190 manat, Prezidenti və xalqı aldadan nazirlər - - Azər HƏSRƏT yazır

190 manat, Prezidenti və xalqı aldadan nazirlər - Azər HƏSRƏT yazır

Bir sıra ölkələr koronavirus karantin rejimini yumşaltmaq yolu tutub. O cümlədən Azərbaycan da. Özəlliklə də bu virusdan ən çox zərər görməkdə olan İtaliya, İspaniya, Fransa və Almaniyanın qismən də olsa normal həyata qayıtmaqla bağlı gerçəkləşdirməkdə olduğu tədbirlər bütün dünyada ümidlənməyə səbəb olur. Elə bizdə də. Üstəlik, bizim ölkəmiz koronavirusla mücadilə tədbirlərini ən uyğun şəkildə həyata keçirənlərin önündə gedir. Təkrarçılıq olsa da qeyd edək ki, pandemiyanın elan edilməsilə Azərbaycan Prezidenti İlham Əliyevin önləyici tədbirlərə üstünlük verməsi, dövlətin məhz bu yöndə səfərbər olunması bu an üçün durumun müqayisədə çox da dəhşətli olmadığını deməyə əsas verir. Lakin arxayınlığa əsla yer yoxdur və tədbiri əldən qoymaq olmaz. Çünki bir tərəfdə bəzi dövlətlər karantindən çıxmağa hazırlaşmaqdaykən başqa tərəfdə yeni-yeni dövlətlər, obrazlı desək, estafeti qəbul etməkdədir. Təəssüf ki…

Aprelin 24-də dünyada rekord sayda yoluxma qeydə alındı: 105 min 825 nəfər. Baxmayaraq ki, Avropada ölü və yoluxma sayında ciddi azalma müşahidə edilir, başqa coğrafiyalarda yeni-yeni dövlətlər irəli çıxmaqdadır. Bunların arasında qeyd olunan gün üçün Güney Amerikada yerləşən Ekvadorun içlər ağrıdıcı durumunu ayrıca qeyd etmək lazımdır. Bu ölkədə hər gün bir neçə yüz yoluxma qeydə alınırdısa, aprelin 24-də birdən-birə 11 min 536 yoluxmanın qeydə alınmasıyla pandemiya yeni sürət götürmüş oldu. Bu cür ölkələr sırasında Quzey qonşumuz Rusiya da irəli çıxmaqdadır təəssüf ki. Orada hər gün minlərlə yoluxma faktı qeydə alınır. Təbii ki, belə bir durum bizim üçün də əlavə təhlükə deməkdir. Buraya İrandakı qorxunc durumu da əlavə etsək, eyni zamanda Orta Asiyadakı qardaş dövlətlərimiz Qazaxıstan və Özbəkistanda da artımın davam etdiyini nəzərə alsaq, arxayınlığımız üçün tez olduğunu deyə bilərik. Türkiyə də öz yerində təbii ki. Bu ölkə hazırda yoluxma sayına görə dünyada 7-ci yeri tutur. Aprelin 24-ü üçün burada yoluxanların sayı 104 min 912 nəfər idi…

Yeri gəlmişkən, işğalçı Ermənistan da fəlakət durumundakı ölkələr sırasındadır. Azərbaycanla müqayisə edərsək, orada aparılan testlərin sayını da nəzərə alarsaq bu ölkəni qarşıda çox ciddi problemlərin gözlədiyini deyə bilərik.

Ermənistanda 25 aprel üçün olan məlumatlara görə, 1677 yoluxma qeydə alınıb ki, bunlardan da 28-i ölüb, ümumi yoluxanlardan 846-sı hələ də xəstəxanalarda müalicə alır. Cəmi 17 min 342 nəfərin test edildiyi ölkədə yəqin ki, rəqəmlərin daha dəhşətli ola biləcəyini proqnozlaşdıra bilərik. Bura onu da əlavə edək ki, Ermənistanda hər milyon nəfərə 566 yoluxma, 9 ölüm halı düşür.

Azərbaycana gəlincə, yoluxma rəqəmi Ermənistanla yaxın olsa da nisbəti nəzərə alanda nikbinlik üçün ciddi əsasımız var. 25 aprel üçün ölkəmizdə ümumi yoluxanların sayı 1617 olub. 21 nəfər ölüb, 516 nəfər fəal müalicə mərhələsindədir. Əhalinin nisbətinə böləndə hər milyon nəfərə 159 yoluxma, 2 ölüm hadisəsi düşür. Ümumi test sayı isə 120 min 479 nəfər təşkil edib.

Azərbaycanda yoluxma hallarının azalması bizdə arxayınlıq yaratmamalıdır. Bəzən baxırıq ki, insanlarımız hələ də koronavirusun ciddiyyətini anlamırlar. Küçələrdə boş-boş gəzən insanlar, dükanlarda adamın az qala çənəsinin altına girənlər N qədərdir. Belə davam edərsək koronavirus karantininin uzanmayacağına heç kim təminat verə bilməz…

Yeri gəlmişkən, aprelin 27-dən Azərbaycanda karantinin mərhələli şəkildə yumşaldımasına başlanır. Bəzi ticarət və xidmət obyektləri işini bərpa edəcək. Əlbəttə, maddi-iqtisadi problemlərin həlli baxımından bu addım təqdir edilməlidir. Lakin yenə də insanlarımızın məsuliyyətli davranmasına ciddi ehtiyac olacaq.

Məsuliyyətə gəlincə, bu, təkcə vətəndaşın diqqətə almalı olduğu məsələ deyil. Bir sıra dövlət qurumları – nazirliklərin də daha məsuliyyətli davranmağına ehtiyac var.

Günlərdir mediada passiv – yaddan belə çıxmış VÖEN-i olanların 190 manatlıq dövlət yardımını ala bilməməsilə bağlı məsələ müzakirə edilir. Dönə-dönə izah edilir ki, illər öncə hansısa ehtiyac üzündən VÖEN açıb sonra onu işlətməyən minlərlə insan hazırda ciddi ehtiyac duyduğu dövlət dəstəyini ala bilmir. Lakin bu izahlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), eləcə də ləğv edilmiş Vergilər Nazirliyinin – yəni hazırkı İqtisadiyyat Nazirliyinin vecinə də deyil. Bu iki nazirlik topu bir-birilərinə ata-ata günü-günə satmaqla məşğuldur. Halbuki hər iki qurumun rəhbəri – Sahil Babayev və Mikayıl Cabbarov bir araya gələrək problemi çox qısa müddətə həll edə bilərdi. Amma görürük ki, adamların tükü də tərpənmir. Bunlar həmişə olduğu kimi yenə də Prezident İlham Əliyevin vətəndaşı düşünərək həyata keçirməkdə olduğu proqramları gözdən salırlar. ƏƏSMN rəsmiləri bizə izah edir ki, sistemdə adamların adına aktiv VÖEN göründüyü üçün onlara 190 manat verilmir. Şəxsən tanıdığımız adamlar var ki, VÖEN-i 10-15 il öncə açıblar, açdıqları kimi də unudublar, illərdir hesabat-filan da vermirlər. Yəni məcburiyyət qarşısında açdırılan VÖEN olduğu üçün belə davranıblar. İndi sual olunur ki, Mikayıl Cabbarovun nazirliyi niyə belə VÖEN-ləri hələ də fəal olaraq qələmə verir? Bunu ötən yazımızda qeyd etmişdik: adam ölkədə işləyən əhalinin sayını süni şəkildə artıq göstərərək Prezidenti rəsmən aldatmaqla məşğuldur!

Bəs Sahil Babayevin nazirliyi də durumun belə olduğunu bildiyi halda niyə tədbir görmür? Cavab verirlər ki, biz orda VÖEN-i aktiv kimi görürük, ona görə belə davranırıq. Elə isə, necə olur ki, 49 mənzili olan birinin 190 manat üçün müraciət etdiyini aşkara çıxara bilirsiniz? Deməli, sizin ölü VÖEN-ləri də müəyyən etmək üçün mexanizminiz var da. Olmasaydı kimin nəyinin olduğunu necə müəyyən edə bilərdiniz? Lap elə adamlarınVÖEN-i aktiv görünürsə, niyə Mikayıl Cabbarovun nazirliyinə müraciət edib məsələni həll etməyə çalışmırsınız? Nədir marağınız? Niyə Prezidentin bu qədər xoş məramını öz yarıtmazlığınızla gözdən salırsınız? Niyə Prezidenti və xalqı aldadırsınız?

Sonda: Bu yazının yazıldığı an üçün dünya üzrə 2 milyon 850 min yoluxma rəsmiləşdirilib. Onlardan 192 mini ölüb, 812 mini sağalıb. Hər milyon nəfərə düşən orta yoluxma sayı 366, ölüm sayı isə 25 nəfər təşkil edir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !