Türkiyə hüquqi dövlətdir və belə məsələləri bağışlamır -

“Türkiyə hüquqi dövlətdir və belə məsələləri bağışlamır”

Milli Məclisin üzvü, “Ana vətən” partiyasının sədri Fəzail Ağamalı ötən il İstanbulda taksi sürücüsündən şikayət edib. Deputatın şikayəti əsasında həbs edilən sürücü hazırda məhkəmə qarşısındadır. Sürücü Selami T. oğurluqda ittiham oounur və barəsində 10 ilə qədər həbs cəzası tələb edilir.
Bu əhvalat barədə yazan “Sabah” qəzeti bildirir ki, Fəzail Ağamalı İstanbulda otelə getmək istəyərkən qızı və nəvəsi ilə birlikdə taksiyə minib. Və taksi sürücüsü onu soyub. Belə ki, Ağamalı və ailə üzvləri taksiyə minəndə sürücü ona gediş haqqının 25 TL olacağını bildirib, pulu nağd istəyib. Ağamalı pul qabını çıxararaq sürücüyə uzadıb, bir müddət sonra pul qabına baxanda 2 min TL pulunun oğurlandığını bilib və polis idarəsinə gedərək taksi sürücüsündən şikayət verib.
Fəzail Ağamalı polisə verdiyi ifadədə hadisəni belə təsvir edib: “Axşam saatlarında Çağlayan Ədliyyəsinin qarşısından qızım və nəvəmlə birlikdə Beşiktaşa getmək üçün taksiyə mindik. Taksi sürücüsü maşını hərəkət etdirmədən məndən 2 TL tələb etdi. Nəqliyyatın sıx olduğunu və başqa taksi tapa bilməyəcəyimizi düşünüb istədiyi pulu vermək üçün pul qabını çıxardım, pulu vermək istəyəndə əlimdəki bütün pulu aldı. Nədən aldığını soruşanda 25 TL götürəcəyini dedi. Mən pullarımı sürücünün əlindən dərhal geri aldım, amma bir müddət sonra şübhələndiyim üçün Beşiktaşa getmədən maşından düşdük. Taksidən enəndə pul qabıma baxdım və içərisindən 2 min TL-nin götürüldüyünü gördüm”.
Fəzail Ağamalının şikayəti əsasında polis taksi sürücüsü Selami T.-ni saxlayıb, onun ifadəsini alıb və məhkəməyə göndərib. Məhkəmə sürücünün barəsində həbs qətimkan tədbiri seçib. Gənc sürücü prokurorluğa verdiyi ifadədə deyib ki, Fəzail Ağamalı onları Beşiktaşa aparmalarını istəyib və 25 TL təklif edib. “Mən bu qiymətə Beşiktaşa gedə bilməyəcəyimi deyəndə taksidən düşdü. Bir müddət sonra sağ ön oturacağın altından bir miqdar pul tapdım və həmin pulu özünə qaytardım. Oğurluq etməmişəm, barəmdə irəli sürülən ittihamı qəbul etmirəm”, - o bildirib.
Türkiyə prokurorluğu sürücüyə qarşı oğurluq maddəsi ilə ittiham irəli sürüb. Ona qarşı şəxsin əlində və ya üzərində daşıdığı əşyanı xüsusi qabiliyyət tətbiq etməklə oğurlamaq maddəsi ilə ittiham irəli sürülüb. Selami T. yaxın günlərdə İstanbul məhkəməsi qarşısına çıxarılacaq.
Deputat Fəzail Ağamalı Türkiyədə qarət olunması ilə bağlı “Yeni Müsavat”a açıqlamasında dedi ki, ona qarşı dələduzluq etmiş, pulunu oğurlamış sürücünün işi üzrə məhkəmədə iştirak etmək niyyətində deyil: “Bu hadisə 2019-cu ilin iyul ayında baş verib. Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Həmin şəxs saxlanıldı və pul bir neçə saata bizə geri qaytarıldı. Ancaq polis sürücüyə qarşı cinayət işi başladı. Biz isə ölkəyə qayıtdıq. İstintaqın gedişi ilə sonradan maraqlanmadıq”.
Fəzail Ağamalı deyib ki, sürücünün cəzadan canını qurtarmaq üçün əsassız fikirlər işlədir: “Hadisə mən dediyim kimi olub. Aydındır ki, sürücü özünə haqq qazandırmaq üçün belə danışır. Bu adam fırıldaqçılıq edib. Özü də bunu bilir. Onun üzərində məhkəmə olub və bitib. Biz məhkəmədə iştirak etmədik. Pulumuzu alıb bizə qaytardılar. Hadisə ilə bağlı ifadəmizi, izahatımızı verəndən sonra Azərbaycana döndük. Məhkəmə bizim ifadəmiz əsasında ona cəza verib. Pulu oğurlamışdı, bu da məhkəmədə sübut olunub. Türkiyə hüquqi dövlətdir və belə məsələləri bağışlamır. Ortada Azərbaycan parlamentinin deputatı var. Belə işlər bağışlanmaz”.
Qeyd edək ki, deputat Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbəri Türkiyənin “Sabah” qəzeti yayıb.
E.Məmmədəliyev,
“Yeni Müsavat” 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !