Gülağa Tənha - qəzəl janrı (II hissə)

Gülağa Tənha qəzəl janrı (II hissə)

Xeyriyyəçi - şair Gülağa Tənhanın yaradıcılığına nəzər saldıqda onun şeirlərlə yanaşı poema, roman, qəzəl janrında da yazdığının şahidi oluruq. Keçən yayımların birində Gülağa Tənhanın 5 cildlik kitablarının III cildində yer alan bəzi qəzəllərlə sizi tanış etdik. Azpress.az - saytı "Seçilmiş əsərlər" - in ardı olaraq "Vətənpərvərlik və Eşq" mövzusunu əhatəliyən, digər qəzəlləridən də bir neçəsini təqdim edir!

 

 

QƏZƏLLƏR

Qəhər şam tək əriyər, Tənhası var dərdlilərin,
Yığacaq ətrafına söz ilə pərvanələri.


* * *

Ey doğma Vətən, göy çəmənin, qarlı dağın var,
Göz yaşı kimi dum-duru saysız bulağın var.

Seyr eyləməyə hüsnünü müştaqdı könüllər,
Dünya üzünün hər tərəfindən qonağın var.

Yadlar o zaman böldü səni, dərdə qalandın,
Zülmət əridən nuri-bəşər bir çırağın var.

Yadlar yığılıb qəsdə dura, təkləyə bilməz,
Dünyaya dayaq olmağa layiq dayağın var.

Bir yumruq olub xalq qovacaq düşməni bir gün,
Dünya görəcək sevgi adında yarağın var.

Övladi-vətən aşiqidir doğma diyarın,
Tənha da bilir ki, sönə bilməz ocağın var!


Bakı, 28. 05. 2006



* * *

Şəhidlərimizə

Bu qısa ömrünü sən şam elədin, mərd, yaşadın,
Doğulub mərd anadan illər ilə mərd yaşadın

Yada saldın adını sən neçə sərkərdəmizin,
Dərdə düşmüşlər üçün ürəyində od daşıdın.

Elədin ömrünü qurban Vətənin torpağına,
Ucalardan ucasan, çünki şəhid oldu adın.

Yad edər doğma Vətən hər zaman ülfətlə səni,
Çünki ağ gün yoluna bir çıraq oldu həyatın.

Sinəni səngər elərdin Vətənin səngərinə,
Hər Vətən oğlunun qəlbində alovlar qaladın.

Şad olar ruhun əgər torpağı azad eləsək,
Sən zəfər bayrağını al qanın ilə boyadın.

Masallı, Təzəkənd, 15 sentyabr 2005

 

***

Necə ki, dan sökülür, Gün görünür, sən də elə
Könlümün gülşəninə şəst ilə gəl, gəl, gözəlim.

Baxışınla ruhumu canımdan almışdın axı,
İndi də can evimi qəsb elə gəl, gəl, gözəlim.

Yollarınca baxışım boy verən nərgiz kimidi,
Öz əlinlə onu sən dəstələ gəl, gəl, gözəlim.

Sən mənim ömrüm üçün nəğməsən, ellər də bilir,
Bir məhəbbət havası bəstələ gəl, gəl, gözəlim.

Məst olanlarla aram olmayıb illər uzunu,
Tənhanın qəsdinə dur, qəsd elə, gəl, gəl, gözəlim.

Aprel, 2003



***

Qara röyaları mən sürmə dedim gözlərimə,
Ömürümdən üzülən illərə röya dedilər.

Neçə illər bəşərin dərdinə dönmüşdü Kərəm,
Dərdbilənlər yığışıb dərdimə dərya dedilər.

Nə güman eyləmisən el gözünü, el sözünü,
Üzünə şəmsi-qəmər, adına Leyla dedilər.

Səhraları dolaşan Qeysə görə batdı qəmə,
Gördülər rəngi solub, dünyaya səhra dedilər.

Bir Gülağası idim öz elimin, öz obamın,
Sözümə şəhdi-şəkər, özümə Tənha dedilər.

May, 2003

 

***

Çağırarsa gedərəm məclisinə tarım ilə,
«Şüştər»in naləsinə can verərəm yarım ilə.

Həsrətin qar-boranı canımı titrətmədədir,
Həsrəti titrədərəm öz boranım-qarım ilə.

Aramızdan elə bil can əridən yellər əsib,
Nə günə qaldım, İlahi, bu sitəmkarım ilə!

Tanrının qismətidi, dövlətim-varım söz olub,
Bir könül xoşluğuyam bu dövlətim-varım ilə.

Tənha, göylərdə yanan şam ürəyimdən od alar,
Görüşə bilsəm əgər bu gecə dildarım ilə!

Noyabr, 2002


***

Könlümün gülşəninin həsrətini çoxdu çəkən,
Çox könül qırmalıyam belə zülmkarə görə.

Sözüm dilmancı olub yari-mehriban deyənin,
Sevgimə baş daşıyam nazlı sitəmkarə görə.

İmanı kamil olanlar bilir ki, Kəbə nədir,
Qibləmi dəyişmişəm nə vaxtdı mən yarə görə.

Dünyanın başına daş, indi kül olmaq dəmidir,
Neçə aşiq kül olub dilbilməz dildarə görə.

Bağayarpağı olub hər qəzəlim bir gözələ,
Qönçəni gül eləyən Tənhadı, gülzarə görə.

Mart, 2002



***

Hərə bir şəmsə dönüb, hər yananın öz mahı var,
Hər sevən bəndələşir, öz ağası, öz şahı var.

Niyə meyl eyləməyir qəlbi paxırlar savaba,
Niyə bilmir hərənin tövbə adlı savabı var.

Ayrılıq öyünməsin gündüzü gecə eyləyib,
Hər qaranlıq gecənin işıqlı bir sabahı var.

Neçə səyyad dilədi ovlaya könlümü mənim,
Hər ovçunun toru varsa, ovun da öz Allahı var.

Günlərim qan ağlayır, sanki məhərrəm ayıdı,
Aşura könlümün öz naləsi var, öz ahı var.

Uymaram yad dilinin şərqisinə, türküsünə,
Ruhumun «Şahnaz»ı var,

«Şur»u, «Zabul-segah»ı var.
Sevdası dağlananın dərdinə məlhəmdi sinəm,
Bəxtəfər o kəsdi ki, Tənha kimi pənahı var.

Noyabr, 2003

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !