Ədəbiyyatın çətin janrı - – dramaturgiya

Ədəbiyyatın çətin janrı – dramaturgiya

Mən də elə ilk gündən ölkə başçımızın “Evdə qal” kompaniyasına qoşulub, evdəyəm və əsas işim də öz yaradıcılığımla məşğul olmaqdır. Özümün bədii əsərlərimi, publisist yazılarımı, məqalələrimi və başqa janrlı əsərlərimi yazıram. Çalışıram ki, bu yolla xalqımızın maariflənməsinə köməklik eləyim. Allah millətimizə və yer üzündə olan xeyirxah insanlara kömək olsun.
Bu gün hər bir insanda yaşamaq üçün və dünyanı cənginə alan koronavurusla mübarizə aparmağaçün böyük bir inam olmalıdı. Axı atalarımız da deyib ki, “inam həyatın sərmayəsidi”.
Əgər evdə qalan həmvətənlərimiz hər şeyə pazitiv yanaşsalar, dövlət rəhbərimizin qoyduğu qanuna əməl eləsələr, ən əsası imkan tapıb dünya və Azərbaycan ədəbiyyatını və ən nəhayət mənim bu yazılarımı oxusalar, özümü xoşbəxt hesab edərəm. Çalışacam ki, hər gün bir yazımı oxuculara təqdim eləyim.
Sizi dərin istəklə sevən- müəllif Ağalar İDRİSOĞLU

Düşüncələrim silsiləsindən
Uzun illərdir ki, Azərbaycanda dramaturgiya sahəsində böyük problemlər var. Əlbəttə, bu haqda çox yazılıb və çox deyilib. Mən də öz fikirlərimi demək, yazmaq istəyirəm ki, bəlkə gələcək nəsillərə lazım oldu…
Ədəbiyyatın bu janrı ağır, məşəqqətli olduğuna görə, bir çox istedadlı yazıçılar dramaturgiya ilə məşğul olmaq istəmirlər. Çünki bu janr çox çətin janrdır və yazıçıların çoxu onu yaxşı bilmirlər. Onlar yaxşı dramaturq olmaqçün bu janrı mükəmməl öyrənməlidirlər. Tez-tez teatrlarla təmasda olmalı, çoxlu tamaşalara baxmalı, teatrın “mətbəxi” ilə yaxından tanış olmaqla və dünya klassiklərinin, müasirlərinin pyeslərini oxumalıdırlar. Eləcə də dramaturgiya ilə bağlı çoxlu yazı, ressenziya oxumalıdırlar. Bu da böyük vaxt aparan, səbr tələb eləyən işdir. Həm də müasir dövrümüzdə dövlət tərəfindən dramaturgiyaya lazım olan şərait yaradılmadığından, pyeslərə qonorar həddindən artıq az verildiyindən və ən acınacaqlısı da dramaturgiya ilə bağlı məmləkətimizdə dövlət səviyyəsində jurnalın olmamasından, bir də teatrların çoxunun cavan dramaturqlarla işləmək həvəsinin, istəyinin olmamasından, bu işi özlərinin vətəndaşlıq borcu bilməməsindən dramaturgiya uzun illərdir ki, Azərbaycan ədəbiyyatının ən problemli sahəsi olaraq qalır. Bu məsələ bir də ona görə həll olunmur ki, pyes yazan həmin dramturqların ola bilər ki, 10-15 faizi məddah mövzular yazsınlar. Amma əsl dramaturgiya yüksək problemli mövzuları əhatə etdiyinə görə, ölkəmizdə baş verən neqativ hallar, insanlara yüksək rütbəli məmruların yuxarıdan aşağı baxması, dolanışığın ağır olması, pis güzaran, güc strukturlarının özbaşınalığı, həbsxanalarda baş verən dəhşətli hadisələr, eləcə də heç nəyin ucbatından dövlət məmurlarının insanları şərləyib həbsxanalara salması, ziyalıların dilənçi kökündə yaşaması, məmləkətin bütövlükdə bir qrup adamın inhisarında olması, ailələrin çoxunun ehtiyac ucbatından dağılması, fahişəliyin tüğyan eləməsi, rüşvətin, oğurluğun dəhşətli dərəcədə çoxalması, narkomaniyanın ölkəni başına götürməsi və sairə bu kimi yüzlərlə dəhşətli, dramatik konfliktli hadisələr əlbəttə, pyeslərin əsas mövzuları olacaq. Lakin belə mövzulu əsərlərin yazılması, səhnədə oynanılması və gələcək nəsillərçün qalması hakimiyyətdə olan bir qrup yüksək rütbəli məmurlara sərfəli deyil. Çünki bütün bu mövzular “yatanları oyatmaq” deməkdi… Axı, tarixdən məlumdur ki, tamaşaçılar bu mövzulu tamaşalara baxandan sonra öz etirazlarını bildirməkçün meydanlara çıxıb və hətta inqilablar edərək, hökmdarları taxtından salırlar… Axı, tamaşa bir növ “şeytan əməlidi”. Olmadı elə, oldu belə… Hətta xalqına düşmən kəsilən, məmləkətinin varını-yoxunu talan eləyən hökmdarlar, onların qulbeçələri olan yüksək rütbəli məmurlar, zaman-zaman kəskin süjetli pyeslər yazan dramaturqların, ötkəm xasiyyətli rejissorların, aktyorların, aktrisaların “dilini kəsib” onları həbs etdiriblər. Hətta öldürtdürüblər. Hansı quruluş olmasına baxmayaraq, əfsus ki, bu, həyatın acı bir həqiqətidi. Bəs bunları etməmək mümkün idimi?.. Bax, bu sualın cavabı qarşısında acizəm…
Təkcə onu deyə bilərəm ki, tarixlər boyu hökmdarların çoxu teatrı sevməyib və var qüvvələrilə onu məhv eləməyə çalışsalar da bu qlobal iş olduğundan bacarmayıblar. Amma teatr işçilərini də həmişə səfalətdə saxlayıblar ki, bəlkə bu yolla teatrın işini dayandıra bilərlər.
Amma bu problemli məsələnin, yəni teatrları dirçəltməyin həlli yolları varmı? Əlbəttə var. Özü də çox sadədir. Bununçün yüksək rütbəli məmurlardan böyük vətənpərvərlik və milləti, teatrı, dramaturgiyanı dərindən sevmək, bunlara təmənnasız köməklik eləmək arzusu tələb olunur. Həm də həmin ölkədə yüksək demokratiya olmalıdı.
Adi bir misal: əgər ölkəmizdə kinossenarilərçün ayrılan pul qədər pyeslərin alınmasına vəsait verilsə, onda istedadlı yazıçıların əksəriyyətində dramaturgiyaya meyl çoxalar. Eləcə də əgər dramaturgiya ilə bağlı dövlət tərəfindən maliyyələşən ayrıca jurnal olsa, yeni yazılan pyeslər və dünya dramaturgiyasından tərcümə olunan maraqlı pyeslər, tamaşalarla bağlı ressenziyalar, dünya teatr sənətinə aid tarixi yazılar bu jurnalda çap olunsa, dramaturgiya janrı tezliklə dirçələ bilər. Əfsus ki, Azərbaycanda bu sahədə boşluqlar çoxdur. Təsəvvür eləyin ki, uzun illərdir Rusiyada “Sovremennaya dramaturgiya” (“Müasir dramaturgiya”) jurnalı çap olunur. Bu jurnalın yaradıcısı və uzun illər baş redaktoru işləyən, mənim dramaturgiya sahəsində müəllimim olan, “İnan mənə”, “Məhkəmədən əvvəl məhkəmə”, “Öz qanunları olan şəhər”, “Ən xoşbəxt gün” pyeslərimin yazılmasında mənə əlindən gələn köməkliyi eləyən, maraqlı məsləhətlər verən, özümə dramaturgiya sahəsində müəllim bildiyim Nikolay Miroşniçenkonun sayəsində keçmiş Sovetlər Birliyində çoxlu dramaturqlar yetişdi. Həmin dramaturqların pyesləri bu gün Rusiya və MDB respublikalarında olan teatrların repertuarında özlərinə möhkəm yer tutublar. Bu jurnalda çap olunan dramaturqların çoxunun pyesləri hətta xarici ölkələrin səhnələrində indi də maraqla tamaşaya qoyulur. Görün bir jurnal dramaturgiya sahəsində Rusiya mədəniyyəti, teatrları üçün necə böyük işlər görür. Həmçinin MDB ölkələrinin bir neçəsində də belə jurnallar nəşr olunur. Məgər bu maraqlı işi Azərbaycanda görmək olmazmı? Axı, lazımsız, gələcəkdə yalnız tullantı olacaq çoxlu jurnallara dövlət səviyyəsində külli miqdarda vəsait ayrılır. Həmin jurnallar da elə ilk nüsxələrindən artıq makulatura ( tullantı) kimi istifadə olunur. Məgər bunları aidiyyatı olan təşkilatlar görmürmü? Həmin vəsaitin kiçik bir hissəsini “Dramaturgiya” adlı jurnala ayırsalar, görün, millətin ədəbiyyatının, dramaturgiyasının, teatrlarının inkişafına necə böyük köməklik göstərmiş olarlar. Çünki bu jurnalda pyesləri çap olunan dramaturqlar həm qonorar alacaqlar və həm də onların pyesləri teatrlarda tamaşaya qoyulacaq. Həm də o janrlarla bağlı teatrşünaslar maraqlı ressenziyalar yazılmaqla, teatrlar təbliğ olunacaq. Tamaşaya qoyulan pyeslərə də Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən az da olsa qonorar veriləcək. Bu da həmin dramaturqların güzaranının yaxşılışmısına cüzi də olsa köməklik eləyər. Onda bu insanlar yalnız yaradıcılıqla məşğul olub, maraqlı əsərlər yazarlar. Axı, ədəbiyyat sahəsində çalışanlara dövlət səviyyəsində lazımı qayğı olsa, maliyyə yardımı edilsə, onlar çox böyük işlər görə bilərlər. Onlar Azərbaycan ədəbiyyatını qısa zaman kəsiyində dünya səviyyəsində tanıda bilərlər. Böyük ehtiyac içərsində yaşayan, ailəsinə adicə çörək pulu qazanmaqçün ən çətin, məşəqqətli sahələrdə işləyən və hətta qul bazarında oturub müştəri gözləyən yazıçıdan, şairdən dünya səviyyəli əsər gözləmək özü müşkül və absurd məsələdi. Bu sahədə çalışan insanlar çox kövrək, ən adi sözdən belə məyus olan, inciyən həssas insanlardı. Onları qorumaq və onlara şərait yaratmaq isə dövlət rəhbərinin, onun ətrafında olan məmurların ən müqəddəs işlərindən biri olmalıdı. Axı bu insanlar ədəbi dildə, özlərinin bədii əsərləri ilə millətimizin bugünki tarixini daha dəqiq formada yazırlar. Doğrudur, yüksək kürsülərdən deyirlər ki, məmurların borcu xalqa təmənnasız xidmət eləməkdi. Amma mən çoxlu yüksək rütbəli məmurlar, nazirlər, İcra Hakimiyyəti başçıları tanıyıram ki, ədəbiyyat sahəsində çalışanlara barmaqarası baxırlar. Hətta bu sahədə çalışan insanlar həmin məmurlara adi bir məsələ ilə bağlı müraciət eləyəndə onları qəbul eləmək belə istəmirlər. Onları süründürməçiliyə salırlar… Çox kövrək olan bu insanlar da inciyib, daha onlarla görüşmək istəmirlər. Amma mən şahidi olmuşam ki, xarici ölkələrin çoxunda yaradıcı insanlara çox böyük hörmətlə, məhəbbətlə yanaşırlar.
Çünki onlar bilirlər ki, milləti dünyada yalnız məşhur elm adamları, tanınmış təhsil işçiləri, yüksək qabilliyyətli həkimlər, məşhur yazıçılar, incəsənət və idman xadimləri tanıda bilərlər. Məhz buna görə də belə insanları millətin tacı hesab eləyirlər. Tarixlər boyu öz hegemonluğu ilə xalqların əbədi sevimlisinə çevrilən rəhbərlər demək olar ki, olmayıb. Çünki hegemonluq və vəhşilik bir-birinə çox yaxın əməllərdi. Əgər hansı bir ölkədəsə xalqın və dövlətin marağını qoruyan güc strukturları hamısı rüşvət bataqlığının içindədirlərsə, belə ölkədə düzgünlükdən, demokratiyadan, bərabərlikdən necə danışmaq olar? Əgər təhlükəsizlik, güc sahələrinə rəhbərlik eləyənlər reketçilik edirsə, həmvətənlərinin əlində olan son manatlarını da zorla, qorxu gücünə, min cürə bəhanələrlə əllərindən alırsa, yüksək rütbəli məmurlar dövlət büdcəsini talan eləyirlərsə, belə bir ölkədə məgər demokratiya qurmaq olarmı? Əgər bir ölkədə qanun şah deyilsə, şah qanundursa həmin ölkədə haqqdan, ədalətdən danışmaq olarmı? Əgər bir ölkədə həqiqəti deyənlərə yüksək rütbəli məmurlar düşmən kimi baxırlarsa, onları təqib edirlərsə, öz fikirlərini azad deyənlər təhqirlə, zorakılıqla qarşılanırsa, belə ölkə gec-tez dağılacaq… Belə ölkədə vətəndaş müharibəsi labüddür. Ən dəhşətlisi budur ki, bütün bunlar dünyanın çoxlu, hətta sivil ölkələrində də belədi. Deməli, bu dəhşətlər də dünyanın sonunun yaxınlaşdığından xəbər verir…
Yuxarıda yazdığım kimi, bu günümüzdə dünyada baş verən dəhşətlərdə pyes mövzuları həddindən artıq çoxdur. Amma belə mövzuları qələmə alandan sonra, bu əsərlərin tamaşaya qoyulması çox vaxt müşkül məsələ olur. Lakin bütün bunlara baxmayaraq, müasir dramaturqlar öz zamanlarının güzgüsü olduqlarına görə ölkələrində baş verən bütün neqativ hadisələri qələmə almalıdırlar ki, gələcək nəsillər bizim hansı dəhşətləri yaşadıqlarımızı bilsinlər. Necə ki, biz dünya klassik dramaturqlarının əsərlərini oxuyanda onların dövründə nələrin baş verdiyini öyrənə bilirik.
Ümumiyyətlə, mən belə düşünürəm ki, yazıçı xalqının düşünən beyni, görən gözü və danışan dili olmalıdır. Əgər o, bunları bacarmırsa və ya istəmirsə, onun yazıçılığına və ziyalılığına şübhə eləyirəm. Belə yazıçını xalqı da heç vaxt sevməz.
Yazıçı xalqın sözünü və dərdini hakimiyyətə çatdıran bir müqəddəs körpü olmalıdır.
Antik ədəbiyyat dramaturgiyasında təxminən yüz il qızıl dövr sayılır. Həmin dövrdə Esxil, Sofokl, Evripid, Aristotel, Aristofan və onlarla dünya səviyyəli dahilər yetişib. Çünki həmin dövrdə qədim Yunanıstanda hakimiyyətdə olan hökmdarlar ədəbiyyatın, incəsənətin, təbabətin, filasofiyanın inkişafı üçün xeyli işlər görüblər. Eləcə də Şah İsmayılın vaxtında Azərbaycanda ədəbiyyata, incəsənətə böyük önəm verilib. Həmin dövrdə çoxlu filosof, şair, rəssam, musiqiçi, aşıq və başqa sənət sahibləri yetişib. Çünki Şah İsmayılın belə bir maraqlı fikri vardı və onu tez-tez təkrar eləyirdi:
- Yurdun əsgəri, sərkərdəsi, hökmdarı döyüş meydanında ölə bilər. Bu onun torpağını, millətini, qeyrətini qorumaq yolunda müqəddəs borcudur. Bu, qəhrəmanlıqdır. Sənətkar isə yaşamalı, xalqının, torpağının ruhunu yaşatmalı, gördüklərini yazmalı, tarixi həqiqətləri olduğu kimi gələcək nəsillərə çatdırmalıdı. Bu da bir növ qəhrəmanlıqdı. Sənətkarların, ədəbiyyatçıların işi əsgərin, sərkərdənin, hökmdarın işindən daha şərəfli, daha müqəddəsdi. Çünki bir şairin, bir rəssamın, bir alimin, bir filosofun gördüyü iş, bir ordunun işinə bərabərdi. Uluların belə bir maraqlı məsəli var: “Hökmdar alimləri, sənətkarları, şairləri incitməməli, onların qayğısına qalmalıdı. Yoxsa, onlar küsüb qonşu ölkəyə gedərlər. Onda da qonşu hökmdarın ağlı, şöhrəti artar, ölkəsi məşhurlaşar. Alimi, şairi, sənətkarları küsdürən hökmdarın isə, ağlı, şöhrəti azalar və orada nadanlıq hökm sürər. Xalqı nadan olan hökmdarın həmişə başı qeylü-qalda olar və torpaqlarını qoruyanlar olmaz. Çünki nadanlar heç vaxt Vətən qeyrəti çəkə bilməzlər”.
İgid sərkərdəmizin, böyük dövlət başçımızın, dahi şairimizin bu sözləri indiki bütün məmurlarçün bir örnək olmalıdı. Bax, onda elm də, təhsil də, səhiyyə də, ədəbiyyat da, incəsənət də lazım olan səviyyədə inkişaf eləyər və bu sahədə çalışanlar da ailəsini, uşaqlarını sənətlərindən qazandıqları halal pulla dolandırar və yaradıcılıqla ürəkdən, həvəslə məşğul ola bilərlər. Əgər bir ölkənin alimi, yazıçısı, jurnalisti, müəllimi, həkimi, ədəbiyyat, incəsənət, idman işçisi ələbaxandırsa həmin ölkədən yüksək uğurlar gözləmək olmaz.
Azərbaycan ədəbiyyatını və incəsənətini daha yaxşı inkişaf etdirməkçün idmana olan münasibət kimi, bu sahələrə də diqqət böyük olmalı və bu sahələrdə çalışanların əmək haqqı artırılmalı, mənzil şəraiti yaxşılaşdırılmalıdı. Çünki dünyada tanınan məşhur alimlərə, həkimlərə, yazıçılara, rejissorlara, müğənnilərə, aktyorlara, rəssamlara, bəstəkarlara, idmançılara görə, onların doğulduğu ölkələrə də maraq çox olur. Məhz belə dahi şəxsiyyətlərin sayəsində həmin ölkələrə dünya xalqları böyük hörmətlə yanaşırlar. Bu insanlara da öz ölkələrində hər cürə şərait yaradılır ki, onlar öz istedadlarını bütün gerçəkliyi ilə ortaya çıxara bilirlər. Bizim ölkədə isə əfsus ki, yaradıcı insanlara yüksək rütbəli məmurlar tərəfindən ögey münasibət hələ də hökm sürür. Belə olduqda bu insanlar öz yaradıcılıqlarını bütövlükdə necə ortaya qoya bilərlər?
Müasir Azərbaycan teatrları dövlətin nəzarətində olduğuna və dövlət tərəfindən maliyyələşdirildiyinə görə, orada çox kəskin mövzulu tamaşalar demək olar ki, hazırlanmır. Çünki teatrlar belə mövzulu tamaşalar hazırlasalar, hökmən onlara qarşı yüksək rütbəli məmurlar tərəfindən ciddi narazılıqlar, təpkilər yarana bilər. Ona görə Azərbaycanda millətin ürəyində yığılıb qalan nisgilləri, böyük problemləri, insanların güzəranının aşağı səviyyədə olması, güc strukturlarının xalqımızın başına gətirdiyi dəhşətləri deməkçün Özəl teatrlar və Özəl Teatr-studiyalar olmalıdı. Həm də bu teatrlar və teatr-studiyalar dövlət, təşkilatlar və messenatlar tərəfindən maliyələşməlidi. Bu teatrlara və teatr-studiyalara həm ölkə və həm də xarici təşkilatlar tərəfindən qrant ayrılmalıdı. Əfsus ki, Azərbaycanda Özəl teatrlar və Teatr-studiyalar demək olar ki, yoxdur və belə teatralar da imkanlı adamlar tərəfindən vəsait almadıqlarından onları saxlamaq mümkün deyil. Hətta mən özüm iki dəfə belə teatr yaratmışam. Azərbaycan- Dağıstan Beynəlmiləl Teatr Truppası və Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində olan “Yaşar” Teatrı. Birinci teatr cəmi üç il fəaliyyət göstərə bilib, ikinci teatr isə səkkiz ay fəaliyyət göstərdi. Hətta ikinci teatrda məşqlərini elədiyimiz üç tamaşanın heç birini maliyyə imkanları olmadığına görə təhvil verə bilmədik. İkinci teatrın bədii rəhbəri Xalq artisti Yaşar Nuriyev və direktoru, rejissoru mən idim. Hər ikimiz bütün imkanlarımızdan istifadə eləsək də bu teatrı yaşada bilmədik. Çünki heç yerdən bizə maliyyə dəstəyi olmadı. Amma acı həqiqət olsa da deməliyəm ki, dünyanın inkişaf eləmiş ölkələrində bu gün Özəl teatrlara və Teatr-studiyalara böyük üstünlük verilir. Hətta həmin teatrlar maliyyə dəstəyi kimi qrant da alırlar. Ona görə də çox kəskin süjetli tamaşalar hazırlayır və xalqın açıq deyə bilmədiyi sözləri, fikirləri tamaşalar vasitəsilə xalqa, hökumətə deyirlər. Dövlət məmurları da bu tamaşalardan bir nəticə çıxarıb, özlərini səfərbər eləyib, xalqın güzəranının yaxşılaşmasına köməklik eləyir və heç nəyi də öz əllərində inhisara ala bilmirlər... Axı səhnə güzgüdür. Oradan göstərilən və deyilən fikirləri xalq daha tez başa düşür, anlayır...
Tarixlər boyu sübut olunub ki, teatr insanların sözünü deməkçün çox böyük bir tribunadır, meydandır. Teatr, cəmiyyətin kiçildilmiş modeli olduğuna görə, tarixlər boyu dünyada inqilabların yaranmasında, millətin səfərbər olunmasında, milli birliyin yaranmasında, zəif, xalqını sevməyən, alçaldan, onların var-dövlətini talan eləyən, yalnız öz əsabələrini düşünən ölkə rəhbərlərinin hakimiyyətdən getməsində, məhz teatrın təsir qüvvəsi böyük olub. Demokratik ölkələrdə dövlət başçıları həmişə teatrdan qorxub və çəkiniblər. Hətta çox vaxt teatrlarla hesablaşıblar da. XX əsrin ortalarına kimi teatr dünyada ən böyük sehrli bir qüvvə, insanların daha çox maraq göstərdiyi incəsənət növü olub.
Yadımıza salaq, yaxın keçmişimizdə Sovetlər Birliyində Moskvada fəaliyyət göstərən Taqankadakı Dram və Komediya Teatrını, Lenkom Teatrını, Satira Teatrını, “Sovremennik” Teatrını, Malıy Bronnıy Teatrını, Puşkin və Mayakovski adına teatrları, Krasnıy Presnidəki Spesivstevin rəhbərlik elədiyi Teatr-Studiyanı, Sankt-Peterburqda Qeorqi Tovstanoquvun teatrını və onlarca başqalarını. Bu kollektivlərin hazırladığı tamaşalar Sovetlər Birliyinin dağılmasında çox böyük rol oynadılar. Həm də bu teatrlara tamaşaçı axını həddindən artıq çox idi. Çünki insanlar bu teatrlarda baxdıqları tamaşalardan çox şey öyrənir, Sovetlər Birliyinin neqativ hallarını aydın görür və bu quruluşu devirməkçün özlərində böyük inam, inqilabi ruh yarada bilirdilər. Məgər dünən və bu gün Azərbaycanda belə teatrlar olubmu? Əlbəttə ki, yox. Lakin bəzi teatrlarda yalnız bir neçə kəskin süjetli tamaşalar oynanılıb. Həmin teatrların rəhbərləri də o tamaşalara görə çox çək-çevirə salınıblar. Bu tamaşalara görə onları işdən çıxarıb, qorxudub, böyük üzüntülərə salıblar…
Mən də həmin teatr rəhbərlərindən biri olmuşam. Ona görə də məcbur eləyiblər ki, ərizəmi yazıb, on il böyük uğurla rəhbərlik elədiyim Sumqayıt Dövlət Musiqili-Dram Teatrından gedim. Hətta öz ötkəm xasiyyətimə, mənim və başqalarının pulunu mənimsəyən bir qrup dələduzun cinayətini üzə çıxardığıma, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizilik Komitəsinə sübut elədiyimə və bu cinayətdə məhz onların da əli olduğunu sənədlərlə sübuta yetirdiyimə görə 58 gün onların sifarişlə Kürdəxanı həbsxanada da yatmışam...
Bəli. Yazdığım satirik hekayələrə, kəskin süjetli pyeslərə və quruluş verdiyim bəzi tamaşalara görə mənim də başım bu illərdə çox ağrıyıb… Hətta məcbur eləyiblər ki, böyük uğurla işlədiyim teatrların rəhbərliyindən ərizəmi yazıb, işdən də çıxım...
Bildiyimiz kimi, bütün bu uğurlu tamaşaların da özülündə ilk öncə dramaturgiya dayanır. Əlbəttə ki, yüksək peşəkarlıqla yazılan pyeslər. Bu pyesləri yazan dramaturqlar çox böyük filosoflar, insan xarakterini mükəmməl bilən “mühəndislər, təbiblər” olmalıdırlar. Onlar cəmiyyətin yaralı yerini yüksək peşəkar həkim kimi bilib, nəbzini tutub və bu xəstəliyi yüksək peşəkarcasına müalicə etməlidirlər. Məhz buna görə də dahi dramaturqlar - Esxilin, Sofokln, Evripidin, Aristofanın, Menardrın, Lissi Anney Senekanın, Rubli Terensinin, Mark Plavtın, Ulyam Şekspirin, Jan Batisit Molyerin, Nikolay Qoqolun, Bernard Şounun, Anton Pavloviç Çexovun, Henri İbsenin, Moris Meterlinqin, Aleksandr Ostrovskinin, Aleksandr Suxovo-Kobılinin, Alber Kamyunun, Tennesi Ulyamsın, Bertold Brextin, Mixail Bulqakovun, Jan Keverin, Oskar Uayldın, Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Sabit Rəhmanın, Mirzə İbrahimovun, Abdulla Şaiqin, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Nəriman Həsənzadənin, Nəbi Xəzrinin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının, Anarın, Elçinin, Vaqif Əlixanlının, Əli Əmirlinin, Feruz Mustafanın, Elçin Hüseynbəylinin və başqa peşəkar dramaturqların, klassiklərin əsərləri daim yaşayır və yaşayacaq da. Bu dramaturqların pyesləri bütün dövrlərçün önəmli mövzudur. Onların pyeslərindən tamaşaçılar hər zaman bəhrələnə bilirlər. Rejissorlar da həmin dramaturqların əsərlərinə müraciət eləsələr, bu pyeslərlə tamaşaçılara yeni sözlər deyə bilərlər. Əlbəttə, hər bir rejissor istəyir ki, yüksək peşəkar, dövrünün, zamanının nəbzini tutan, insan xarakterlərinin mükəmməl işləndiyi, kəskin konfliktlər olan pyeslərə quruluş versinlər. Aktyorlar da belə pyeslərdə böyük həvəslə oynayırlar və rolları obraz səviyyəsinə qaldıra bilirlər. Amma teatrlarda tanışlıqla, yüksək rütbəli məmurlar, imkanlı adamlar tərəfindən yazılıb deyə gələn zəif pyeslər tamaşaya qoyulsa da, bu tamaşalara baxmaqçün tamaşaçılar təşkil olunsa da belə əsərlərin ömrü uzun olmur… Hətta bu pyeslər bir-iki mövsüm belə repertuarda dözüm gətirə bilmir. Çünki onlar xalq ruhundan uzaqdır və xalqın dərdini demirlər.
Bir daha vurğulayıram: bu gün dramaturqlarçün yeni, bəşəri mövzularda pyeslər yazmağa imkanlar həddindən artıq çoxdur. Çünki yaşadığımız dövrdə baş verən dəhşətli müharibələr, inqilablar, ölkə başçılarının bəzilərinin diktatorluğu nəticəsində öz vətəndaşlarının və başqa ölkə vətəndaşlarının başına gətirilən müsibətlər, bioloji müharibələr, insanların güzəranının ağır olması, bəzi ölkələrdə baş verən müharibələrə görə onların dəhşətli qaçqın həyatı yaşaması, özlərini, ailəsini qorumaqçün başqa ölkələrə köçməsi və orada da dəhşətli hadisələrlə üzləşməsi, eləcə də millətimizin başına gətirilən Qarabağ faciəsi, məişət zəminində ailələrdə baş verən böyük narazılıqlar, zorakılıqlar, ərin arvadını və ya arvadın ərini, uşaqlarını öldürməsi, başqa insanların həyatına qəsd etməsi, təbiətdə baş verən sunamilər, kimyəvi silahların törətdiyi qırğınlar, məzhəb, dini davalar və bu kimi yüzlərlə mövzular var ki, hamısı kəskin konfliktlər üzərində qurulduğundan maraqlı pyes mövzuları ola bilər. Bunları, bu bəşəri mövzuları maraqlı və peşəkar formada qurmaq, yazmaq isə dramaturqdan böyük ustalıq, peşəkarlıq və cavabdehlik tələb eləyir.
Deməli, bu gün baş verən hadisələr, dəhşətlər, faciələr özləri bədii əsərlər içərisində pyeslərçün daha çox maraqlı mövzulardır. Sadəcə. onları peşəkar formada qələmə alıb, teatrlara təqdim eləmək lazımdı. Teatrın vəzifəsi isə heç bir yüksək rütbəli məmurdan qorxmadan, çəkinmədən həmin əsərləri tamaşaya qoymaqdan ibarətdir. Bax, bütün bunlar bu sahədə çalışanlardan ilk növbədə böyük vətəndaşlıq borcu, ötkəm xarakter tələb eləyir. Teatr rəhbərləri nə qədər ki, başlarının üstündə “Domokl qılıncını” görəcəklərsə və həmin qılıncdan qorxacaqlarsa, bu mütilik də həmişə davam eləyəcək və nəsildən-nəsilə ötürüləcək. Həmin teatr rəhbərləri millətin başına gətirilən dəhşətli, faciəli, xalqın ürəyincə olan böyük problemləri özündə əks etdirən əsərləri, hətta xarici dramaturqların əsərləri olsa belə vəzifəsini qorumaq üçün səhnəyə gətirə bilməyəcəklər. Buna görə də tamaşaçılar həmişə onlardan narazı qalacaqlar.
Beləliklə, həmin teatrlar xalqın önündə yox, arxasınca gedəcəklər. Gözüqıpıq, qorxaq rəhbəri olan belə teatrlar heç vaxt mayak olub, xalqı öz ardınca apara bilməzlər. Xalqı öz ardınca apara bilməyən teatrlardan isə dünya səviyyəli tamaşalar gözləmək müşkül məsələdi...
Ağalar İDRİSOĞLU 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !