Cavadxan Qasımov: - AZƏRBAYCAN RESPUBLİKASI PANDEMİYA DÖVRÜNDƏ ...

Cavadxan Qasımov: AZƏRBAYCAN RESPUBLİKASI PANDEMİYA DÖVRÜNDƏ ...

AZƏRBAYCAN RESPUBLİKASI PANDEMİYA DÖVRÜNDƏ ETİBARLI MÜDAFİƏ OLUNMADA VƏ UZUNMÜDDƏTLİ İQTİSADİ HƏDƏFLƏRİNƏ DOĞRU İNAMLA ADDIMLAMAQDA QƏRARLIDIR

Artıq dünyanın 210 ölkə və bölgəsində qeydə alınan Koronavirus (COVİD - 19) pandemiyası dünya miqyasında bütün sahələrlə yanaşı, iqtisadiyyatın da davamlı inkişafında gözləmələrə və ya tənəzzül meyillərinə səbəb olmaqdadır. Ölkələr nəinki, qarşıdakı uzunmüddətli hədəflərini reallaşdırmaq sahəsində çətnliklərlə üzləşir, hətta pandemiyaya qarşı mübarizə, həmçinin müdafiə tədbirlərinin görülməsində ciddi maneələrlə rastlaşırlar. Bu isə onlarım milli iqtisadiyyatları üçün olduqca dözülməz təhdidlər yaratmaqda, əmək ehtiyatlarından istifadənin səmərəliliyini minimuma endirməkdədir. Nəticədə isə, müəssisələrin fəaliyyətində uzunmüddətli fasilələr özünü göstərir ki, bu da dünyəvi sosial bəla olan işsizliyin artması fonunda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi sahəsindəki imkanları məhdudlaşdırmaqdadır.
Təbii ki, ölkəmiz dünyanın bir parçası olmaq etibarı ilə baş verən meqaiqtisadi hadisə və proseslərin milli iqtisadiyyatımıza təsiri hiss olunmaqdadır. Qeyd edək ki, əsasları ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən olunan milli iqtisadi inkişaf proseslərinin bu günlərə qədər yüksələn dinamika əsasında təşəkkülü müasir müstəqillik illərində çox güclü bazaya çevrildi və rastlana biləcəyimiz meqaiqtisadi böhran, tənəzzül, həmçinin sarsıntı dövrlərində ölkə iqtisadiyyatına müqavimətlilik gətirdi. Məhz bu əsasda da:
- ölkədə iqtisadiyyatın şaxələndirilməsinə;
- milli iqtisadiyyatın təminatqabiliyyətliliyinin daha da gücləndirilməsinə;
- mövcud sosial-iqtisadi inkişaf potensialı əsasında dünyanın yeni çağırışlarına çevik uyğunlaşmanın mümkünlüyünə;
- beynəlxalq iqtisadiyyata inteqrasiyanın sürətləndirilməsinə;
- meqaiqtisadi əhəmiyyəti daha da yüksək olan layihələrin reallaşmasına qətiyyətlə nail olundu və nəticədə ölkəmiz qarşıya qoyduğu bütün hədəflərini əlçatan etdi. Hadisələrin gedişi göstərir ki, qeyd olunan amillər keçdiyimiz dövrlər üzrə rastlaşdığımız iqtisadi – maliyyə böhranları qarşısında dayanıqlı və etibarlı əsaslar yaratması ilə aktuallıq qazandı.
Azərbaycan Respublikasında pandemiyanın milli iqtisadi quruculuq və davamlı inkişaf proseslərinə neqativ təsirlərinin qarşısının alınması, hədəf və prioritetlərin perspektivliyinin və əlçatanlığının qorunması və digər bu kimi məqsədlər əsas tutulmaqla, zəruri hüquqi tənzimləmə vasitələri səfərbər olundu. Ardıcıl tənzimləmə tədbirləri çərçivəsində dövlətimizin başçısı tərəfindən:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 18 mart 2020-ci il tarixdə imzalanan Sərəncamınböyük tarixi əhəmiyyəti vardır. Orada Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi göstərilirdi. Nazirlər kabinetinə isə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsinin, əlavənin ödənilmə müddətinin, eyni zamanda, işin xüsusiyyətindən asılı olaraq miqdarının və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinin müəyyən olunması tapşırılmışdır;
2. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 19 mart 2020-ci il tarixli Fərmanimazlanmışdır. Orada Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması, “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq olundu (əlavə olunur) və müəyyənolundu ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir;
3. Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında 19 mart 2020-ci il tarixli Sərəncam imzalanmışdır. Həmin Sərəncamda Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılsın.
4. Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 19 mart 2020-ci il Sərəncam imzalandı. Bu məqsədlə, həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılması nəzərdə tutulmuşdur. Sərəncamda:
- Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Azərbaycan Respublikası Maliyyə nazirinin;
- Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin;
- Pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərlikləri ilə müvafiq strukturlar üzrə İşçi Qrupunun yaradılması tapşırılmışdır.
5.Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2020-ci il tarixli Sərəncam imzalandı. Həmin tarixi sənədə əsasən hər birində 200 çarpayı olan modul tipli 6 (altı) xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılması nəzərdə tutuldu;
6.Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında 9 aprel 2020-ci il Sərəncamın böyük tarixi əhəmiiyətə malik olduğunu qeyd etmək lazımdır. Həmin Sərəncamda Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat ayrılmışdır;
7.Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında 14 aprel 2020-ci il tarixli Sərəncamlar imzalanmışdır.Orada Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30,0 (otuz) milyon manatın ayrılması göstərilirdi.
Təbii ki, bütün bunlar ölkədə pandemiyanın təsirlərinin minimum səviyyədə saxlanılması, yoluxmanın və itkinin qarşısının alınması, sosial-iqtisadi proseslərin təşkili və idarə olunmasında səmərəliliyin qorunması, nəticə etibarı ilə, makroiqtisadi müqavimətliliyin təmin olunması və s. məsələlərə hesablanmışdır.
Bu sahədə ölkənin bütün iqtisadi rayonları üzrə qarşıya qoyulmuş hədəflərin reallaşması sahəsində ardıcıl tədbirlər davam etdirilməkdədir. Koronavirus (COVİD– 19) pandemiyası dövründə ölkə iqtisadiyyatının milli mahiyyətinin üstün tutulması ilə yanaşı, eyni zamanda, onun regional inkşafının daha güclü dayaqlarının yaradılması prosesləri qətiyyətlə davam etdirildi.Pandemiya ilə qətiyyətli mübarizə tədbirləri çərçivəsində keçən müddət ərzində ölkənin Xaçmaz, Göygöl, Quba, Füzuli, Samux, Oğuz, Masallı, Qax rayonlarının sosial-iqtisadi inkişafının sürətlənməsinə və həmin rayonlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə stimullaşdırıcı təsir olan tənzimləyici tədbirlər həyata keçirilmiş və bu sahədə qətiyyətli addımlar atılmışdır. Həmin tədbirlər göstərilən rayonlar üzrə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya təlabatının ödənilməsinə aid olmaqla, strateji əhəmiyyətə malik olması ilə daha da aktuallıq qazanmaqdadır. Bunlarla yanaşı, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında ölkə başçısının 15 aprel 2020-ci il tarixdə imzaladığı Sərəncamın da mühüm əhəmiyyətini qeyd edə bilərik. Həmin Sərəncama əsasənölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə mavafiq Komissiya yaradılmışdır.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Respublikasında ölkə başçısının uzaqgörən siyasəti nəticəsində ilk növbədə ayrılıqda hər bir vətəndaşın, ümumilikdə isə, bütövlükdə xalqın fərdi və ictimai rifahı, firəvanlığı, sağlamlığı, təşəbbüskarlığı, sosial-iqtisadi inkişaf proseslərində fəal iştirakı kimi məsələlər daim aktuallığını saxlamaqdadır, artırmaqdadır. Təbii ki, bu isə, istənilən neqativ halın və hadisənin qarşısında güc mənbəyi deməkdir. Hazırda həmin potensial iqtisadiyyatın sosialyönümlülük çəkisinin daha da artmasına xidmət etməkdədir.
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirililən müşavirədə dövlətimizin başçısı ölkəmizin pandemiyanın təsirlərindən müdafiə olunmasında və sosial-iqtisadi gücünün qətiyyətlə artırılmasında reallaşdırılan tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirməklə demişdir: Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.
Beləliklə, mövcud sosial-iqtisadi potensial və onun davamlılığı sahəsində çxoistiqamətli dövlət tədbirlərinin həyata keçirilməsi əsaslanmaqla qeyd edə bilərik ki, Azərbaycan Respublikası Koronavirus (COVİD-19) pandemiyasının təsirlərinə qarşı etibarlı müdafiə gücünə malikdir. Bu günlərə qədər həm iqtisadiyyat, həm səhiyyə sahəsindəki islahatların effektivliliyi bu dünyəvi virusla mübarizədə ölkəmizin müqavimətliliyində bir daha özünü göstərdi. Digər tərəfdən, ölkə vətəndaşlarının pandemiya ilə mübarizədə də dövlətimizin və onun başçısının ətrafında sıx birləşdiyi, eyni zamanda həmrəy olması bir daha sübut olundu. Güc birlikdədir şüarı isə “evdəqal” çağırışına sadiq qalan vətəndaşların həyat amalına çevrildi.

 Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !