Gülağa Tənha - mənəvi-psixoloji dəstək

Gülağa Tənha mənəvi-psixoloji dəstək

Bu gün 22 aprel 2020 - ci il tarixidir və dünyanın hər yerində olduğu kimi Azərbaycanda da karantin günləri davam etməkdədir. Mətbuat sahəsinin nümayəndələri olaraq dövlət və xalqımızın rifahı naminə fəaliyyətmizi daha da qüvvətləndirib dünyada və Azərbaycanda baş verən hadisə və xəbərləri aperativ, doğru-dürüst şəkildə sizə çatdırırıq. Eyni zamanda mənəvi-psixoloji dəstək olmaq üçün də silsilə şeir, musiqi çələngləri təqdim edirik.
Azpress.az - saytı bu dəfə Gülağa Tənhanın "Səndən ötəri" və "Qarabağ" qəzəlini yayımlayır. Xanəndə, əməkdar artist İlkin Əhmədov məqam tapıb xeyriyyəçi - şair Gülağa Tənha haqqında qısa təqdimat və xatırlatma edir. Bu günə qədər gördüyü xeyriyyə işlərini alqışlayıb, təşəkkür edir və bir qədər sonra da "Qarabağ" qəzəlini oxuyacağını bildirir. Daha ətralı video linkdə...

 

 

qəzəl: Gülağa Tənha (Qənbərov)

ifa: əməkdar artist İlkin Əhmədov və əməkdar artist Bəyimxanım Vəliyeva

 


***


Qılığa tutmuşam, gülüm, sən gedəli həsrətini,
Göy üzünü pərdələyən harayı səndən ötəri.



Bəlkə Tanrı qarğıyıb, yaza bilmirəm ömrümə,
Hər günü səndən ötəri, hər ayı səndən ötəri.



Ayrılığın qəsdə durub, gəlməsən viran edəcək,
Küsdürdüyün könül adlı sarayı səndən ötəri.



Gözlərinə tən yaradıb Tanrımız, ey mahi-taban,
Həm Günü səndən ötəri, həm Ayı səndən ötəri.



Tənhalığın ağır dərdi canımdan alır ruhumu,
Bilmirsənmi Gülağa yaşayır səndən ötəri?



May, 2003

 

 


***

Bu geniş dünyada ən doğma yerimsən, Qarabağ,
Göy üzündə Günəşim, həm qəmərimsən, Qarabağ.



Heyran etmiş hamını ruhu saran şərqilərin,
Qəlblərə hakim olan nəğmələrimsən, Qarabağ.



Çox olub xoş günümüz, növrağımız qoynunda,
Dünyanın başına daş, qəm-kədərimsən, Qarabağ.



Tarixin dəftərinə yazmısan öz adını sən,
Xalqımın tarixisən, şah əsərimsən, Qarabağ.



Şəhid oldu sənin uğrunda neçə qəhrəmanım,
Neçə dastanlara layiq hünərimsən, Qarabağ.



Qaniçən yağı dilər ki, səni bizdən ayıra,
Öz qanında boğular, çün zəfərimsən, Qarabağ.



Millətim birləşərək yurdumu azad edəcək,
Gecədən sonrakı bir al səhərimsən, Qarabağ.



Moskva, 5 yanvar 1998

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !