Fazil Mustafa - "Böyük Vətən müharibəsi" ifadəsinin yanlış olduğunu bir daha bildirdi...

Fazil Mustafa "Böyük Vətən müharibəsi" ifadəsinin yanlış olduğunu bir daha bildirdi...

Milli Məclisin 30 mart iclasında ilk dəfə "Böyük Vətən müharibəsi" ifadəsinin yanlış olduğunu, bunun bizim milli maraqlarımıza uyğun olmadığını, bizim üçün Böyük Vətənin Azərbaycan, Böyük Vətən müharibəsinin də Qarabağ müharibəsi olduğunu söyləyərək bunu "2-ci dünya müharibəsi" sözləri ilə əvəzləməyi təklif etdim. Həmin iclasda çıxış edən deputat həmkarlarım anlaşılmaz arqumentlərlə hamısı "Böyük Vətən müharibəsi" adının qalmasına tərəfdar olduqlarını bildirdilər. Bir həftə sonra ictimaiyyət nümayəndələri bu məsələ ilə bağlı imza toplayaraq bir kampaniya başlatdılar. Bu məsələnin tərəfimizdən gündəmə gətirilməsini görməzdən gəlsələr də, hər bir halda işin faydasına olan bir kampaniya olduğunu vurğulayaraq bu prosesi təqdirlə qarşıladıq. Milli Məclisin növbəti iclasında yenə də məsələ ikinci oxunuşda müzakirə olunarkən böyük əksəriyyət "Böyük Vətən müharibəsi" adının doğru olduğunu çıxışlarında bildirdi. Biz sakitcə bu məntiqsiz yanaşmanı seyr etməklə məşğul olduq və Qanun bu adla qəbul olundu. Lakin yeganə şəxs olaraq əleyhinə səs verdim. İndi budur, baxıram ölkə prezidenti bu mövzuya aid bir məsələdə sərəncam verib və həmin sərəncamda hər şey öz yerinə qoyulub: 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəslərə verilən imtiyazlarla bağlı sərəncamdır bu. Ad doğru seçilib. Ölkə prezidenti ölkə üçün milli həssaslıq tələb edən məsələdə həqiqətən də səsləndirilən ideyalara çox ciddi həssaslıqla yanaşdığını ortaya qoydu. İndi bu adın doğru olmadığını söyləyən tapılacaqmı? Bu gün 27 aprellə- müstəqilliyimizin süqutunun 100 illiyi ilə bağlı qaldırdığım məsələdə də təqribən eyni münasibəti gördüm. Milli maraqlarımızı ifadə edərkən bir çoxları sanki bir məsələ üzərində həyəcan keçirirlər: Bu qonşu dövlətlərin xoşuna gəlməyə bilər. Biz axı hansısa dövləti ittiham etmirik, baş vermiş tarixi faktı qeyd edirik. Bu dərəcədə ictimai qorxaqlıqla biz hara gedirik?
 

***

1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:

2.1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2020-ci il.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !