-

“OPEC plus”un yeni Razılaşmasını Azərbaycan da təsdiqlədi - FOTO

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. İclasda “OPEC plus” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib. Həmçinin Meksikanın “OPEC plus” ölkələri nazirlərinin IX iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə Razılaşmanın mayın 1-dən qüvvədə olacağı şərti “Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb. “Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən  Meksikanın  hasilat kvotaları may-iyun aylarında  400 min barrel əvəzinə 100 min barrel müəyyənləşdirilib.

Meksikanın öhdəliyinin  digər qismini kompensasiya etmək üçün ABŞ-ın  öz hasilatını əlavə olaraq 300 min barrel azaltması ilə razılaşılıb. Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln.barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. “OPEC plus”un  qərarına  Azərbaycan da öz dəstəyini ifadə edib.  Energetika naziri Pərviz Şahbazov  dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib:

“ Bugünkü görüş və “OPEC plus” un  qəti  mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək neft bazarının sabitləşdirilməsinə  töhfə verəcək. Həmçinin bu qərar “OPEC plus” formatından  kənardan ölkələrin  də hasiatı azaltmaların təşviq edəcək”.
 Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !