Gülağa Tənha - "Öz işindədi" şairin öz səsi ilə

Gülağa Tənha "Öz işindədi" şairin öz səsi ilə

Poeziya müsabiqəsində tələbələrin səsləndirdiyi "Dünya öz işindədir" şeiri ilə sizi tanış etmişdik. Bu dəfə şairin öz səsi ilə ümummilli lider Heydər Əliyevə həsr olunmuş həmin şeiri təqdim edirik. Müəllif xeyriyyəçi - şair Gülağa Tənha bildirir ki, bu şeir Qarabağ müharibəsi dövründə baş vermiş haqsızlıq və yalanlardan təsirlənərək yaranmış şeirdir. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə bu baş verənlərin qarşısı alındı.


Şeir "Dədə Qorquda müraciət" adı ilə yaddaşlarda qalmışdır.

 

 


müəllif: Gülağa Tənha (Qənbərov)
operator: Rasim Sadıqov
montaj: Ağa Məhəmməd Aman

 

 

 

DÜNYA ÖZ İŞİNDƏDİ
Dədə Qorquda

Sən görən dünya hanı?–
Dünya yaman dəyişib.
Üzüdönük dünyadan
Ömür uman dəyişib.
Ümid can hayındadı,
Arzu – güman dəyişib.
Dəyişik düşüb, Dədə,
Dünyanın qeyrət camı.
Göz görə,
könül sevə,
Hardadı heyrət camı?!
Dünya dəyişdiyindən
Sanki dəyişib hamı!
Bir vaxtlar bu millətin
Sözü qılıncdan iti
Ahılları var idi,
Qılıncından qan daman
Oğulları var idi,
Ağ atlı oğlanların
Ömrünə beşik olan
Nağılları var idi.
Əyyam necə dəyişdi.
Dədə, gündüz dəyişdi,
Bir kimsə duyammadı,
Yoxsa gecə dəyişdi?..

İndi,
Keçəl Həmzələr
Kürsüyə dirsəklənib
Yalan üyüdür indi.
İçində özü boyda
Şeytan böyüdür indi.
Tamah dişindən sızan
Qan – millətin qanıdı.
Ucaltdığı sarayın
Suvağına qatdığı
Məmləkətin qanıdı…
Hanı, iti kəlməli
Ahıllar hanı, Dədə?!
Şərin kökünü kəsən
Oğullar hanı, Dədə?!
Şirin təsəlli kimi
Şirin yuxuma dolan
Nağıllar hanı, Dədə?!..
…Yel əsər, karvan keçər,
O şər-xata salammaz
Dünyanı gözümüzdən.
İman yiyəsi kimi
Dönməsək sözümüzdən.
Dünya yormuş Dədəsən,
Bunu da deyim sənə:
Dünyanı tapşırmışıq,
Dünyanın yiyəsinə!
 

 

 

 

 Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !