Seymur VERDİZADƏ: - Pozğun dediyiniz qadınlar, üzdəniraq dediyiniz kişilər...

Seymur VERDİZADƏ: Pozğun dediyiniz qadınlar, “üzdəniraq” dediyiniz kişilər...

Şou əhlinin Azərbaycanın ictimai həyatında söz sahibinə çevrilməsini heç vaxt istəməmişəm. Ona görə yox ki, bu adamların var-dövləti insanların gözünü qamaşdırır. Ona görə ki, şou adamları övladlarımıza, yeniyetmə və gənclərimizə yaxşı nümunə deyillər; əksəriyyəti savadsızdır, mütaliənin nə olduğunu bilmir, nəhayət, ucuz söz-söhbətlərlə, dedi-qodularla gənclərimizə pis nümunə olurlar...
Teleməkana ayaq açandan sonra bu adamların əksəriyyəti ilə tez-tez qarşılaşır, müxtəlif verilişlərdə yanaşı əyləşir, fikir alış-verişində bulunuram. Elə bir veriliş olmur ki, söz-söhbətsiz, dedi-qodusuz ötüşsün. Efirdə başımı görən kimi bəzi “ağıllılar” zəng vurub, məzəmmət etməyə başlayırlar. Sosial şəbəkələrdə şəkillərimiz qarşılarına çıxanda, çox adam şərh yazıb, narazılığını bildirir. Son 10 ildə bu sözləri bəlkə 10 min dəfə eşitmişəm: “O pozğun qadınların yanında sənin nə işin var?!” Dost bildiyim, özümə simsar sandığım adamların qınağı daha sərt olub: “Niyə o “üzdəniraq”la eyni verilişə çıxırsan?”
Ötən il tanış iş adamlarından biri belə demişdi: “Dünən verilişdə yanında oturan müğənniyə maşını mən almışam”.
Bu gün müğənnilər yenə gündəmdədirlər. Biz onları pandemiya nəticəsində işsiz qalan yoxsul ailələrə yardım edərkən görürük. Bəyənmədiyimiz Rəqsanə Moskvada yaşayan 350 azərbaycanlı ailəni öz himayəsinə götürüb. Röya Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat köçürüb. Vasif Məhərrəmlinin Qazaxda döymədiyi çox az qapı qalıb. Əməkdar artist Mətanət İsgəndərli əlindəki bir parça çörəyini də yoxsul insanlarla bölüşür. O gün qulağımla eşitdim, efirdə ağlaya-ağlaya deyirdi ki, Azərbaycanda elə insanlar var ki, suya batırıb yeməyə quru çörək tapmırlar. Kamil Zeynallı əlindəki-ovcundakı beş-üç manatı xərcləyib qurtarandan sonra dostlarını yardım aksiyasına qoşub. Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Cavanşir Məmmədov, Elza Seyidcahan, Nadir Qafarzadə, Ramal... əlindən gələni edir.
Bəs hər gün kürü yeyən, xeyirdə-şərdə sinəsinə döyən, ancaq brend mallar geyən adamlar hansı cəhənnəmdədir? “Galandewagen”in yanacağına ayda min manat xərcləyən məxluqlar niyə gözə görünmürlər? Xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını, körpə nəvəsini bahalı maşınının təkərləri altında xurd-xəşil edən biznesmen oğlu niyə əlini cibinə salmır? 49 kilo çəkisi olan qıza 50 min manatlıq maşın alan iş adamı harda veyillənir? Pandemiya üzündən dünyada 126 milyon insanın işsiz qaldığı bu çətin vaxtda başınızı hansı kola soxmusunuz? Niyə bir yetimi sevindirmirsiniz?
Ötən həftə də yazmışdım: hər kəsin qazandığı pulu istədiyi kimi xərcləmək hüququ var. Pul sizindir, istəyirsiniz ehtiyacı olanlara xərcləyin, istəyirsiniz əxlaqsız qadınlara sərf edin. Amma lütfən, sabah mənə zəng edib, əxlaqdan mənəviyyatdan dəm vurmayın. Koronavirus kimin hansı əxlaqın, hansı mənəviyyatın sahibi olduğunu üzə çıxardı... 
modern.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !