Peyvəndləmənin zoonoz xəstəliklərə qarşı mübarizədə əhəmiyyəti -

Peyvəndləmənin zoonoz xəstəliklərə qarşı mübarizədə əhəmiyyəti

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Peyvəndləmənin zoonoz xəstəliklərə qarşı mübarizədə əhəmiyyəti” haqqındadır. Peyvəndləmə heyvanın sağlamlığının təmin edilməsində təhlükəsiz və effektiv vasitə hesab edilir. Yoluxucu xəstəliklərə qarşı profilaktik tədbir kimi tətbiq edilən peyvəndləmə mal-qarada immunitetin yaranmasını təmin edir. Bu da heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılmasında mühüm amildir.

Peyvəndləmənin zoonoz xəstəliklərlə mübarizədə əhəmiyyəti böyükdür. Qarayara, dabaq, bruselyoz, vərəm, quduzluq və s. kimi xəstəliklərin yayılmasının qarşısını alır.  Həmçinin zoonoz xəstəliklərin heyvanlara, insanlara və eləcə də ətraf mühitə yayılma riskinin azaldılması istiqamətində effektiv və zərərsiz vasitədir.

Heyvandarlıq təsərrüfatlarında peyvəndləmə tədbirləri aparılarkən bəzi qaydalara əməl olunmalıdır. Belə ki, peyvənd baytar mütəxəssisin təyinatı və iştirakı ilə yalnız kliniki sağlam heyvanlara vurula bilər. Qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən vaksinlərin tətbiq edilməsi qadağandır. Peyvəndləmə “soyuq zəncir” prinsipi gözlənilməklə həyata keçirilməlidir. Yəni profilaktik tədbirlər aparılan zaman peyvəndin istehsalı, göndərilməsi, paylanması, saxlanması və tətbiqi düzgün təmin edilməlidir. Vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması, eləcə də təlimatın gözlənilməməsi və digər amillər nəticəsində fəsadlar yarana bilər. Peyvəndləmədən sonra heyvanlarda qızdırma, ishal, qusma və s. kimi əlamətlər müşahidə olunan zaman mütləq baytar mütəxəssisə müraciət edilməlidir. Mütəxəssislər vaksin vurulmuş heyvanların məhsullarından (ət, süd və s.) peyvəndin təlimatına uyğun gözləmə müddəti bitdikdən sonra istifadə etməyi məsləhət görürlər.  Xatırladaq ki, xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz həyata keçirilir. Əhalini sağlam və təhlükəsiz qida ilə təmin etmək üçün heyvanları peyvəndləmədən yayındırmamaq tösviyə olunur.

Təsərrüfat sahibləri heyvan xəstəliklərinə qarşı aparılan profilaktik və müxtəlif sağlamlaşdırıcı tədbirlərin yerinə yetirilməsi zamanı qarşılaşdıqları problemlərlə bağlı AQTA-nın 1003 – “Çağrı mərkəzi”nə müraciət edə bilərlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !