Nərgiz Qəhrəmanova : - AMEA əməkdaşları ölkəmizin bu çətin günlərində səfərbərlik nümayiş etdirir

Nərgiz Qəhrəmanova : AMEA əməkdaşları ölkəmizin bu çətin günlərində səfərbərlik nümayiş etdirir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarının rəhbərləri, alim və mütəxəssisləri, əməkdaşları koronavirus pandemiyasının ölkəmizdə yayıldığı gündən bəri dövlət başçısının verdiyi müvafiq qərarların icrasında fəal iştirak edir, xüsusi karantin rejiminin qaydalarına ciddi riayət edirlər.
Məlumdur ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etdiyi bu xəstəliyin inkubasiya dövrünün uzun olması və ona qarşı peyvəndin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir. Pandemiyanın yayıldığı dövlətlər ÜST-ün tövsiyə və tələblərini rəhbər tutaraq öz ölkələrində zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Bununla əlaqədar olaraq, Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində AMEA da daxil olmaqla, bir sıra dövlət orqanları və onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilib.
Buna uyğun olaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda, həmçinin AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.
Akademik Ramiz Mehdiyev, həm də rəhbərlik etdiyi qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə sərəncam imzalayıb.
AMEA-nın hər bir müəssisəsinin rəhbərliyi müvafiq sərəncamların icrası məqsədilə konkret plan çərçivəsində öz əməkdaşları qarşısına vəzifələr qoyub, qurumun fəaliyyətinin onlayn təşkili ilə bağlı qərarlar qəbul edib.
Hazırda AMEA-nın magistrantları öz elmi-pedaqoji təcrübə və təhsillərini distant formada davam etdirir, tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti ilə sosial şəbəkələrin vasitəsilə tez-tez əlaqə saxlayır, verilən tapşırıqları yerinə yetirirlər.
Akademiyada fəaliyyət göstərən alim və tədqiqatçılarımız xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə öz tədqiqatlarını davam etdirirlər. Onlar həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan həmkraları ilə virtual əlaqələr yaradır, eyni zamanda, xalqa mənəvi dəstək olmaqla əsl ziyalı mövqeyi nümayiş etdirirlər. AMEA-nın əməkdaşları Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal, evdə yarat” təşəbbüsünə dəstək verərək onlayn rejimdə fəaliyyət göstərir, elmi yaradıcılıqlarını davam etdirirlər.
Akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytları da məsul əməkdaşlar tərəfindən xüsusi karantin rejimində, onlayn idarə olunmaqla AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin göstərdiyi xidmətlər əsasında fəaliyyət göstərir. AMEA-nın Mərkəzi Elmi Kitabxanası isə oxuculara yüksək səviyyədə onlayn xidmət təklif edərək, əməkdaşların evdə öz vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır.
Qeyd edək ki, AR Nazirlər Kabinetinin qərarı ilə, əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısına Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi də daxil olub. Hazırda mərkəzin Zəlzələlərin tədqiqatı bürosu gücləndirilmiş iş rejimdə işləyir.
AMEA-nın müəssisə və təşkilatlarının rəhbərləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına da qoşulublar.
Məlumdur ki, koronavirus pandemiyasının dünyanın bir çox ölkələrini ağuşuna alaraq qorxunc bir xəstəliyə çevrilməsi, eyni zamanda, ölkəmizdə də sürətlə yayılması elmin gücü və vacibliyini bir daha gündəmə gətirib. Pandemiyanın vüsət alması alimlər, xüsusilə mikrobiologiya sahəsində fəaliyyət göstərən tədqiqatçıların qarşısına ciddi vəzifələr qoyub, maarifləndirmə işlərinin gücləndirilməsi, ciddi araşdırmaların aparılması zərurətini yaradıb.
Akademik Ramiz Mehdiyev AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, məlumat xarakterli materialların dərc olunması ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqlar əsasında institutun alim və mütəxəssislərinin koronavirusun növləri, diaqnostikası, o cümlədən bu xəstəliyə qarşı hazırlanması nəzərdə tutulan peyvəndlərə dair məqalələri dərc olunur, televiziya və İnternet saytlarında məzmunlu müsahibələri təqdim olunur.
AMEA-nın alimləri müxtəlif mətbuat orqanlarında çıxışlar edərək, hər kəsi karantin rejiminə riayət etməyə, səfərbər olmağa, həmrəylik nümayiş etdirməyə və virusa qarşı əzmlə mübarizə aparmağa çağırırlar. Onlar xalqa intizamlı olmağı, sosial məsuliyyəti dərk etməyi və müsbət düşünməyi tövsiyə edirlər.
Akademiyanın rəsmi veb-portalı olan science.gov.az da ölkənin çətin günlərində mətbuatın üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirərək ölkə ictimaiyyətini məlumatlandırmaqda davam edir. Science.gov.az-da hər gün AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının xüsusi karantin rejiminə uyğun olaraq gördüyü işlər, eləcə də dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar işıqlandırılır.
Ümid edirik ki, dövlətin gördüyü ciddi tədbirlər, verdiyi mühüm qərarlar, eləcə də xalqın iradəsi nəticəsində qısa bir zamanda ölkəmiz bu pandemiyadan xilas olacaq və hər birimiz öz iş yerlərimizə qayıdacaq, həm gündəlik, həm də iş həyatında fəaliyyətimizi əvvəlki kimi davam etdirəcəyik!

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !