Ağalar İDRİSOĞLU: - Diaspora sahəsində hələ görüləsi çox işlərimiz var...

Ağalar İDRİSOĞLU: Diaspora sahəsində hələ görüləsi çox işlərimiz var...

(Yazıçının Milli birlik haqqında düşüncələr silsiləsindən)

Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ətrafında sıx birləşməli və sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Yalnız bu yolla biz Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən biri edə bilərik.
Heydər Əliyev

Bəlkə də bu gün dünyada elə bir millət yoxdur ki, azərbaycanlılar kimi torpaqları tikə-tikə, parça-parça bölünsün və yadellilərin ayaqları altında tapdansın. Torpaqlarımızın böyük bir hissəsi - İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur, Qarabağ, Borçalı və digərləri yağı düşmənlər tərəfindən işğala məruz qalsalar da heç kim, heç bir qüdrətli dövlət bizə kömək eləmək istəmir. Dünyada özlərini sülh, bərabərlik, birlik, demokratiyanın tərəfdarları, carçıları adlandıran qüdrətli dövlətlər tərəfindən də millətimizin haqq səsi nə sirdirsə eşidilmir ki, eşidilmir...
Bəli, zaman-zaman millətimizin haqqı tapdalanıb. Bir vaxtlar onu İran və Rusiya iki yerə bölüb. Ən böyük faciə də odur ki, sayı artıq 60 milyona çatmağa az qalan soydaşlarımız hələ də birlik yaratmaq sevdası ilə yaşayırlar. Amma birləşmirlər ki, birləşmirlər… Axı, bu müsibətlər bir millətin başına tarixlər boyu niyə gətirilməli idi? Və yenə də niyə gətirilir? Niyə bu millətdə milli birlik yoxdur? Nədir bu millətin günahı?..
Bəlkə də torpağının altı da, üstü də bol-bərəkətli olmasındandır ki, hələ çox-çox qədimlərdən yadellilər bu torpağı işğal etməyə can atıblar və çox vaxt da öz istəklərinə nail olublar. Bəlkə bu diyar şərqlə qərbin kəsişdiyi yerdə bir körpü olduğuna görədir ki, hələ çox-çox əvvəllər və sonralar fatehlər bu torpağı döyüş meydanına çevirib millətimizi pərən-pərən salıblar. Bu millət də öz canını, ailəsini qorumaq məqsədi ilə dünyanın hər yerinə səpələnib. Axı, bu gün sayı 60 milyona çatmağa az qalan bu millətin bir hissəsi dünyanın ayrı-ayrı məmləkətlərində yaşayır və oranı özlərinə ikinci vətən kimi seçiblər. Qəriblikdə yaşayan həmvətənlərimiz belə bir atalar sözü də yaradıblar: “Qərib quşun Vətəni olmaz”. Onlar qəriblikdə dərdlərini dağıtmaq, ürəklərinin harayını Vətənə çatdırmaqçün belə bayatılar qoşublar.

Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.

Dağlar dağımdı mənim,
Qəm ortağımdı mənim.
Dindirsən qan ağlaram,
Qərib çağımdı mənim.

Əzizim yar ağlasın,
Tar, saz, kaman ağlasın.
Qərib eldə ölürəm,
Dərdimə el ağlasın.

Doğrudan da çox qəmli, niskilli atalar sözü, ağılar və bayatılardır. Qəriblikdə yaşayan həmvətənlərimiz yüzlərlə belə bayatılar, şeirlər, ağılar yaradıblar…
Bu tarixi bir həqiqətdir ki, azərbaycanlılar heç vaxt qəsbkar olmayıb və başqa millətlərin torpaqlarını işğal eləməyib. Amma öz torpaqlarımız zaman-zaman işğala məruz qalıb… Bax, budur tarixi haqsızlıq. Budur tarixin acı və faciəvi dərsi. Keçmiş tariximizə nəzər saldıqca azərbaycanlıların başına gətirilən faciələr aydın görünür və bu müsibətlər də bizi həmrəyliyə, birliyə səsləyir. Amma çox acınacaqlı və dəhşətlidir ki, bütün bunları hamımız bilsək də, o istəklə yaşasaq da birləşmək istəmirik. Axı niyə? Nədir bunun səbəbi? Niyə biz beləyik? Niyə birləşmirik? Buna mane olan, bunun qarşısını alan nədir və ya kimlərdir?..
Fikrimcə daxilimizdə bir-birimizə qarşı paxıllıq, kin-küdurət, hikkə imkan vermir ki, biz birləşək. Bir də başqa millətlərin, başqa dövlət rəhbərlərinin ağlı, diqtəsi ilə daha çox oturub-dururuq. Başa düşə bilmirik ki, həmin millətlər və onların rəhbərləri bizim birləşməyimizi, bir olmağımızı istəmirlər. Qanlı tarixi hadisələr nəticəsində eramızdan əvvəl və eramızın ilk əsrlərində azərbaycanlılar Şərq və Qərb ölkələrinə səpələnməyə məcbur olublar. Aleksandr Makedonskinin, Pompeyin və başqa fatehlərin Azərbaycanın başına gətirdiyi müsibətlər…
İslam dinini qəbul eləmək istəməyən milyonlarla Atəşpərəst azərbaycanlılar da ərəblərin zülmündən Hindistana və başqa Asiya, Şərq ölkələrinə köç ediblər… Monqol-tatarlarının yürüşü zamanı isə minlərlə və bəlkə milyondan çox azərbaycanlı ailələri zorla Orta Asiyaya, Əfqanıstana, Pakistana, Hindistana, Çinə, başqa ölklərə aparılıb və orada məskunlaşdırılıb. Beləliklə, onların da çoxu assimilasiyaya uğrayaraq, adlarını, soy adlarını və hətta millətlərini də dəyişiblər. Mən, 2010-cu ildə Hindistanda olanda çoxlu belə azərbaycanlılarla rastlaşmışdım… Açığı bu, mənə çox pis təsir eləmişdi və bu haqda həmin vaxtı qəzetlərdə, saytlarda öz fikirlərimi də yazmışdım…
Deməli, bu gün dünyada öz soy adlarını, adlarını və millətini dəyişən milyonlarla azərbaycanlılar yaşayır…
Avropalıların və çar Rusiyasının işğalından sonra azərbaycanlı hərbçilər, tacirlər və sənət adamları Avropanın və Rusiyanın şəhərlərində məskunlaşıblar. Sovetlərin işğalından sonra isə Azərbaycan burjuaziyasının nümayəndələri, elm adamları, sənətkarları, ziyalıları Qərbi Avropada, Amerikada və Türkiyədə özlərinə sığınacaq tapıblar. Daha sonra Vətənə dönməyiblər. Onların da çoxu assimiliyasiyaya uğrayıblar… Moskvada təhsil aldığım vaxtlarda belə azərbaycanlılarla da rastlaşmışdım…
Sovetlərin, qırmızı imperiyanın millətimizə qarşı apardığı qanlı siyasət nəticəsində 1937-38-ci illərdə minlərlə düşünən beyinlərimiz güllələnib və Orta Asiyaya, Sibirə sürgün olunublar. Birinci və İkinci Dünya Müharibəsi vaxtı əsir düşən həmvətənlərimiz də qırmızı imperiyanın və Stalinin qorxusundan müharibədən sonra geri dönməyib, Avropada, Türkiyədə, Amerikada məskunlaşıblar. SSRİ-nin süqutundan sonra isə yenə də millətin başına gətirilən müsibətlər nəticəsində minlərlə həmvətənlərimiz, Türkiyəyə, Avropaya, Amerikaya mühacirət ediblər. Eləcə də İranda baş verən tarixi hadisələr zamanı da 3 milyondan artıq azərilər Amerikaya və Avropaya səpələniblər…
Hələ bütün bunlar azmış kimi, XX əsrin əvvəllərindən başlayaraq, 1989-cu ilə kimi 2 milyondan artıq azərbaycanlı da dədə-baba yurdu olan Ermənistandan qovulub və didərgin düşüblər. Bir vaxtlar əhalisinin 80 faizi azərbaycanlılar olan İrəvan şəhərində bu gün bir nəfər də millətimizin nümayəndəsi yaşamır. 700 mindən artıq azərbaycanlı isə erməni və rus siyasətinin, məkrinin nəticəsində Qarabağ kimi dilbər guşəmizdən qacqın düşməyə məcbur olublar...
Beləliklə, təkcə XX əsrdə artıq 15 milyondan çox azərbaycanlı dünyanın ayrı-ayrı ölkələrinə səpələniblər. Qəriblik, didərginlik ömrü yaşamağa başlayıblar. Bu da tarixi həqiqətdır ki, həmin azərbaycanlıların 8 milyondan çoxu vaxtı ilə Şimali Azərbaycanın vətəndaşı olublar. Bütün bunların hamısından dünyanın hegemon dövlətlərinin rəhbərlərinin, beynəlxalq təşkilatların çox yaxşı xəbəri var. Bəs niyə onlar bu haqsızlığa göz yumurlar? Niyə bizim haqqımızı, haqq sözümüzü, haqq fikrimizi müdafiə etmirlər? Deməli, onlar yalandan özlərini bizə dost kimi göstərirlər. Onlar bizimlə yalançı dostluq oyunu oynayırlar. Deməli, onlara bu torpağın var- dövləti, nefti, qazı və başqa sərvətləri lazımdır, millətinin taleyi yox…
Bu gün təkcə Rusiyada 3 milyondan artıq həmvətənlərimiz yaşayır. Amerikada 1 milyon, İraqda 1 milyon, Türkiyədə 3 milyon və qalanları isə dünyanın ayrı-ayrı ölkələrində məskunlaşıb. Hamısı birlikdə 15 milyondan artıqdır. Bunlar yalnız qeydiyyata düşənlərdir. Yəqin bunun yarısı qədər də qeydiyyata düşməyənlər var. Yuxarıda yazdığım kimi, 50 milyondan çox azərbaycanlı da artıq assimilyasiya olaraq, millətini, dilini, dinini dəyişib. Bax bu, tarixçi alimlərimizdən və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin böyük tədqiqat tələb eləyən işidir. Bunlar tədqiq olunsa millətimizlə bağlı çoxlu dəhşətli faciələr üzə çıxar…
Qeyd edək ki, azərbaycanlıların ən çox yaşadıqları qitə Asiyadır. Bu qitədə 40 milyondan artıq azərilər yaşayır və onların da 30 milyondan çoxu öz doğma vətənləri olan Cənubi Azərbaycandadır. Bu gün azərbaycanlılar hətta Avstraliyada, Okean ölkələrində də məskən salıblar. Başlarına gətirilən bütün bu müsibətlərdən, facilərdən ruhdan düşməyən həmvətənlərimiz də çoxdur. Onlar yaşadıqları həmin ölkələrdə özlərinin diaspor təşkilatlarını yaratmaqla bir fikir, bir ideya ətrafında birləşirlər. Və bu gün çox sevindirici haldır ki, dünyada azərbaycanlıların 400- dən artıq inkişaf etmiş diaspor təşkilatları var. Bu da bizə həyata nikbin baxmağa imkan verir ki, ilk diaspor təşkilatımızın yaranmasından cəmi 71 il vaxt keçdiyi bu müddətdə ictimai təşkilatlarımız belə çox artıb. Belə ki, ilk diaspor təşkilatımızın həyata vəsiqə alması Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin adı ilə bağlıdır. O, 1949-cu ildə Türkiyədə “Azərbaycan Kültür Dərnəyi” yaratmaqla bu müqəddəs işin əsasını qoyub. Yeddi il sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin başqa bir aparıcı nümayəndəsi, həmin vaxtlar Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük əməyi olmuş və Nuru Paşanın Azərbaycana gəlməsində böyük rol oynamış Nağı Şeyxzamanlının Amerikada yaşayan oğlu Saleh Şeyxzamanlı ABŞ-da “Amerikanın Azərbaycan Cəmiyyəti” təşkilatını yaradıb.
Beləliklə də, bu gün həmin estafetin davamı olaraq, yuxarıda yazdığımız kimi dünyada 400-dən artıq Azərbaycan icma və birlikləri, Mədəni Muxtariyyət Cəmiyyətləri fəaliyyət göstərir. Bu gün Müstəqil Azərbaycan ölkəsinin rəhbərinin və əsas aparıcı liderlərinin vəzifəsi bu olmalıdır ki, həmin təşkilatları vahid mərkəzdə birləşdirməyi qarşılarına əsas məqsəd kimi qoysunlar. Çünki bunu bizdən bu günkü zaman tələb edir. Necə ki, dünyanın çox ölkələri yüz ildən artıqdır ki, bu işləri görürlər. Elə bədnam qonşularımız, ermənilərin pullu adamları bu sahədə çox böyük həvəslə milyonlar xərcləyirlər. Hətta ermənilərin guya genosidə məruz qaldıqları ağ yalanı bütün dünya xalqlarına sübut etməkçün milyardlarla dollarından keçirlər. Dünyanın çoxlu aparıcı informasiya vasitələrini pulla ələ alıb, bu işə, bədnam əmələ, ağ yalana yönəldirlər erməni gavurlar.
Bu gün Türkiyədə bir qrup adamın qondarma erməni genosidini müdafiə etməsi, guya olmuş hadisəyə görə ermənilərdən üzr istəməsi məgər elə buna bariz sübut deyilmi? Görürsünüzmü erməni siyasətçiləri hansı oyunlar qururlar?.. Bu, bədnam siyasətlə bağlı nə qədər pullar xərcləyirlər…
Amma türkdilli xalqlar hələ də bunu başa düşüb bir olmaq, vahid diaspora ətrafında birləşmək istəmirlər. Təsəvvür edin ki, əgər türkdilli xalqlar bir diaspora ətrafında birləşsələr görün dünyada necə qüvvətli və qüdrətli təşkilat ola bilərik. Və dünyanın ən aparıcı ölkələri belə bizimlə hesablaşmağa məcbur olarlar.
Dünyanın işinə baxın ki, erməni 105 il bundan qabaq olmamış genosidi dünya millətlərinə sırıya bildiyi halda biz, analoqu olmayan Xocalı və Ağdaban faciələrini, həqiqətən olmuş qanlı, müdhiş hadisələri sübut eləyə, bu həqiqətləri dünya xalqlarına lazımı səviyyədə çatdıra bilmirik. Onlara bu qanlı faciələri, genosidi hələ də inandıra bilməmişik. Bütün bunlar da ondan yaranır ki, biz hələ də kiçik, cılız hisslərlə yaşamaqla millətin bu çətin məqamında düşmənlərimizin bizi üzük qaşı kimi əhatəyə aldığı bir vaxtda birləşmək, bir ideyaya, bir fikrə gəlmək kimi müqəddəs işi istəmirik... Niyə? Kimlərdir bunun günahkarları?..
Bütün bunlarla birlikdə sevindirici hal odur ki, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin axırlarından baslayaraq, bu sahədə ciddi işlər görülməyə başlanılıb. Belə ki, 1991-ci ilin dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev 31 dekabrın Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması təklifi, təşəbbüsü ilə çıxış edib və bu haqda Naxçıvan Ali Məclisində qərar qəbul olunub. Yenə də Ümummilli Liderimizin təşəbbüsü ilə 1997-ci ilin dekadr ayının 27-də Respublika Sarayında keçirilən toplantıda bu sahədə əsas addımlardan biri atıldı. Ulu Öndərin həmin toplantıda dediyi bu sözlər bura toplaşan həmvətənlərimizi həqiqi mənada silkələdi. Dərindən düşünməyə məcbur elədi: “Biz bu torpaqda yaşayan azərbaycanlılar, başqa ölkələrdə yaşayan soydaşlarımız haqqında həmişə düşünürük. Onlarla əlaqə yaratmaq istəyirik və həmişə onlarla həmrəyliyimizi bildirməyə çalışırıq... Bu günkü müstəqil Azərbaycan Respublikası bilin ki, bütün dünya azərbaycanlılarının dayağıdır. Və bütün dünya azərbaycanlıları üçün örnəkdir. Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və yaşayacaqdır!”
Əbədiyaşar liderimiz Heydər Əliyev həmişə dünya azərbaycanlılarının tarixi Vətənlə hərtərəfli münasibətlərini möhkəmləndirməyi, milli özünəməxsusluğu qorumağı, diasporlararası əlaqələri genişləndirməyi, xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsini çox vacib və ümdə məsələ hesab edirdi.
2001-ci ilin noyabr ayının 9-10 tarixlərində Dünya Azərbaycanlılarının Bakıda keçirilən I Qurultayı böyük tarixi hadisə olmaqla bütün həmvətənlərimizin vahid ideya - azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda əhəmiyyətli bir addım oldu. 2002-ci ilin iyununda Prezident Heydər Əliyevin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması böyük tarixi hadisə olmaqla Azərbaycan diasporunun formalaşmasında və təşkilatlanmasında müstəsna əhəmiyyət kəsb elədi. Bu Komitə qısa bir vaxtda Dünya Azərbaycanlılarının həmrəyliyinə, soydaşlarımızın mənəvi birliyinin yaradılmasına mühüm təkan verdi. 2002-ci ilin dekabr ayının 27-də isə növbəti maraqlı bir addım atıldı. “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun da xaricdə yaşayan azərbaycanlılar arasında çox böyük perspektivlər, uğurlu işlər görməyə yol açdı. Onların Azərbaycanın mənafeyi ətrafında sıx birləşməsinə yaxşı şərait yaratdı. Azərbaycanın həyatında ən böyük tarixi hadisə isə axırıncı yüzillikdə böyük siyasətçi Heydər Əliyevin ideyası, uzaqgörən siyasəti ilə Bakı, Tbilisi, Ceyhan neft kəmərinin çəkilməsi oldu. Təsəvvür edin ki, məşhur türk fatehləri Çingiz xan, Əmir Teymur, İldırım Bəyazid, Şah İsmayıl Xətai, Sultan Səlim və başqaları türkdilli xalqları qılınc gücünə birləşdirmək istəsələr də onlar tarixlər boyu bu istəklərinə nail ola bilmədilər. Amma Heydər Əliyev neft və artıq çəkilişi Prezident İlham Əliyev tərəfindən başa çatan qaz kəmərləri, Bakı- Tiflis- Qars beynəlxalq dəmir yolu, tikintisi sürətlə gedən digər layihələrlə iqtisadi, sənaye, mənəvi, mədəni və həm də ədəbiyyat sahələrilə bütün türkdilli xalqları birləşdirə bildik və onlar bir müqəddəs ideya ətrafına cəlb olundular. Yəqin elə buna görədir ki, ulu öndər Heydər Əliyev sağlığında tez-tez bu atalar sözlərini işlədirdi: “Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”.
Azərbaycan diasporunun həyatında ən mühüm hadisələrdən biri də 2004-cü ilin oktyabr ayında oldu. Bu da Azərbaycan və Rusiya prezidentlərinin istirakı ilə Ümumrusiya Azərbaycan Konqresinin II Qurultayının keçirilməsi hadisəsi idi. Bu Qurultay da azərbaycanlıların Rusiyada sıx birləşməsinə, eyni fikrə gəlməsinə böyük təkan verdi.
2006-cı ilin mart ayının 16-da Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi də böyük tarixi hadisə olmaqla sübut elədi ki, həmvətənlərimiz istəsələr tezlikə böyuk birlik, həmrəylik yarada bilərlər. Elə həmin gün “Dünya azərbaycanlıları” 3 cildlik kitabının birinci cildi də çapdan çıxaraq, Qurultay iştirakçılarına paylanması tarixi hadisə oldu. Çünki bu kitab diaspor aləmində ilk samballı toplu olmaqla, həm də ilk qaranquş idi. Qurultayda bu kitabı alan həmvətənlərimizin necə sevindiyinin şahidi olmaq mənə də qismət oldu. Bu kitabdakı dörd fəsildə Rusiya və MDB məkanında yaşayan ən aparıcı həmvətənlərimiz, elm, ədəbiyyat, incəsənət xadimlərimiz, is adamlarımız, məşhur sənətkarlarımız təmsil olunmuşdur. Bununla birlikdə isə həmvətənlərimiz fəslində Azərbaycanda doğulan və heç vaxt bu yerləri yaddan çıxarmayan, yaratdıqları, gördüyü işlərdə Azərbaycanı həmişə təbliğ edən, həm də bu gün MDB məkanında məşhur olan şəxslər də kitabda layiqincə təmsil olunub. Sevinirəm ki, həmin kitabın işıq üzü görməsində az da olsa mənim də xidmətim olub. Çox istəyirəm ki, həmin kitabın ikici və üçüncü cildləri də çap olunsun. Bu da diaspora sahəsində böyük iş ola bilər. Həm də dünyada yaşayan məşhur azərbaycanlılarla yaxından tanış olmağımıza köməklik edər. Bu işidə də bizə Prezident Administrasiyası və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi maliyyə köməkliyi eləyə bilər ki, həmin kitabın ikinci və üçücü cildini də çap etdirək. Bu kitab həm də xalqımızın, düşmənlərimiz olan ermənilərə çox yaxşı və tutarlı bir cavabı ola bilər.
2008-ci ilin dekabr ayının 18 və 19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası da böyük tarixi hadisə oldu. Belə ki, toplantıda 700 nəfərdən artıq həmvətənlərimizin, xarici qonaqların, bütün ölkələrdəki diaspor rəhbərlərinin iştirak etməsi maraqlı hadisə idi. Bu tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının layihəsi müzakirə olunaraq qəbul olundu. Bu sənədin də əsas məqsədi diasporun qarşısında duran vəzifələri müəyyənləşdirmək, Azərbaycan lobbiçiliyini qurmaq, xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə dəstək vermək, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporun fəaliyyət istiqamətlərini müəyyən etməkdir. Bu sənədin qəbul olması doğrudan da böyük tarixi hadisə idi. Və bu, millətimizin böyük qələbəsidir. Bütün bunlar diaspor işimizdə uğurlarımız olmaqla yanaşı, hələ görüləsi çox işlərimiz də var. Biz, lobbiçilik işini yüksək səviyyədə qura bilsək, dünya xalqları arasında öz sözümüzü layiqincə deyə bilərik. Buna görə hər bir azərbaycanlıdan ilk öncə Vətən sevgisi, torpağa vurğunluq, Vətənin hər qarışını öz canımızla qorumaq tələb olunur.
Bəli, başımıza gətirilən müsibətlər, faciələr bizə dərs olmalıdır. Tariximizin qanla yazılmış səhifələri bizim qan yaddaşımızı oyatmalı və biz hökmən birləşməliyik. Heç olmasa dünyaya səpələnmiş həmvətənlərimizin, bacı və qardaşlarımızın, artıq dilini, dinini unutmağa məcbur olmuş soydaşlarımızın xatirinə hökmən birləşməliyik. Ermənistanın işğal etdiyi torpaqlarımızı qaytarmaq xatirinə hökmən birləşməliyik. Qarabağda, Xankəndində, Şuşada və işğal olunmuş bütün torpaqlarımızda qısa zaman çərçivəsində milli bayrağımızı taxmaq xatirinə bir mənalı olaraq birləşməliyik. Milli birlik yaratmalıyıq. Əgər bütün bunları biz özümüz eləməsək, dədə-baba torpaqlarımızı geri qaytara bilməsək, bilin ki, gələcək nəsillərimiz heç vaxt bizi bağışlamayacaq. Çünki bizim bu qədər problemləri, həll olunmayan məsələləri, bizi ümidlə gözləyən itirdiyimiz torpaqların fəryadını, gösləri yolda qalan yolunu gələcək nəsillərçün qoyub getməyə haqqımız və ixtiyarımız yoxdur... Yoxdur!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !