Dünyanın koronavirus tablosu: - durum qorxuncdur…

Dünyanın koronavirus tablosu: durum qorxuncdur…

Azərbaycan dövləti hər şeyi edir ki, xalqımız koronavirus bəlasından mümkün az itki ilə qurtula bilsin. Özəlliklə də önləyici tədbirlərə üstünlük verilməsi indiki an üçün durumun pis olmadığını deməyə əsas verir. Bunu rəqəmlərlə ifadə edərsək aşağıdakı mənzərə ilə üz-üzə qalarıq. 30 mart 2020-ci il tarixinə olan ortalama dünya və bəzi ölkələrdəki durumu Azərbaycandakı durumla müqayisə dediklərimizi faktoloji baxımdan əsaslandırmaqda işə yaraya bilər.
Beləliklə, qeyd olunan gün üçün dünyada yeni növ koronavirusa yoluxduğu aşkar edilənlərin ümumi sayı 785 min 715 nəfər olub ki, onun da 273 nəfəri Azərbaycanın payına düşüb. Nəzərə alsaq ki, əhalisi bizdən ən azı 3 dəfə az olan Ermənistanda bu rəqəm 482 olub, bir qədər nikbin olmağa haqqımız var.
Eyni gün üçün dünyada ortalama hər milyon nəfərə 100,7 nəfərin yoluxması qeydə alınmış olub. Azərbaycanda isə bu göstərici 27 nəfər təşkil edib. Yəni dünya ortalamasından 4 dəfəyə qədər az. Yaxşı göstəricidir. Ən azından yoluxanlarımızın sayının aşağı olması əlabə nikbinlik üçün əsas verə bilər.
Ölüm hallarına gəlincə, dünya ortalaması hər milyon nəfərə 4,8 nəfər təşkil edir. Azərbaycan üzrə isə bu rəqəm 0,4 nəfərdir. Bəllidir ki, bizdə martın 30-na qədər olan dövr üçün virusdan ümumi ölüm halı cəmi 4 dəfə qeydə alınıb. Yəni dövlət indiki mərhələdə yoluxanların həyatda qala bilməsi üçün ciddi tədbirlər görməyi bacarıb.
Qeyd edək ki, əhalisi çox və iqtisadiyyatı güclü olan dövlətlərdə bu rəqəmlər qorxuncdur. ABŞ-da martın 30-na kimi hər milyon nəfərdən 10-u koronavirus üzündən həyatla vidalaşıb. Avropa ölkələrində isə daha dəhşətli durum var.
İtaliyada hər milyon nəfərə 192, İspaniyada isə 165 nəfər dünyasını dəyişib. Niderlandda 50, Fransada 46, Belçikada 44, İsveçrədə isə 41 nəfərdir bu rəqəm.
Əlbəttə ki, qeydə alınmış yoluxma halları da uyğun olaraq çox yüksəkdir. ABŞ-da hər milyona 495, İtaliyada 1683, İspaniyada 1881 nəfər koronavirus daşıyıcısı kimi qeydə alınıb. Niderlandda 686, Fransada 683, Belçikada 1027 və İsveçrədə 1840 nəfər virus daşıyıcısıdır.
Göründüyü kimi, dünyanın ən inkişaf etmiş ölkələri virusla mübarizədə əməlli-başlı çıxılmaz durumdadır. Bu da səbəbsiz deyil. Çünki o dövlətlər önləyici tədbirləri vaxtında görmədilər, ona görə də indi nəticələrinə qatlaşmaq zorundadırlar.
Azərbaycansa önləyici tədbirlərə üstünlük verdi. Ölkəmiz hələ koronavirusa yoluxma halları qeydə alınmadan ilkin addımları atmağa başladı. Ona görə də bizdə indiki anda durum o qədər də qorxulu deyil. Lakin insanlarımız bəzən məsuliyyətsiz davrandığı üçün biz də İtaliyanın, İspaniyanın gününə düşə bilərik.
Sonda, məsələnin ciddiyyətini nəzərə alaq lütfən. Baxırıq, insanlarımız sərt karantin tələblərinə hələ də dırnaqarası yanaşır. Küçələr adamla doludur. Maskasız gəzənlər də az deyil. Düzdür, bunu maska tapılmamasıyla da əsaslandırırlar. Lakin belə bir durum heç də bizə haqq qazandıra bilməz. Ölüm halları artır. Bütün dünyada yoluxma sürətlə çoxalır. Ən öndə gedən dövlətlər belə bu koronavirusun əlində aciz qalıblar. ABŞ kimi bir dövlət 100 minlərlə insanın ölümünü proqnozlaşdırır. Heç kimi qorxutmaq istəmirik. Amma xatırlatmaq istəyirik ki, Azərbaycanda da bu visurun yayılması getdikcə genişlənəcək və faktiki olaraq dövlətin tibb müəssisələri xəstələri qəbul edəcək gücdə olmayacaq. Ona görə də indiki mərhələdə dövlətə yardımçı olmaq üçün bir balaca səbrli davranmaq lazımdır: sadəcə evdə oturub təcrid olunmaqla bu mərhələdən salamat çıxa bilərik. Dövlət də boş durmur zatən. Müəyyən proqramlar işlənir ki, insanlarımızın minimum tələbatı ödənsin.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !