1918-ci ilin mart soyqırımı Stepan Şaumyanın adı ilə bağlıdır -

1918-ci ilin mart soyqırımı Stepan Şaumyanın adı ilə bağlıdır

XX əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən biri Stepan Şaumyanın adı ilə bağlıdır. S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək faktiki “Daşnaksütyun” partiyasının proqramını həyata keçirirdi.
Bu partiyanın strateji məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbaycanlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə etmişlər.
1918-ci il yanvarın 11-də Rusiya bolşevik hökumətinin “Rusiya tərəfindən işğal edilmiş Türkiyə Ermənistanında yaşayan ermənilərin tam müstəqillik də daxil olmaqla öz müqəddəratını azad təyin etmək hüququ”nu dəstəkləyən dekreti dərc ediləndən sonra S.Şaumyan birdəfəlik erməni ekspansionizmi yolunu tutmuşdur.
S.Şaumyanın ikili partiya mənsubiyyəti faktı onu izah edir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlı əhalinin kütləvi şəkildə qırılmasını təşkil edərkən daşnak silahlı dəstələrindən istifadə etmişdir. S.Şaumyan sonralar etiraf etmişdir:
“Biz bəhanədən istifadə etdik… və bütün cəbhə boyu hücuma keçdik, … Bizim 6 min nəfərə yaxın silahlı qüvvəmiz vardı. “Daşnaksütyun”un 3-4 min nəfərə yaxın milli hissəsi də bizim sərəncamımızda idi. Sonuncuların iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri verirdi, lakin bundan yaxa qurtarmaq mümkün deyildi. Biz bilərəkdən buna gedirdik. Əgər onlar (yəni, azərbaycanlı siyasi qüvvələr) Bakıda üstünlük təşkil etsəydi, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi”.
Nəticədə üç gün ərzində – 1918-ci il martın 30-dan aprelin 1-dək bolşevik-daşnak qoşunları Bakıda 12 mindən çox azərbaycanlını milli mənsubiyyətə görə məhv etmişdir. Bütün bunlardan sonra S.Şaumyanı azərbaycanlıların soyqırımının əsas təşkilatçısı hesab etməmək olarmı?
Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” (Bakı-2010) kitabından 1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !