Tez ol rulu bəri qaytar... -

Tez ol rulu bəri qaytar...

 Rəhmətlik aktyor Eldəniz Zeynalov Yaponiyadan gətirilən xeyli işlənmiş maşın almıbmış. Maşının da rulu sağdaymış. O vaxtlar belə maşınlar hələ təzə çıxıbmış. Eldəniz maşını alan kimi gəlir Mikayıl Mirzənin yanına. Onu da götürüb gedirlər maşını “yumağa”. Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər. Axşam da şəhərə qayıdırlar. “Azneft”i keçəndə yol polisi görür ki, maşın ləngər vura-vura gəlir. Əl eləyib maşını saxlatdırır. Eldəniz maşından düşən kimi, şığıyır polisin üstünə və özünəməxsus tərzdə deyir: “Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdu?”. Bu zaman Mikayıl Mirzə tez maşından düşüb girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır. Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş eləməyən Eldəniz də deyinə-deyinə əlini sükana atır, görür sükan yoxdu. Tez qapını açıb düşür və yüyürüb polisin yaxasından tutur ki: “Bura bax, alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu bəri qaytar”...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !