Azərbaycan diasporu ilə videokonfranslar davam edir - - FOTO

Azərbaycan diasporu ilə videokonfranslar davam edir - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri ilə videokonfransları davam etdirir. Növbəti videokonfrans Azərbaycan tərəfindən Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev və digər məsul şəxslərin, eyni zamanda 3 ölkədən - Rusiya, Ukrayna və Moldovadan diaspor nümayəndələrinin iştirakı ilə baş tutub.

Videokonfransda Dövlət Komitəsinin əməkdaşları “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadov, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun Xarkov şəhərindəki regional bölməsinin sədri Malik Dursunov, “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi”nin Lvov şəhərindəki gənclər təşkilatının sədri Şəhriyar Məhərrəmov, “Moskva Azərbaycanlıları Cəmiyyəti”nin sədri Şamil Tağıyev, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” təşkilatının idarə heyətinin üzvü Amil Ağayev, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyi və “Moldova Azərbaycanlıları Konqresi”nin təşəbbüsü ilə yaradılan qərargahın rəhbəri Maarif Rəhimov, “Sankt-Peterburq Azərbaycanlı Gənclər Təşkilatı”nın sədri Elman Manafov, “Ukrayna Azərbaycanlı Gəncləri Radası”nın sədri Vaqif Nağıyev ilə fikir mübadiləsi aparıb və müxtəlif məsələləri müzakirə ediblər. Konfrans iştirakçıları saxta erməni soyqırımının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də geniş müzakirələr aparıblar.

Diaspor təşkilatlarının təmsilçiləri bildiriblər ki, Ermənistanın xarici işlər nazirinin məlum bəyanatından sonra beynəlxalq təşkilatlardan açıqlama verilməsini tələb edirik. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyi barədə münasibətlərini ortaya qoymalıdırlar. Bu təkcə Azərbayacana deyil, həm də münaqişənin həlli ilə bağlı uzun illərdir ki, fəaliyyət göstərən beynəlxalq təşkilatlara və vasitəçi dövlətlərə qarşı hörmətsizlikdir.

Əslində bu bəyanat münaqişənin mərhələli həlli ilə bağlı razılaşdırılmış yekun mövqedən geri çəkilmə və bununla da münaqişənin həlli istiqamətində beynəlxalq missiyanın bu günəcən həyata keçirdiyi fəaliyyətin üstündən xətt çəkilməsi anlamına gəlir.

Sonra videokonfrans iştirakçıları koronavirus pandemiyası dövründə Azərbaycan diasporunun mütəşəkkilliyi və postpandemiya dövrü ilə bağlı geniş müzakirə aparıblar. Qeyd olunub ki, Azərbaycan diasporu bu dövrdə xüsusi həmrəylik nümayiş etdirib və Azərbaycana qayıda bilməyən soydaşlarımızın problemlərinin həllində yaxından iştirak edib.

Daha sonra postpandemiya dövrü üçün səsləndirilən təkliflər müzakirə edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !