Gülağa Tənha - 31 MART

Gülağa Tənha 31 MART

Ermənistana gələn 80% pullar, xaricdə yaşayan erməni diasporların hesabına gəlir. - deyir Gülağa Tənha. 31 mart Azərbaycanlıların Soyqırım Günüdür. Keçmişə nəzər salsaq görəcəyik ki, zaman axarında ermənilər azərbaycanlılara qarşı dəfələrlə vəhşiliklər törətmişdirlər. Gələcəkdə belə halların yaşanmaması üçün dövlət, xalqla birlikdə ayıq-sayıqlığı itirməməlidir. Xeyriyyəçi - Şair Gülağa Tənha yəhudilərin bir olmalarını məsəl olaraq çəkir. Məhz onların birliyi nəticəsidir ki, dünyada böyük qüvvəyə sahibidirlər. Hər şey sevgidən başlayır, biz vətənimizi sevsək keçmişə baxaraq gələcək üçün məsuliyyətli addım atmış olarıq. Bu gün Azərbaycan inamlı şəkildə inkişaf etməkdədir və inanırık ki, cəmiyyətin vəhdəti nəticəsində daha da iradəli,  möhkəm dövlətə çevriləcəyik. Ən əsas isə gəldiyimiz qənaət və qazandığımız təcrübə nəticəsində sabahı qələbə günləri ilə bəzəməkdir.

 

 

Keçmişə nəzər!

 


           1918-ci il martın 17-də silahla davranışdan həlak olmuş Azərbaycan milyonçusu H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kicik bir dəstəsi bolşevikləri, erməniləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşevik və erməni daşnakları tərəfindən müsadirə olundu. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli-Şurası, Xəzər motrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etsinlər.

 

 

          Qarışıqlıqdan istifadə edən ermənipərəst Şivkunovun quldur dəstəsi lənkəranlı Mir Əhməd xanın evini ələ keçirib özlərinə qərargah etmişdilər. Kənddə silahlı qaçaq dəstələrinin olduğunu bəhanə edən Şivkunovun əsgərləri Sütəmurdov kəndini bir neçə gün müntəzəm olaraq atəşə tutur, orada yanğın və talanlar düzəldirdilər. Bu haqsızlıqların qarşısını almaq üçün kənd ağsaqqaları Şivkunovun yanına gedib atəşi dayandırmağı xahiş edirlər. Lakin əsgərlər Şivkunovun əmri ilə gələn ağsaqqalları girov saxlmaqla vəziyyəti bir qədər də gərginləşdirdilər. Sonra əsgərlər Sütəmurdov kəndinə hücum çəkib silahları tələb etdikdə kənd camaatı ilə əsgərlər arasında qanlı toqquşma baş verdi. Atışmada 2 əsgər öldürülür. Əsgərlərin öldürülməsindən hiddətlənən Şivkunov Sütəmurdov ağsaqqallarının başını kəsdirməyi əmr edir.
1918-ci ilin martın 14-də Salyan, Hacıqabul, Muğan və Lənkəran qəzasına erməni-daşnak dəstələri yeridildi. Silahlı dəstələrin yeridilməsində əsas bəhanə guya “Evelina”gəmisindəki müsəlman əsgərlərin geri qayıdarkən Muğandakı rus-molokan kəndlərinə qarşı törədiləcək qırğının qarşısını almaq üçün idi.
1918-ci il mart soyqırımı dövründə Lənkəran qəzasında 40-dan çox kənd yandırılmış, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Erməni daşnakları evlərə girib bəzən bütün ailənı məhv edirdilər. Hamilə qadınlara, qocalara belə rəhm edilmirdi. Bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan faciənin qurbanı oldu.
1918-ci ilin martın 31-də Bakı quberniyasında ermənilərin müsəlmanlara qarşı başladıqları etnik təmizləmə və soyqırım siyasəti Muğanda faciəli oldu. Burada qırğın siyasətinə hələ yanvar ayında hazırlıqlar gedirdi. Belə ki, yanvar ayında İrandan qayıdan rus əsgərləri Astarada yerli camaata tüfəngdən atəş açmışdılar. Bu xəbər Lənkəran camaatını da bərk qorxuya salmışdı. Çünki bu zaman Lənkəranda 2 mindən artıq qeyri-millətlərdən olan əsgərlər var idi. Həm də onların sərəncamında çoxlu hərbi sursat və silah var idi. Rus əsgərləri həmin silah və sursatı Avetisovun erməni və ruslardan ibarət əsgərlərinə verirdilər. Camaat belə qərara gəlir ki, bu qədər silahı əldən buraxmaq olmaz. İrandan qayıdan rus əsgərlərini gətirən “Milyutin” paraxodundakı silah-sursatı ələ keçirməkdən ötrü İbrahim bəy Şahtaxtinski xeyli silahlı dəstə ilə hücuma keçdi və qənimət olaraq 6 ədəd pulemyot, 800 tüfəng, 850 min patron və 10 yeşik bomba ələ keçirdi. Mircavad bəy Talışinskinin Ərkivandan göndərdiyi atlı dəstə də silah ələ keçirməyə cəhd etdi. Avetisovun əsgərləri bu hadisədən istifadə edərək Lənkəran uyezdində qarışıqlıq törədirdilər. Muğana tərəf hərəkət edən rus əsgərləri ilə əlbir hərəkət edən ermənilər Göytəpə (Prişib) ilə Astaranı birləşdirən “Poçt yolu” ətrafında yerləşən Muğan kəndlərini qarət və talan etməyə üstünlük verirlər. Silahlı rus əsgərlərinə qarşı ilk müqavimət 1918-ci ilin mart ayında Malakan (Kalinovka) kəndi ətrafında baş verir. Xırmandalı, Həsənli, Məmmədxanlı kəndlərindən toplanmış bir dəstə könüllü də onları tərksilah etmək, əmlaklarını, silah və hərbi sursatlarını ələ keçirmək üçün Kalinovkanın yaxınlığından keçən Viləş çayının sahilində döyüş mövqeyi tuturlar. Olduqca zəif silahlanmış və qüvvələri sayca az olan muğanlılar ilk atışmada itki verərək geri çəkilməli olurlar. Əslində bu qarşıdurma ermənilərin Muğan kəndlərinə qarşı talançı basqınları üçün şərait yaratdı. Ruslarla əlbir hərəkət edən erməni silahlıları müsəlmanlardan intiqam almaq məqsədi ilə Yeddioymaq kəndindən tutmuş “Poçt yolu” boyunca Prişibə tərəf və şimala doğru 23-dən artıq Muğan kəndlərinin dinc əhalisinə qarşı soyqırım təşkil edirlər. Malakana yaxın olan Yeddioymaq kəndi yandırılır, kənd sakinləri işgəncəyə məruz qalır. Kəndin məscidi toplardan atılan mərmi ilə dağıdılır. Məmmədxanlı və Həsənli kəndlərində erməni-rus əsgərləri ilə ciddi qarşıdurma olur və bir əsgər öldürülür. İlyaşeviç öldürülmüş əsgərin qatilini tələb edir və onun təslim olmayacağına qədər amansız olaqcağını bəyan edir. Ona cavab olaraq Həsənli və Məmmədxanlı kəndliləri gecə ikən Malakana hücum çəkib kəndi çapıb talayırlar.
Bütün Azərbaycanı əhatə edən və erməni vəhşiliyini özündə əks etdirən mart faciəsi azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin tərkib hissəsidir. Azərbaycanın Cənub bölgəsində həyata keçirilmiş bu soyqırımın bir sıra özünəməxsusluqları da var idi. Belə ki Cənub bölgəsində bu soyqırım hələ 1918-ci ilin yanvar ayından başlamış və 1919-cu ilin avqustuna kimi, yəni Cənubda Cümhuriyyətin bərqərar olmasına kimi davam etmişdir. Bu faciə xalq arasında “Qaça-qaç” kimi tanınan məxsusi adla yadda qalmaqdadır.
1917-ci ildən bolşevik partiyasının üzvü olan Q.Blyumin xatırlayırdı: “1918-ci ilin hadisələri başladı və biz, öz silahlı qüvvələrimiz olmadığından, daşnak dəstələrindən istifadə etdik”.
A.Kaçayeva xatırlayırdı: “…batalyonları formalaşdırarkən, öz komandanlığımız olmadığından, kommunist nüvəsinə malik olmayan, 70 faizi ermənilərdən ibarət ordu yaratdıq.”
A.Qaber-Kornun yazdığı kimi, “müsavatçılardan “vəhşi diviziya”nı tərk-silah etməyi tələb edir və onları sovetlərdən qovurdular, daşnakların tərk-silah olunmasında isə zəif israr edir və onları sovetlərdə saxlayırdılar; bu ətraf mühitdə, xüsusilə də türk əhalidə çox pis təəssürat yaradırdı”.

 

 


A.Baqdasarovun xatirəsində qeyd olunur ki, “vətəndaş müharibəsinin milli zəmində müharibəyə çevrildiyi və ordunun başında 80% daşnakların təmsil olunduğu mart hadisələrindən sonra, patiya hiss etdi ki, yaşaya bilməz, hakimiyyət rusların və ermənilərin əlində idi. Erməni milli şurası bütün drujinaları nizamlayırdı”.



Q.Blyumin etiraf etməyə məcbur idi: “Daşnak dəstələri öz murdar işlərini gördülər, 20000 yazıq müsəlman əhalisini doğramaqla, vətəndaş müharibəsi əvəzinə, milli zəmində müharibə yaratdılar”.

 

1 may 1918-ci ildə Qubaya yalnız ermənilərdən ibarət olan üçminlik ordu birləşməsi daxil oldu. Birləşmənin rəhbəri müsəlmanlara qarşı heyvani nifrət bəsləyən qatı daşnak Amazasp Srvandztyan idi. Amazaspın dəstəsinin Qubaya gəlməsini Quba qəzasının yəhudi slobodasında Qızıl Ordu dəstəsində xidmət edən S.İlyansev belə xatırlayır: “Bir neçə gündən sonra eşitdik ki, Amazaspın 1500 nəfərdən ibarət dəstəsi gəlib. Yolda ikən kəndləri yandırmışdı. Məlum oldu ki, Amazasp bolşevik kimi gəlsə də, o və dəstəsi kəndləri və şəhəri yandıraraq, əhalini soyub, milli qırğın törədib və gedib”.

 

 


Tarixi faktlar

Mürvət Abbasovun və İlqar Niftəliyevin araşdırmalarına əsasən hazırlanmışdır.

 

 


1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

 

 

 

Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci
 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !