Vikipediyada özbək dili üzrə daha bir səhifə - Nəriman Nərimanov haqqında bölmə yaradılıb - +FOTO=6

Vikipediyada özbək dili üzrə daha bir səhifə - Nəriman Nərimanov haqqında bölmə yaradılıb +FOTO=6

 2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Tanınmış yazıçının 150 illik yubileyinin qeyd edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Sərəncam imzalanmışdır.
Hazırda karantin şəraitindən istifadə edərək virtual fəaliyyətini genişləndirən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi məşhur yazıçı, dramaturq, publisist, görkəmli dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyi ilə əlaqədar Vikipediyada yeni bir layihəyə start verib. Tanınmış yazıçı və dövlət xadimi Nəriman Nərimanova dair Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmə istifadəyə verib.
Nəriman Nərimanovun həyat və fəaliyyəti haqqında müfəssəl və geniş məlumatlar verilən bölmədə onun həkimlik və siyasi fəaliyyətinə nəzər salınmış, habelə həyatına dair olduqca maraqlı sənədlər və faktlar öz əksini tapmışdır.
Bölmənin hazırlanması zamanı bir sıra mənbələrə, kitablara isnad olunmuş, Azərbaycan alimlərinin, xüsusi ilə Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” kitabından istifadə olunmuşdur.
Bölmədə ilk dəfə olaraq Nəriman Nərimanov və Türk dünyası, dövlət xadiminin Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycanda, daha sonra Moskvada çalışarkən Sovet Rusiyasının Türküstan siyasətinə fərqli baxışları, türk dünyası, Türkiyəyə rəğbəti və göstərdiyi dəstək sənəd və mənbələrə əsaslanaraq öz əksini tapıb.
Məlumat bazasında ilk dəfə olaraq Nəriman Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi adlı xüsusi bölmə yaradılmışdır ki, bu bölmədə erməni millətçilərinin Qərbi Azərbaycan torpaqları İrəvan mahalı, Zəngəzur, Dərələyəz, Göyçə, habelə Dağlıq Qarabağ, Naxçıvana əsassız iddiaları və bu işğalçılıq siyasətinə dair Nəriman Nərimanovun mübarizəsi haqqında məlumatlar yer alıb.
Qeyd olunur ki, N.Nərimanov ağır bolşevik sistemi şəraitində Azərbaycan hökumətinin hüquqlarının məhdud olduğu şəraitdə ərazi bütövlüyünü qorumağa çalışmış və çətin olsa da buna qismən nail ola bilmişdir.
Özbəkdilli bölmədə yazıçı Nərimanovun əsərləri, hikmətli sözləri, onun haqqında çəkilmiş filmlər, habelə nəşrlər öz əksini tapıb.
Yaradılmış “N.Nərimanovun irsinin öyrənilməsi və xatirəsinin əbədiləşdirilməsi” adlı bölmədə vurğulanır ki, N.Nərimanov haqqında da kitablar yazmaq, onun irsinin araşdırılmasının “İ.V.Stalin epoxası” dövründə qadağan olunduğunu, bu barədə əhatəli tədqiqat əsərlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra həyata keçirilmiş, onun xatirəsi geniş əbədiləşdirilmişdir.
Qeyd edək ki, paralel olaraq Azərbaycan dilli bölməyə də hazırlanmış yeni məlumatlar daxil edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə N.Nərimanov haqqında Vikipediyada yaradılmış bu bölmə yazıçı və görkəmli dövlət xadiminin 150 illik yubileyi münasibəti ilə hazırlanmışdır və Özbəkistan ictimaiyyətinə, xüsusi ilə Azərbaycan tarixi, ədəbiyyatı ilə maraqlananlar, tədqiqatçılar üçün sanballı mənbə kimi təqdim olunub.
Bölmə ilə https://uz.wikipedia.org/wiki/Narimon_Narimonov linkində tanış olmaq mümkündür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !