi saf adam sayır, qardaşcasına sevirdim.
Onun bir daha canlı görüb-eşidə bilməmək həqiqəti ilə barışmaq çox ağırdır.
Və ağrıdır...
Amma illər öncədən doğru mülahizə edirəmmiş!
Hacı qovuşdu cənnətinə.
Son illər ürəyindən, şəkərdən əziyyət çəkirdi, anlayırdı ki, ölüm-itim dünyasıdır, ona görə də vəsiyyətini əvəllcədən etmişdi.
Arzulamışdı ki, vəfat edəndə anasının qəbrini açsınlar, onu da həmin məzarda dəfn etsinlər.
2020-ci il martın 28-də, zavallı Hacının bəxtindən çox tanışlarının, dostlarının, istəyənlərinin, hətta qohumlarının gələ bilmədiyi bu nigaran günlərdəki dəfnində onu axırıncı istəyinə uyğun olaraq anasının qoynunda torpağa tapşırdılar.
Hacının ailəsi, sevimli övladı, nəvələri vardı, amma son anınacan məsum bir uşaq məhəbbətiylə anasına sevgisini yaşadırdı.
Əlbəttə ki, bu gün qovuşduğu məkan, əsl CƏNNƏTDİR ki var!
Axı Peğəmbərizimz özü də buyurmuşdu ki, Cənnət Anaların Ayağının Altındadır...
Unudulmayacaq dostumuz Hacı isə Cənnətin Ən Üst qatında Anasının Qucağındadır!.. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !