Dünyadan Ermənistana qırmızı kart : Qarabağ Azərbaycanındır və nida işarəsi! -

Dünyadan Ermənistana “qırmızı kart”: Qarabağ Azərbaycanındır və nida işarəsi!

Martın 31-də işğal altındakı Dağlıq Qarabağda keçirilən üzdəniraq “seçkilər”lə ermənilər dünyanı bir daha özlərinə güldürdülər. Düşmən tərəf gözlədiyinin tam əksi olan, sərt beynəlxalq reaksiyaya tuş gəldi. Artıq bunu əminliklə söyləmək olar. İstər dövlətlər səviyyəsində olsun, istərsə də mötəbər təşkilatlar səviyyəsində, 31 mart seçki tamaşası qeyri-legitim, qanunsuz kimi qiymətləndirilərək rədd edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olundu.
Bəyanatlarda “qırmızı xətt” kimi keçən elementlərdən biri belə seçki şoularının Dağlıq Qarabağın gələcək statusuna təsirinin olmayacağı haqdadır.
İşğalçı tərəf isə əksinə, məhz bu cür saxta “seçkilər”lə Dağlıq Qarabağda guya “müstəqil və demokratik” erməni “dövləti”nin baş tutuğuna illərdir beynəlxalq birliyi həyasızcasına inandırmağa çalışır. Halbuki, beynəlxalq normalar etnik təmizləmə aparılan, köklü əhalinin qovulduğu ərazilərdə hansısa seçki keçirməyi birmənalı rədd edir və bunu haqlı olaraq, işğalı rəsmiləşdirmək cəhdi hesab edir.
Diqqətçəkici mühüm detal həmçinin odur ki, dünyanın başı koronavirus pandemiyası ilə mübarizəyə qarışsa da, Qarabağdakı seçki məzhəkəsinə obyektiv reaksiya verməyə vaxt və macal tapa bildi. Bunu həm də ölkəmizin regiondakı və dünyadakı yeri və rolunun, həmçinin diplomatik səylərimizin nəticəsi kimi qəbul eləmək olar.
Özü də əvvəlki illərdən fərqli olaraq, bu dəfə ölkələr və beynəlxalq təşkilatlar tərəfindən səslənən bəyanatların sayı daha çox oldu. Bundan əlavə, dövlətlər və beynəlxalq təşkilatların mövqeyi bu dəfə daha açıq və birmənalı bəyanat formasında ifadə olundu.
Qardaş Türkiyə başda olmaqla, Pakistan, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran, habelə beynəlxalq və regional təşkilatlar - 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı, Türk Şurası, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM, ATƏT-in Minsk Qrupu həmsədrləri, Avropa Birliyi, ATƏT Parlament Assambleyasının verdikləri bəyanatlarda ölkəmizin haqlı və ədalətli mövqeyinə dəstək ifadə olunur.
Bu sənədlərdə saxta “seçkilər”in keçirildiyi konstitusional və hüquqi çərçivə tanınmır və beləliklə də qondarma “seçkilər”in heç bir hüquqi qüvvəyə malik olmadığı vurğulanır. Başqa sözlə, erməni işğalını rəsmiləşdirmək cəhdləri rədd olunur.
Siyahıdan göründüyü kimi, bu, elə beynəlxalq birliyin yekdil rəyidir ki, var. Ermənistan bu rəyi görməzlikdən gələ və özü üçün nəticələr çıxarmaya bilməz. Ən əvvəl o səbəbə ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınması Bakının istənilən yolla öz sərhəd bütünlüyünü təmin eləmək haqqının da tanınması deməkdir. Yəni verilən çoxsaylı bəyanatların qayəsində ölkəmizin müharibə haqqının tanınması da dayanır.
Təsadüfi deyil ki, bəyanatlarda Dağlıq Qarabağ ixtilafının BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) məlum qətnamələri, beynəlxalq hüququn təməl prinsipləri əsasında həllinə dəstək ifadə olunur. Bəyanatlarda yer alan “Seçkilər”in konstitusional və hüquqi çərçivəsi tanınmır” ifadəsi ilə beynəlxalq ictimaiyyətin verdiyi mesaj ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində legitim seçkilər yalnız Azərbaycan Konstitusiyası çərçivəsində keçirilə bilər.
Bu kontekstdə BMT-dən sonra ikinci ən böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatının yaydığı kommünikeni məxsusi qeyd etmək lazım gəlir. Hazırda ölkəmizin sədrlik elədiyi Qoşulmama Hərəkatı yuxarıda göstərilən mesajlardan əlavə, ərazilərin güc yolu ilə qəsb edilməsinin yolverilməz olduğunu və Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən tanınmayacağını vurğulayıb.
Yada salaq ki, təşkilatın ötən ilin oktyabrında Bakıda keçirilən növbəti zirvə toplantısında qəbul edilən Yekun Bəyannamədə də analoji prinsipial mövqe ifadə olunub – hansı ki, dərhal rəsmi İrəvanın ciddi narahatlığına və qəzəbinə səbəb olmuş, hətta Ermənistan abırsızcasına 120 dövləti (!!) Qarabağ məsələsinə “məsuliyyətsiz yanaşmada” suçlamışdı...
Nüfuzlu beynəlxalq təşkilatların və çoxsaylı dövlətlərin31 mart “seçkiləri” ilə bağlı bəyanat və açıqlamaları öz yerində. Diqqət çəkən həm də odur ki, bütün dünyanın hazırda koronavirus pandemiyası ilə üzbəüz qaldığı bir vaxtda “seçkilər”in keçirilməsi üstəlik, məsuliyyətsiz addım kimi dəyərləndirilib. Yeri gəlmişkən, nə qədər qəribə olsa da, bu yanaşmanı bölüşənlər arasında erməni millətindən olanlar da var. Onlar bununla separatçı-kriminal rejimin Dağlıq Qarabağ əhalisini böyük riskə məruz qoyduğunu bildirir, aprelin 14-ə təyin olunan “təkrar seçkiləri”n ləğvini tələb edirlər.
Beləcə, beynəlxalq ictimaiyyət Qarabağdakı 31 mart “seçki” tamaşasına öz reaksiyası ilə əslində İrəvana növbəti dəfə “qırmızı kart” göstərdi, Ermənistanın cəhdlərinə rəğmən, torpaqlarımızın işğalının və onun nəticələrinin heç bir zaman qəbul edilməyəcəyi mesajını açıq şəkildə ona çatdırdı. Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğunu İrəvana xatırlatdı. Odur ki, erməni tərəfi nə qədər gec deyil, “evcik-evcik” oyununa, “seçki və demokratiya” kimi şoulara son qoyub, real sülh danışıqlarına qatılsa və işğalçı qoşunları ərazilərimizdən çıxarsa, bir o qədər özü üçün yaxşı olar.
Hər halda son bəyanatlar da təsdiqləyir ki, Bakı müharibə haqqını özündə saxlayır. Azərbaycan istənilən an milli-azadlıq müharibəsinə başlaya bilər. Bütün hallarda münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunacaq. Və nida işarəsi!
Musavat.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !