Psixoloq: Qadın özünə qarşı təzyiqlərə susduqca, kişilər daha çox zorakılıq edir - -FOTO

Psixoloq: “Qadın özünə qarşı təzyiqlərə susduqca, kişilər daha çox zorakılıq edir ” -FOTO

“Qadın özünə qarşı edilən haqsızlığa, zorakılığa susduqca, kişi daha çox hegemonluq edir. Bunun nəticəsində şiddət daha da artır və cinayət törədilir”.
Bu sözləri açıqlamasında psixoloq Nuriyyə Quliyeva mətbuatda qadınların öldürülməsinə dair yayılan məlumatlara münasibət bildirərkən deyib.
Psixoloq bildirib ki, qadınlara qarşı şiddət təəssüf ki, dünyanın istənilən ölkəsində və bütün dövrlərdə olub:
“Ailə münaqişələrinin artması bir az da insanların uzun müddət bir evdə qalması ilə bağlıdır. Daha əvvəl işə gedirdik, zamanımızın çoxunu evdən kənarda keçirirdik. Lakin mövcud vəziyyətlə əlaqədar istəsək də, istəməsək də evdəyik.
Əslində, cinayətlərlə bağlı faktlar artmayıb. Sadəcə, hazırkı situasiya əvvəldən münaqişəli olan ailələrə bir qədər mənfi təsir edib. Hər əsəbi insan cinayət edə bilməz. Əsəbini cilovlaya bilməyən insanlar hər hansı əşyanı sındırmaqla, dərin nəfəs almaqla sakitləşirlər. Cinayət törədən insanların xüsusi psixologiyası, xarakteri olur.
Təəssüf ki, bu, o insanların uşaqlıqda valideynləri tərəfindən fiziki və ya psixoloji təzyiq altında qalmaları ilə bağlıdır. Bu səbəbdən də həyatda şiddətə meyilli olurlar. Bundan başqa kinolar, xəbərlər, xüsusilə də cinayət məlumatları insanlarda mənfi təsir yaradır. Bu da o insanları cinayətə meyilləndirir”.
“Cinayətlər birdən-birə baş vermir. İlk qığılcımlar qadına hədə-qorxu gəlməklə, fiziki təzyiqləri hər gün daha da artırmaqla başlayır. Amma çox hallarda xanımın sərbəst iqtisadi vəziyyətinin, ali təhsilinin olmaması və tək başına övladlarına baxa bilməmək qorxusu bu təzyiqlərə göz yummasına səbəb olur.
Ailələrin böyük əksəriyyəti qızlarına “getdiyin evdən yalnız kəfənlə çıxa bilərsən” deyir. Bu söz ilə heç vaxt razılaşmamışam. Şiddət artdıqca ailələri onlara dəstək olmadıqları üçün qadınlarımız öldürülür”, - deyə N.Quliyeva əlavə edib.
Xatırladaq ki, son dövrlər ümumilikdə cinayət faktları qeydə alınmayıb. Bakı şəhəri üzrə bu il qeydə alınan ümumi cinayət faktlarının sayı yanvar ayında 4, fevral ayında 3, mart ayında isə 4 olub. Karantin dövründə paytaxt ərazisində cinayət hadisələrinin dinamikasında ciddi azalma müşahidə edilir. oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !