COĞRAFIYA İNSTITUTU YENI BIR ƏHƏMİYYƏTLİ LAYIHƏYƏ IMZA ATIB -

COĞRAFIYA İNSTITUTU YENI BIR ƏHƏMİYYƏTLİ LAYIHƏYƏ IMZA ATIB

Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu növbəti dəfə olaraq günün reallığından irəli gələn və Respublikamız üçün əhəmiyyətıi bir layihəyə imza atıb.
Direktor, akademik Ramiz Məmmədovun rəhbərliyi ilə İnstitutun əməkdaşları - Geoinformatika və Kartoqrafiya şöbəsinin böyük elmi işçisi Yaşar Nəsibov və Xəzərin səviyyə problemi şöbəsinin elmi işçisi, c.ü.f.d Elnur Səfərov, həmçinin bu layihə çərçivəsində əməkdaşlıq edilən Türkiyənin Samsun Universitetinin elmi işçisi Fatih Ocak tərəfindən "Covid-19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi" tətbiqi işlənib hazırlanmışdır. Quintessence C&S şirkətinin texniki dəstəyini alan layihənin əsas məqsədi ölkəmizdə və dünyada geniş vüsət alan koronovirus pandemiyasının real zamanda monitorinqinin aparılmasıdır. Tətbiqdə dünya ölkələri və ayrıca olaraq, Azərbaycan üzrə pandemiya haqqında məlumatlar əks olunur və bu rəqəmlər sutka ərzində azı bir dəfə təzələnir.
Layihənin ideya rəhbəri Y.Nəsibovun bildirdiyinə görə, tərbiqdə istinad edilən dünya ölkələri üzrə məlumatlar Johns Hopkins Universiteti CCSE”ndən götürülmüşdür. (https://systems.jhu.edu/research/public-health/ncov). Layihədə ESRI şirkətinin Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyasından istifadə edilmişdir. Azərbaycan üzrə pandemiya haqqında rəqəmlər Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına, həmçinin https://koronavirusinfo.az saytına istinad edilməklə verilir. Şəhər və rayonlar üzrə əhali, xəstəxana, çarpayı sayı və hər 10.000 nəfərə düşən çarpayı sayı, yaşı 65-dən yuxarı olan insanların sayı və s. kimi məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edilir. Azərbaycan üzrə vektor məlumatlarının müəlliflik hüquqları isə Coğrafiya İnstitutuna mənsubdur.
Bu tətbiq cəmiyyətin maarifləndirilməsi işlərində, təhsil və elmi araşdırmalarda istifadə edilə bilər. Sosial bir layihə olduğundan ticarət məqsədi ilə istifadəsi qəti qadağandır. Tətbiqdən yararlanan hər bir kəs sutka ərzində dünyada və ölkəmizdə virusa yoluxanların, yeni yoluxanların, sağalanların, vəfat edənlərin, aktiv covid 19 xəstələrinin və aparılan testlərin sayı haqqında məlumat əldə edə biləcəkdir. Bundan başqa, virusla mübarizə aparan ölkələrin sayını da buradan öyrənmək olar. Tətbiqdən istifadə etməklə məkan analizlərinin təhlilinin aparılması, şəhər və rayonlar üzrə surətli axtarış verilməsi və digər funksiyaların da yerinə yetirilməsi mümkündür.
Rəsmi qurumlar tərəfindən ölkə üzrə yalnız ümumi məlumatlar paylaşıldığından, pandemiyanın şəhər və rayonlar üzrə yayılması haqqında sutkalıq məlumatları (01.04.2020-ci il tarixi istisna olmaqla) tətbiqə daxil etmək mümkün olmamışdır. Rəqəmlər əldə edilərsə şəhər və rayonlar üzrə sutka ərzində pandemiyanın yayılma arealını da göstərmək olar.
İstifadə edilən statistik məlumatlar Coğrafiya İnstitutunun əməkdaşları - elmi işçi Turanə Hüseynova və baş laborant Aygül Zülfüqarova tərəfindən hazırlanmışdır.

"Covid 19 Azərbaycan Real Zamanlı Monitorinq Sistemi" tətbiqi ilə buradan tanış ola bilərsiniz:

https://caspisnet.maps.arcgis.com/apps/dashboards/0f59111ebed64bbcb282bdd03a2e3a8f

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !