Özbəkistanda Azərbaycan Səfirliyindən nəcib aksiya: bu ölkədə qalan vətəndaşlarımıza yardım göstərildi. -

Özbəkistanda Azərbaycan Səfirliyindən nəcib aksiya: bu ölkədə qalan vətəndaşlarımıza yardım göstərildi.

Hazırda dünyada və Azərbaycanda yaranmış koronavirus epidemiyası ilə əlaqədar xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı Azərbaycan dövləti tərəfindən ciddi iş aparılır.
Epidemiyanın gücləndiyi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistanda da bir çox Azərbaycan vətəndaşlartıının ölkəmizə qayıtması qeyri-mümkün olmuşdur.
Yaranmış vəziyyətlə əlaqədar Özbəkistanda Səfir Hüseyn Quliyev tərəfindən Xüsusi Komissiya yaradılmış, Özbəkistanda qalmış Azərbaycan vətəndaşlarına dair ilkin araşdırma aparılmışdır.
Məlum olmuşdur ki, Özbəkistan Respublikasına müvəqqəti və iş məqsədi ilə gələn 100-dən çox Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində yaşayırlar və onların siyahıyaalınması aparılmış, yerləşmə, əlaqə ünvanları və başqa məlumatlar dəqiqləşdirilmişdir.
Qeyd edək ki, bir sıra vətəndaşlarımız maddi vəziyyətlərində çətinliyin yaranması, vəsaitlərinin bitməsi səbəbindən müvəqqəti yaşadıqları otellərdən çıxmaq məcburiyyətinin olması barədə Səfirliyimizə telefon edərək bildirmiş və Azərbaycan dövlətindən kömək istəmişlər.
Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən mövcud vəziyyəti, xarici ölkələrdə təxliyyə ediləsi çoxsaylı vətəndaşlarımızın olması, habelə ölkəmizə qayıdarkən onların xüsusi karantin rejimində saxlanılması məsələsini və Azərbaycan dövlətinin vətəndaşlarımızın müvəqqəti yaşadıqları xarici ölkələrdə qalaraq, onların qorunması, karantin qaydalarına əməl etməsi barədə tövsiyələri Özbəkistandakı qalan vətəndaşlarımıza çatdırılıb.
Qeyd olunan problemlərin aradan qaldırılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı Səfilriyi nəcib bir aksiyaya start verib. Səfirlik tərəfindən Özbəkistanda əlacsız qalan vətəndaşlarımıza yardım məqsədi ilə xüsusi Fond yaradılmış və bu fonda Səfirliyimizin diplomatları, onun nəzdindəki Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə vermişlər.
İlkin olaraq toplanan vəsait əsasında maddi vəziyyəti olduqca çətin, ailəli, uşaqlı şəxslərə pul vəsaiti lə yardım edilmiş, dövlətimizin onlarla birlikdə olduğu, vətəndaşlarımızın xarici ölkələrdən təxliyyəsi ilə bağlı görülən işlər, ölkəmizdə bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə onlara məlumat verilib.
Səfirliyiyin tövsiyəsi ilə otellərdə yaşayan bir sıra vətəndaşlarımız gündəlik ucuz qiymətli evlərə çıxmış və onlar Səfirliyimizin Konsulluq xidmətində müvəqqəti qeydiyyata düşmüşlər.
Azərbaycan Səfirliyinin bu yardımını yüksək qiymətləndirən vətəndaşlarımız dövlətimizə öz təşəkkürlərini bildirmiş, təşəbbüs ictimaiyyət tərəfindən yüksək qarşılanıb.
Vətəndaşlarımız daimi olaraq Səfirliyimizlə əlaqədədirlər və onlar diplomatik nümayəndəliyimizin diqqət və qayğısı ilə əhatə olunurlar.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !