Rövşən Cavadovun Heydər Əliyevlə bağlı sensasion müsahibəsi - +VİDEO

Rövşən Cavadovun Heydər Əliyevlə bağlı sensasion müsahibəsi +VİDEO

  ...Tarix yaddaşdır, elə yaddaş da bir tarix! Bu məntiqlə düz 25 il əvvəl baş vermiş 13-17 mart hadisələrindən danışarkən nədənsə, 1995-ci ilin 8 mart tarixi mənim üçün xüsusi məna daşıyır və daha maraqlı bir tarix kimi xatırlayıram. Mən 8 mart Qadınlar bayramını deyirəm...
1995-ci ilin martın 8-i şənbə gününə təsadüf edirdi. Martın 7-ci isə həftənin sonuncu iş günü olduğundan “Təzadlar”da çalışan köçkün xanım əməkdaşlarımızı təbrik edərək, onları evlərinə yola saldıq... Sonra isə “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas və həmin qəzetin baş redaktor müavini Nazim Ağamirov, bir də mən - üçümüz, “Təzadlar”ın redaksiya otağında (mən həmin vaxtlarda həm də “Ədalət” qəzetinin baş redaktorun 1-ci müavini idim) bayram süfrəsi ətrafında nahar edirdik. Birdən qapı döyüldü. İçəridən açarla bağlanmış qapını açdım. Bir nəfər oğlan qapının ağzında dayanmışdı... Onu nahara dəvət etdim. Təşəkkür etdi. Amma hiss etdim ki, çox narahatdır, həyəcanlı idi. O, “Asif Mərzili lazımdır”, dedi. Bildirdim ki, mənəm. Onu üzdən tanıdım, “Azərbaycan” nəşriyyatında tez-tez görürdüm (Sonralar onu Ayaz Mütəllibovun cinayət işinə görə həbs etdilər). Dərhal əlində kitaba oxşayan bir bükülünü mənə uzatdı, “Sizə çatacaq”, - deyərək tələskən halda çıxıb getdi. Arxasınca “Kim göndərib?”, - deyə soruşdum. Sualım cavabsız qaldı.
Onun dərhal uzaqlaşması təqdim etdiyi bükülüyə şübhələr yaratdı. Lakin artıq gec idi, o, gözdən itmişdi. Qapını açarla bağlayıb süfrə arxasına keçdim.
Nahardan sonra həmin bükülünü açdım, içərisində videokaset var idi. Amma həmin illərdə bu kasetə işdə baxmaq mümkün deyildi. Axşam evə gedəndə birinci olaraq video-maqnitofonu qoşub həmin kasetə baxmalı oldum. Keçmiş müdafiə naziri Rəhim Qazıyev həmin kasetdə kamera qarşısında çıxış edərək mənə birbaşa müraciət edirdi.
***
Kaseti sonadək diqqətlə izlədim. R.Qazıyev həmin dövrdə MTN-nin təcridxanasından qaçırılmışdı (Arif Paşayev, Əlikram Hümbətov, Baba Nəzərli və digərləri ilə birlikdə. Bu qaçışa görə MTN naziri Nəriman İmranov sonradan həbs edildi...) və axtarışda idi. R.Qazıyev həmin ərəfədə “Təzadlar”da dərc olunmuş bir yazıdan bərk qəzəblənərək mənə müraciət edirdi, həmçinin Prezident Heydər Əliyev, Cəlal Əliyev, gömrük komitəsinin sədri Tahir Əliyev və digər yüksək vəzifəli məmurlar barədə sərt ifadələr işlədirdi...
***
Səhər X.Məmmədov Xeyriyyə Cəmiyyətinin sədr müavini (qəzet həmin dövrdə cəmiyyətin təsisçiliyində idi) Ş.Hüseynoğlunu axtarıb tapdım, kaset barədə ona danışdım. Sədr müavini həyəcanlandı və kaseti təcili olaraq cəmiyyətin sədri Rövşən Cavadova çatdırmağın vacibliyini bildirdi. Amma məlum oldu ki, R.Cavadov idmanda ayağını əzdiyindən (DİN nazirinin müavini idi) işə çıxmır və evdədir.
Mən mərhum Komandirin (O, həm də “OMON”nun komandiri idi) evinə getdim. Həyətə çatanda mühafizəçilərlə salamlaşdım, məni tanıyırdılar. Bildirdilər ki, mənzildə xeyli qonaqlar var. Amma vacib məsələ olduğunu bildirəndən sonra özünə məlumat çatdırdılar və R.Cavadov məni mənzilə dəvət etdi. Binanın həyətində isə silahlı “OMON”çular dayanmışdılar. “OMON”nun Qazax bölməsinin rəhbəri Elçin Əmiraslanovu da ilk dəfə orada gördüm. Tanıdıqlarımla söhbətlərdən məlum oldu ki, Qazaxda sərhəddə ermənilər fəallaşıb, silah çatışmır, bunun üçün də Elçin Əmiraslanov Bakıya gəlib. Həmçinin hansısa vəzifəli şəxslərdən birinə məxsus olan və Gürcüstana aparılan metalla bağlı gömrükçülərlə “omon”çuların nəsə problemləri yaşanıb.
Mühafizəçilər məni tanıdığından dərhal R.Cavadovun, səhv etmirəmsə, binanın 4-cü mərtəbəsindəki mənzilinə buraxdılar. Mənzildə Çeçenistandan gələn səhra komandirlərindən, deyəsən, Basayev və başqaları da var idi. Qonaqlarının olmasına baxmayaraq, Rövşən Cavadov məni başqa bir otaqda qəbul etdi. Ayağının əzildiyini və axsayaraq hərəkət etdiyini gördüm... Dərhal mətləbə keçərək kaset məsələsini danışdım və bükülünü ona verdim. R.Cavadov MTN və digər hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə axtardığı bir vaxtda R.Qazıyevin video çıxış yazdıraraq redaksiyaya göndərməsindən çox təəccübləndi... Sonra evdə Çeçenistandan qonaqlarının olduğunu bildirərək kasetə təcili baxa bilməyəcəyini dedi və ardınca qəzetin hansısa problemlərinin olub-olmamasını soruşdu. Bildirdi ki, sabah, yaxud birisi gün yenə evə gəlim, ona qədər də o, kaseti izləsin, lazım gələrsə redaksiyaya mühafizəçilər göndərsin: “Bu, təxribat da ola bilər. Kimsə təxribat edib sonra bizi R.Qazıyevlə üz-üzə qoymağa, aranı qarışdırmağa çalışar”, -deyə söylədi.
R.Cavadov kaset məsələsindən çox narahat görünürdü. Hətta gülümsəyərək “Qorxmamısan?”, deyə soruşdu... Mən də “Əlbəttə yox...” dedim. Sonra xudahafizləşdim... Arxamca “Bu elə məsələdir ki, lazım gəlsə, prezidentə məlumat verməli olacağam, narahat olma...”, - deyərək ürək-dirək verdi.
Lakin bir neçə gündən sonra Qazaxda məlum 13 mart hadisələri baş verdi, Rövşən Cavadov və DİN müavini Zahid Dünyamalıyev, DİN-nin idarə rəisi Fətulla Hüseynov və başqaları baş verənləri yerində araşdırıb tədbir görmək üçün Qazaxa getdilər...
Sonuncu olan görüş...
...Mən Rövşən Cavadovu bir də martın 15-də, “OMON” qərərgahında mətbuat konfransı keçiriləndə gördüm. Vəziyyət nəzarətdən çıxmışdı və “OMON” daxili işlər naziri Ramil Usubovun əmri ilə ləğv olunmuşdu. Buna etiraz edən keçmiş döyüşçülər “OMON”nun Bakının 8 KM qəsəbəsindəki qərərgahına toplaşmışdılar. Siyasi hakimiyyətlə Rövşən Cavadovun arasında artıq qarşıdurma yaranmışdı... Belə bir vaxtda mən R.Cavadovdan kaset məsələsini soruşa bilməzdim... Lakin kaset məsələsindən bir də martın 20-də, R.Cavadov dünyasını dəyişəndən 3 gün sonra, polis qrupu tərəfindən mənzilimdən götürülərək Bakı Baş Polis İdarəsinə aparıldığım vaxt müstəntiqlərin sorğu-suallarından xəbər tutdum. Burada məni o vaxt Bakı Baş Polis İdarəsinin rəis müavini olan Yaşar Əliyev qəbul etdi. Nəzakətlə davranırdılar... İlk sualları Mahir Cavadovun harada olması barədə oldu. Guya mən kiməsə demişəm ki, Mahir Cavadov mənə sifariş göndərib ki, möhkəm olun, gəlirəm... Deməli, onun yerini bilirəm və s. Lakin izahatımda yazdım ki, əgər MTN onun yerini bilmirsə, mən haradan bilərəm... Sonra isə mətləbə gəldilər. Söhbət R.Qazıyevin mənə göndərdiyi kaset barədə idi. Onda başa düşdüm ki, Rövşən Cavadova verdiyim kaset evində axtarış aparılarkən götürülüb (Evdən daha nələrin aparılması, kimlərin evi necə ələk-vələk etməsi və sair barədə isə R.Cavadovun atası mərhum Bəxtiyar Cavadovun bir vaxtlar redaksiyaya təqdim etdiyi, lakin sonra özünün müraciəti əsasında çap olunmamış saxlanılan əlyazmasındakı qeydlərində var).
Mən bu kaset məsələsinə görə bir neçə dəfə Bakı Baş Polis İdarəsinə çağrıldım və sonralar Baş Prokurorluqda yaradılmış Xüsusi İstintaq Qrupuna bir ilə yaxın müddətdə gedib-gələsi oldum... Bəzi istisnaları nəzərə almasaq, ümumiyyətlə, özümə qarşı hansısa ciddi təzyiq və ya təsir görmədim. Bir neçə hal olmuşdu, lakin Qrupun rəhbəri Layiq Mehdiyev bunu biləndən sonra müstəntiqlərə xəbərdarlıq etmişdi, bundan sonra süni gərginlik aradan qaldırılmışdı. Amma hələ də deyə bilmədiyim məqamlar var ki, şəxsən mənim üçün elə indi də söyləmək çox çətindir. Məsələn, istintaq dövründə elə adamların əks ifadələrinə rast gəldim ki, vaxtilə R.Cavadovun ən yaxın və etibar etdiyi insanlar idi... Lakin mənə məlum olurdu ki, məsələn, onlardan biri (adları mənə məlumdur, indi də bəziləri ilə rastlaşıram, iş yerini tanıyıram...) DİN-nin MCQMİ-nin zabiti imiş, biri MTN əməkdaşı, digəri... filan bankda məsul sahədə çalışırmış, başqa biri filan nazirlikdə şöbə müdiri imiş... və sair və ilaxır.
Nə isə...
“Təzadlar” çətin sınaqlar qarşısında...
Bu hadisələr baş verəndən sonra isə “Təzadlar” qəzeti fəaliyyətini dayandırmalı oldu. Çünki X.Məmmədov Xeyriyyə Cəmiyyəti Ədliyyə Nazirliyinin qərarı ilə ləğv olundu, qəzet təsisçilikdən kənarda qaldı. Sonra qəzetin yenidən qeydiyyatı və təsisçiliyi məsələsi ortaya çıxdı... Qəzet böyük çətinliklərlə yenidən qeydiyyatdan keçdi... Çap məsələsi problem olaraq qalırdı. Çünki o vaxt “Azərbaycan” nəşriyyatında çap olunmaq üçün siyasi qərar lazım idi... Həmin dövrdə mərhum jurnalist Qeyrət Quliyevin təşəbbüsləri, sonra isə Prezidentin ictimai-siyasi məsələlər üzrə indi sabiq köməkçisi Əli Həsənovun köməkliyi sayəsində qəzetin nəşri bərpa olundu. Halbuki olmaya da bilərdi... Əslində, bu bir imtahan idi-Azərbaycan cəmiyyəti qarşısında. Mən qəzetin rəhbəri kimi təsisçilikdən imtina edib başqa sahədə, yaxud fərqli KİV-də işləyə bilərdim, yeni qəzet yarada bilərdim. Hətta deyim ki, o vaxt həm də “Ədalət” qəzetində baş redaktorun 1-ci müavini idim. Lakin “Təzadlar” artıq ictimai diqqət mərkəzində olduğundan, onun nəşrindən imtina edə bilməzdim. Yəqin oxucular məni düzgün başa düşər, bu qəzetin yenidən, özü də elə bir vaxtda təzədən çapı bizim cəmiyyət qarşısında bir sınaq imtahanımız, həm də bizim üçün məsuliyyətli bir addım idi. Biz bu imtahanı yaxşı insanların, ləyaqətli dostların... sayəsində verdik. Və bu günə kimi, hesab edirəm ki, o inamı və etibarı qoruyub saxlamaqdayıq. Deyə bilmədiyim, yazılması mümkün olmayan məsələlər də var ki, onu qürurumuza sığışdırıb demirəm. Bizi siyasi hakimiyyət heç vaxt incitməyib, əksinə, 2009-da keçmiş ABU rektorunun qərəzli şikayəti əsasında Yasamal rayon Məhkəməsi (hakim Tahir İsmayılov) məni həbs edəndə Prezident İlham Əliyev bir gün sonra həbsdən məhkəmə qərarı ilə məni azad etdirdi. İndi özünüz nəticə çıxarın.
Amma indi onu da deməliyəm ki, bizi bəzi yaramaz adamlar, düşüncəsi topuğundan aşağıda olanlar Rövşən Cavadovun adı ilə şantaj ediblər. Nə isə...
***
...Bilin ki, biz çox zülmlər çəkmişik, bizə çox əziyyətlər veriblər... tənələrə dözmüşük, pulsuzluq onun yanında heç nə olub. Bütün bu addımlar bizi daha da səfərbər edib. Amma “düşmənlər” bizdən əl çəkmək istəməyiblər. Hər addımda paxıllığımızı çəkənlər həm də ayağımızdan çəkməyindən qalmayıblar. Bir müddət sonra X.Məmmədovun qəzetin manşetində gedən şəklini yığışdırmaq üçün böyük alimin ailəsinə əl uzatdılar. Bu işdə PA-nın sabiq şöbə müdiri Fatma Abdullazadə böyük rol oynayırdı. AzTV-də əleyhimizə çağırışlı çıxışlar yapdırdı, bizi düşmənə xidmətdə suçlatdırdı. Məhkəmələrə çəkildik... Dözdük və dözdükcə də bu təzyiqlərdə itiləndik, möhkəmləndik. Hətta vəziyyət o yerə gəlirdi ki, dəfələrlə tanınmış şairlərimiz -Bəxtiyar Vahabzadə, Məmməd Araz... bizə mənəvi dəstək olublar, təsəlli veriblər.
İstəkli oxucular, bizi anlamaq üçün bizim yerimizdə olmağınız gərəkdir. Mən, pafosdan çox uzaq, elə bil sınağa çəkilirdim, sanki bu sınaqların qarşısında əzilməmək üçün də səfərbər olmaqdan başqa yol görmürdüm. Elə bu günkü kimi. Kollektivə eşq olsun, dostlar var olsun, biz tək olmadıq!
***
R.Cavadovun ailəsi ilə heç bir qohumluğumuz yoxdur, amma onun Qarabağda göstərdiyi döyüşçü şücaəti məni ona doğmalaşdırmışdı. Mən Vətən torpağında qan tökmüş bir döyüşçünün siyasətdən uzaq qəhrəmanlığını duyurdum. Mənim ön cəbhədə igidlik göstərmiş bir insanın arxa cəbhədə arxasından qaçmağım niyə də xəyanət sayılmamalı idi? R.Cavadovun atası Bəxtiyar Cavadovun bir sözü həmişə yadımdadır: “Ailəmizin yeganə təsəllisi budur ki, siz hər çətinliyə dözdünüz, bu qəzeti dayanmağa qoymadınız... Qoymayın dayansın...”.
Dünyagörmüş bir insanın bu sözü həm də bizə etibarın təsdiqi idi. Mən isə bizdən narahat və nigaran qalmış Bəxtiyar müəllimə (Cavadova) hər dəfə bildirirdim ki, narahat olmayın...
“Təzadlar” bəzilərinin gözünə iti bir ox idi...
“Təzadlar” bəzilərini o dərəcədə narahat edirdi ki... Hətta adını çəkmək istəməli olduğum nazirlərdən biri (Südabə Həsənova) günlərin birində hüquq elmləri doktoru, professor, “Təzadlar”ın İH-nin üzvü, qeyrətli və təəssübkeş vətən oğlu İlham Rəhimovun barəsində prezident Heydər Əliyevə müraciət (şikayət) yazmışdı və professoru hakimiyyətin düşməni kimi təqdim edəndən sonra yazmışdı ki, “...Hətta İlham Rəhimov o dərəcədə təhlükəli adamdır ki, o, “Təzadlar” qəzetinin redaksiya heyətinin üzvüdür” və sair.
İ.Rəhimov S.Həsənovaya cavabında yazmışdı ki, “Mən fəxr edirəm ki, 1993-cü ildən “Təzadlar” qəzetinin İdarə Heyətinin üzvü olmuşam və indi də üzvüyəm...”.
Həmin məktub redaksiyanın arxivində saxlanılır.
1995-in martı da gəldi, elə dərdi də...
...Mənim üçün məlum 13-17 mart hadisələrinin motivi aydındır, illər ötdükcə bu hadisələr süzgəcdən keçirilir, əslində, nələrin baş verdiyi üzə çıxır. Bir sözlə, zaman suları özü bildiyi, olduğu kimi duruldur. Bilirəm ki, o illərin dumanı illər ötdükcə çəkiləcək, nəinki o hadisələr və baş verənlər, həm də bu hadisələrin iştirakçılarını, bəzi hallarda isə əsas qəhrəmanlarını daha yaxından tanımağa başlayacağıq. O illər isə, sanki bir videokamera kimi kənardan nələrin baş verdiyini izləyir, çəkir, təhlil edir. Hər bir insanın o hadisələrə baxışını bir kamera kimi təsəvvür etsək, görün nə qədər “videokameralar”ın obyektindəyik.
Mənim də gördüyüm və şahidi olduğum çox şeylər var. Zaman keçdikcə bunları olduğu kimi KİV-də yazmış, müsahibələrimdə söyləmişəm. 25 ildən sonra-indi deməyimi də özümə bir borc bildim. Zənnimcə, qaranlıq qalası hələ çox şeylər var. Və həm də qaranlıqda qalanlar da çoxdur... Məsələn, yəqin hamımız üçün maraqlıdır: həyatın işinə bir bax, mart hadisələrinin katalizatoru kimi rol oynamış Ali Sovetin o vaxtkı sədri Rəsul Quliyev niyə indi ABŞ-da mühacirdir və o vaxt qulluq etdiyi hakimiyyətə niyə qatı düşməndir? Onun 2012-ci ildə “Azadlıq Radiosu”na müsahibəsində “Rövşən Cavadov ölməyə layiq oğlan deyildi”, -deməsi də yeni və tarixi ibrətamiz söhbətdir.
Yeri gəlmişkən, bu yaxınlarda 1995-ci ilin 16 mart gecəsində həyata keçirilmiş əməliyyatda iştirak edən komandirlərdən birinin facebook-da məktubunu oxudum. Yazır ki, martın 16-da gecə “OMON” komandiri Nizami Şahmuradov və digərləri Prezident Aparatında oldular. Sülh əldə olunması üçün şərtləri danışıb getdilər: “... Lakin gecə atışmalar oldu. Rəsul Quliyev H.Əliyevə təkid etmişdir ki, “OMON”un bazasını mühasirəyə alıb əməliyyat keçirmək lazımdır, lakin H.Əliyev son ana qədər buna razı olmamışdır.
Sonradan R.Quliyev müsahibələrində bu məsələyə toxunmuşdur, əməliyyata başlama əmrinin onun təkidindən sonra gedildiyini bildirmişdir.
Tarixi yazanlar və yazdıranlar...
13-17 mart hadisələrinin acı sonluğu bəllidir, bu sonluğa gələn uzun, qaranlıq bir yolu hələ də çoxlarımız bilmirik. Məsələn, kim bilir ki, H.Əliyev ilk dəfə Naxçıvandan Bakıya gələndə təhlükəsizliyini niyə məhz Rövşən Cavadova etibar etmişdi? ANS-in hərdən yada salınan tarixi kadrlarında da bunlar əks olunub.
Yaxud, bəlkə də çoxları bilmir ki, Rövşən Cavadovla hazırkı Prezident İlham Əliyevin etibarlı və sıx münasibətləri var idi. Hətta 1994-cü ildə “Günay Sığorta” Şirkətinin təzə ofisinin (indiki Atatürk Mərkəzi ilə üzbəüzdə) açılışında İlham Əliyev də iştirak edirdi. Orada Rövşən Cavadov başda olmaqla, digər tanınmışlar bir arada idilər... Şirkətin prezidenti isə iş adamı kimi tanınan Mahmud Məmmədov idi.
Başqa bir misal: Bakıda 1994-cü ildə “Rövşən Cavadov mükafatı uğrunda” karate yarışı keçirilirdi. İndiki Əl Oyunları Stadionunda üç gün davam edən yarışa hakmiyyətin həmin dövrdə ən yüksək vəzifəli şəxsləri-Ramiz Mehdiyev, Abbas Abbasov, İlham Əliyev, Murtuz Ələsgərov, Ramil Usubov, Abid Şərifov və başqaları fəxri qonaq qismində iştirak edirdilər. İndi bu yarışın qalibləri olan Füzuli Musayev, Ülvi Quliyev (deputat) və digərləri Rövşən Cavadov məktəbinin yetirmələridir...
Amma onu da bilirəm ki, R.Cavadovun bir ayağı cəbhə bölgəsində idi. Çünki bu səfərlərin əksər vaxt iştirakçısı həm də mən olurdum. Horadiz istiqamətində gedən döyüşlərdə “OMON”nun şücaəti isə sonuncu tarixdir.
Bəlkə də çoxları bilmir ki, Şirvan şəhəri yaxınlığında bir hərbi hissə var idi, orada ABŞ və Türkiyədən gəlmiş hərbçilər R.Cavadovun rəhbərliyi altında xüsusi alaya hərbi təlim keçirdilər. Həmin xüsusi təlim bazasında mən də olmuşdum. Hətta yadımdadır ki, xalq artisti Canəli Əkbərovun rəhbərliyi altında musiqi kollektivi orada konsert də vermişdi.
Rövşən Cavadovun çeçen səhra komandiri Basayevlə münasibətlərini də az adam bilir. Qarabağ döyüşlərində çeçen döyüşçülərinin xidməti, silah və sursat təchizatındakı köməyi danılmazdır və bu başqa bir mövzudur.
Əfqan döyüşçülərinin Qarabağ cəbhəsindəki rolu və gələcəkdə hansı formada iştirakı məsələsini də bəlkədə çoxları bilmir. Onları Bakı küçələrində görənlər xatırlayar... Şəxsən özüm şahidəm ki, bir dəfə R.Cavadov məni DİN-ə çağırdı, təkbətək bir söhbətimiz oldu. Söhbət “Nyu-York Tayms” qəzetində dərc olunmuş bir yazıdan gedirdi. Həmin məqalənin foto-surəti “Təzadlar”ın arxivində hələ də durur. Məqalədə R.Cavadovun Əfqanıstana gedərək əfqan muzdlularının Azərbaycana gətirilməsi üçün danışıqlar apardığı qeyd olunurdu.
R.Cavadov mənə bildirdi ki, məsələ H.Əliyevin nəzarətindədir və biz bunu təkzib etməliyik... Dövlət başçısı isə həmin təkzibi rəsmi mətbuatda deyil, etibar etdiyimiz müstəqil KİV-lərin birində dərc etdirməyi məsləhət bilmişdi. Beləliklə, “Təzadlar”ın 1993-cü il tarixli saylarının birində (qəzet arxivimizdə durur) həmin yazı təkzib edildi, sonra tərcümə edilərək ABŞ səfirliyinə və aidiyyəti KİV-lərə göndərildi. Amma, əslində, vəziyyət başqa cür idi... Mənim şəxsi arxivimdə R.Cavadovun Əfqanıstanda səhra komandirləri ilə birlikdə çəkdirdiyi fotoşəkli var. Bu yazıda təqdim edirəm. Bu da bir tarixdir... Həmin fotonu R.Cavadov məlum təkzib müzakirəsi zamanı mənə təqdim etmişdi.
Ola bilsin çoxları onu da bilmir ki, məsələn, 1993-94-cü illərdə “Təzadlar”da Qarabağ problemi ilə bağlı yazılarda bəzən hakimiyyəti tənqid edən ifadələr yer alırdı və R.Cavadov bir neçə dəfə bizə belə tənqidlərdə ehtiyatlı və diqqətli olmağı tapşırırdı. Amma ona bildirirdik ki, biz siyasətə qarışmırıq, sadəcə, Qarabağ probleminə dair müstəqil fikirlərə yer ayırırıq. Hətta bir dəfə R.Cavadovun atası rəhmətik Bəxtiyar Cavadov belə tənqidlərin birinə etiraz edərək redaksiyaya zəng edərək narazılığını bildirdi... Mən bu barədə R.Cavadova məlumat verdim. Dedim ki, komandir, Bəxtiyar müəllim redaksiyanın daxili işlərinə qarışır və s. Rövşən Cavadov bu sözlərimə o qədər həssaslıqla və səmimiyyətlə yanaşıb cavab verdi ki, hətta bu cavablardan özümü narahat hiss etmişdim. R.Cavadovun bu ifadəsi hələ də yadımdadır: “Narahat olmayın, Bəxtiyar Cavadov sizə mənim atam kimi yox, sadiq oxucunuz kimi etirazını bildirib, əgər lazımdırsa, onun da mövqeyini dərc edin... Atam Heydər Əliyevlə dostdur və o, hesab edir ki, dostunu müdafiə etməkdə haqlıdır...”. Və sonra B.Cavadov redaksiyamıza gəldi və geniş müsahibə verdi, H.Əliyevlə bağlı maraqlı fikirlərini söylədi. Həmin müsahibə də “Təzadlar”ın arxivində durur... Bəlkə bu da bir təzaddır ki, mart hadisələrindən sonra B.Cavadov bir neçə dəfə redaksiyamızda oldu, müsahibələr verdi. Amma bir dəfə də olsun həmin o müsahibəni yada salmadı.
Bəlkə də bu xatirələr sapı qırılmış boyunbağının dənələri kimi pərakəndə düzülüş təsiri bağışlayır... Bu da təbiidir. Mən o illərin-25 il əvvəl baş vermişlərin canlı şahidi olduğumdan hansını necə təsvir etməyi dürüstləşdirə bilmirəm. Deyə bilmədiklərim də var, deməyə bilmədiklərim də... Çünki o hadisələrdən danışarkən R.Cavadovun ətrafında olmuş insanları da düşünürəm, indi onların cəmiyyətdəki və həyatdakı yerini də. Amma onu da deməliyəm ki, R.Cavadovun mart hadisələrində başına gələn hadisələrin əsas qəhrəmanlarından bir çoxları indi Azərbaycanda yoxdur, bəziləri isə həyatda. Mən hələ mart hadisələrinə görə Milli Qəhrəman olanları, vəzifə alanları, sonradan bu vəzifəni də, qalan xətir-hörməti də itirənləri demirəm. Məsələn, bəlkə də çoxları bilmir ki, R.Cavadov 1995-ci ilin martın 17-də “OMON”nun bazasından salamat çıxmışdı və mənim gözümün qarşısında “Neftçilər”də Rüstəmov küçəsi ilə çıxıb bazanı tərk etdi (Axşam N.Şahmuradov PA-dan qayıdandan sonra “OMON”çuların demək olar hamısı silahı anbara təhvil verib evlərinə getmişdilər, qalan az sayda adam isə R.Cavadovla bazada qalmışdı ki, silahları mühafizə edib səhər DİN-dən gələn nümayəndələrə təhvil versinlər). Və orada ona güllə atıldı... Həmin hadisə baş verəndə mən xeyli aralıda-arxada idim... Sonralar R.Cavadovun atası Bəxtiyar Cavadov “Təzadlar” qəzetinə (5-12 mart 2002-ci il) müsahibə verərək deyəcəkdi: “...Rövşənə Naxçıvan MTN-in işçisi Əmiraslan Rza oğlu Əliyev atəş açmışdı və ona görə də o, sonra öldürüldü. Onun etdiyi sui-qəsd də Rövşənin ölümünə səbəb olmuşdu. Əmiraslan Əliyevi hazırlayıb terror üçün yola salan isə “Laba” ləqəbli Mübariz gördüyü işlə hələ də fəxr edir...”.
***
...Hadisələri insanlar törədir, amma həm də hadisələrdə əsil insanlar törənir. 13-17 mart hadisələrindən əvvəl və sonra baş verənlər hələ də bizə dumanlı görünür. Bu dumanın içində daha kimlərinsə silueti gözə dəyir, bunu hər kəs bilir. Və bu yerdə R.Cavadovun bir fikri hələ də yadımdadır. “Təzadlar”a müsahibəsində deyirdi ki, “Kim Qarabağ məsələsində günahkar axtarırsa, güzgüyə baxsın!”. Vaxtilə Qarabağı üç günə azad edə biləcəyini deyənlər isə indi özünə baxır, güzgünü çoxdan vurub sındırıblar.
***
Mövzuya siyasi çalar qatmaq istəmirəm, amma hərdən “Təzadlar”da qəhrəman səviyyəsində təriflənən, daha doğrusu, özünü təriflədən, özü haqqında tərif yağdıran və yazdıran, mif yaradan filankəslər... indi bilmirəm hardadır. Əslində, bilirik hardadır, amma o yazıları indi bir də oxuyanda deyirəm ki, Allah sənə rəhmət eləsin, Rövşən Cavadov, sən o vaxtlar doğru deyirdin ki, “Onları az danışdırıb tərifləyin! Çünki tərifli bir işləri yoxdur, danışdıqları nağıla bənzəyir... Danışmağa bir yerimiz var: o da Qarabağ cəbhəsindədir. Orada isə silahlar danışır, adamlar yox!”.
***
...Elə hadisələr də var ki, bəzən danışa, bəzən də dilə gətirə bilmirsən... Rövşən Cavadovun ailəsinə (indi kim qalıb ki!) imkan yol verən qədər baş çəkir, yaxud əlamətdar gündə, xatirə günlərində zəng edirəm. Hakimiyyət də bunu bilir və heç vaxt da hiss etməmişəm ki, bu hərəkətimə senzura qoyulub, maneçilik var. Keçmişi və keçmişini unudanların dostuna, yaxşılıq etmişinə nankor çıxmasının adı xəyanətdir! Rəhmətlik Heydər Əliyev vəzifədən çıxanda çörək və vəzifə verdiyi bəziləri ona nankorluq etmişdilər. Amma sonradan hakimiyyətə gələndə böyük bir məclisdə üzünü belələrinə tutub onları nankor, satqın, məsləkini dəyişən... adlandırmışdı...
Bizə həmişə basqı edənlər isə bilməlidirlər ki, 2009-cu ildə mən adi bir yazıya görə keçmiş ABU rektoru Elşad Abdullayevin hikkəsi əsasında həbs ediləndə məhz Prezident İlham Əliyev bu həbsə təəssüfləndiyini bildirməklə bir sutka sonra məhkəmə qərarı ilə azad olunmağıma səbəbkar oldu. Bu da dərs götürüb nəticə çıxarmaq üçün nümunəvi bir tarixdir!
Bilirəm ki, unutsaq, unudulacağıq! R.Cavadovun xanımı Zemfira xanıma dəfələrlə xahiş etsəm də, müsahibə vermək istəməyib. Ona görə yox ki, danışmaq onun üçün çox ağırdır, sadəcə, nədən danışmağa çətinlik çəkib. Bəzən bacı-qardaş söhbətimiz də olur. Çox dözümlüdür, fədakar xanımdır... Həyat yoldaşını, az sonra yeganə oğlu Laçını, elə ard-arda ata kimi dərin hörmətini saxladığı qayınatası Bəxtiyar müəllimi, anası qədər xətrini istədiyi qayınanası Tamara xanımı itirib... İndi o ailənin tək qızı olan övladı Jalə xanımla, onun iki qızı və oğlu Laçından yadigar bir qız nəvəsi ilə nəfəs alır.
Mənim üçün ən yaddaqalan və bəlkə də xoş günlərdən biri idi ki, “Təzadlar”ın 20 illik yubiley tədbirində Zemfira xanım və Jalə xanım iştirak edirdilər. Qonaqlar onların bu tədbirdə iştirakından çox təsirlənmişdilər... Biz bununla özünə qapanmış və hələ də xəyala dalmış Azərbaycan cəmiyyətinə nəyisə sübut etmək fikrindən çox uzaq idik... Onsuz da bu cəmiyyət nəyin necə olduğunu yaxşı bilir, amma bilmədiklərini ayağının altına yığsa, yəqinki başı göylərə dəyərdi.
***
...Mənim üçün həm də o ağrılıdır ki, Qarabağ döyüşlərində əlindən gələni edən bir komandir-döyüşçü uğrunda ölməyə hazır olduğu o torpağın azadlığını görə bilmədi. Və özü Xırdalan məzarlığındakı torpağın altındadır və sinəsinə Qarabağ dağlarının buz kimi sərin təmiz dağ havasını deyil, Xırdalandakı Vətən torpağını çəkib...
Zəruri arayış: Saytımızda mart hadisələri ərəfəsində Rövşən Cavadovdan götürdüyüm müsahibəsinin canlı audi səsi də var. 1995-ci ilin mart hadisələri ərəfəsində yazılıb, tezadlar.az saytında izləyə bilərsiniz. Müsahibənin kiçik bir hissəsinin mətnini təqdim edirəm:
- Rövşən müəllim, sizə həm də iki sualım olacaq. Birincisi, ürəyinizdən prezident olmaq keçirmi və prezident olsanız komandanızı necə qurardınız?
- İş ondadır ki, hər bir adam öz bacardığı işdən yapışmalıdır. Mən prezident olmaq fikrində olmamışam və heç vaxt da elə bir fikrim yoxdur... Nə qədər ki, Heydər Əliyev sağdır, Azərbaycanın da prezidenti o olmalıdır... Çünki mən deyirəm, hələ alternativ adam yoxdur. O adam yoxdur, başa düşürsən! Və hər adam öz başardığı işdən yapışmalıdır. Çox təəssüflər olsun ki... Mən Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri idim və bu işlə məşğul olmuşam həmişə və indi də məşğulam... Mən həmişə uşaqlıqdan belə fikirləşirdim ki, kaş Azərbaycanın öz ordusu olsun və mən də onun sıravi əsgəri olum... Amma bu o demək deyil ki, biz qıraqdan durub baxacağıq ki, Azərbaycanı məhv etsinlər. Mən döyüşən əsgərlərin adından deyirəm, zorla tutulub göndərilənlərin yox, əsil döyüşçülərin adından deyirəm... Azərbaycanı, ailəsinin namusunu qorumaq istəyən hərbçilərin adından deyirəm ki, Azərbaycanı məhv olmağa qoymayacağıq! Azərbaycanı da indi iki şey məhv edə bilər: rüşvətxorluq, tamahkarlıq... Layqedlik, qorxaqlıq! Qalan şeylər də ondan yaranır... Xəyanət də ondan yaranır. Burda elə bir şey yoxdur. Ədalətli olmaq lazımdır. Hamı bilməlidir ki, Azərbaycan bizim hamımızın evimizdir. Azərbaycan xalqı bizim ailəmizdir. Adamları qabiliyyətinə görə vəzifəyə təyin etmək lazımdır...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !