Ahıl jurnalistlər söz cəbhəsindən kənarda qalmayıblar -

Ahıl jurnalistlər söz cəbhəsindən kənarda qalmayıblar

“Ahıl jurnalistlər də karantin rejimindədir. Biz bir-birimizlə mütəmadi əlaqə saxlayırıq, Azərbaycana və bütün dünyaya koronavirusdan qısa zamanda yaxa qurtarmağı arzu edirik. Ahıl jurnalistlər həmişə olduğu kimi, bu çətin günlərdə də söz cəbhəsindən kənarda qalmayıblar. Onlar mediada çıxışlarını yenə də davam etdirir, insanları qoyulmuş qaydalara əməl etməyə səsləyirlər”.
Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə KİV-ə bu açıqlamasının davamında bildirib:

– Məclisin 300-ə yaxın üzvü var, onlardan, təxminən, 50 nəfəri rayonlarda yaşayır. Evdə qalan ahıl jurnalistlər olaraq, vaxtımızı mənalı, maraqlı keçirmək üçün yazıb-oxumağımızı, teleradio verilişlərini izləməyimizi davam etdiririk, fikir-düşüncələrimizi bir-birimizlə bölüşürük. Çalışırıq ki, həm öz başımızı qataq, koronavirusun doğurduğu ağırlığı üzərimizdən ataq, həm də yaxınlarımızın, çevrəmizin yüksək əhval-ruhiyyədə qalmasına yardım edək.
Yaşlı qələm sahibləri həm də təcrübəli baba, nənədirlər. İndi hamısı evdə, nəvələrinin əhatəsində qalıblar. Onlar çalışırlar ki, nəvələri ilə daha çox ünsiyyətdə olsunlar, keçdikləri zəngin həyat yolundan rəvayətlər, xatirələr danışsınlar. İndiki dönəmdə səbr, təmkin nümayiş etdirmək vacib məsələdir.
Ahıl jurnalistlər də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gerçəkləşdirilən çevik və əhatəli antipandemiya tədbirlərini razılıqla qarşılayır, ölkəmizin bu bəladan ən az itki ilə çıxmasını arzu edirlər. Həkimlərimiz, tibb işçiləri, karantin rejimində çalışan insanlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri indiki vaxtda çox əziyyət çəkirlər. Onlarınfədakar əməyinə sayğı olaraq, biz də karantin qaydalarına əməl etməli, səbrli olmalıyıq. Nə qədər özümüzü və yaxınlarımızı qorumağı bacarsaq, o qədər qısa zamanda normal gündəlik həyatımıza, əvvəlki ictimai həyatımıza qayıda bilərik.
Bugünlərdə ahıl jurnalistlər də xalqımızın əksər nümayəndələri kimi, müəyyən çətinliklərlə üzləşirlər. Onları da irili-xırdalı narahat edən məsələlər var. Hazırda ahıl jurnalistlərin yaşadığı ən böyük problem onların səhhəti ilə bağlıdır. Dərman preparatlarına, həkim qəbuluna, aptekə getməyə ehtiyacları olur. Amma ahıl jurnalistlər, ilk növbədə, xalqı düşünürlər. Özlərini heç zaman ön plana çəkib, nə isə istəmirlər. Maddi imkanları az olsa da, möhkəm iradə nümayiş etdirib, səbrlə davranırlar. Biz ümid edirik ki, bu bəladan xalqımız birlikdə, intizam və səbrlə can qurtaracaq.
Əslində, bizim gündəlik həyatımız, tədbirlərimiz davam edir. Dəyişən budur ki, yaşlı jurnalistləri canlı formada bir yerə toplamırıq. Amma cəmiyyətlə virtual ünsiyyətimiz, redaksiyalarla, Mətbuat Şurası ilə telefon, internet əlaqəmiz davam edir, gündəmdə olan məsələlər barədə onlayn müzakirələr açılır. Ahıl jurnalistləri ad günləri, yubileyləri münasibətilə təbrik edirik, qayğıları ilə maraqlanırıq. Bizim söhbətlərimizdə həmişə inam, nikbinlik olur. Üzümüzü yalnız işıq gələn tərəfə tuturuq, sabaha ümidlə yaşayırıq.
Ahıl Jurnalistlərin rəhbəri sonda onu da əlavə edib ki, karantin rejimi ləğv edildikdən sonra məclis üzvləri imkan tapıb, mütləq bir yerə toplaşacaq: “Artıq Ahıl Jurnalistlər Məclisinin 10 yaşı tamam olub. Karantin bitəndən sonra ilk tədbirimiz məhz 10 illiyimizi qeyd etmək olacaq”.
R.TAHİR,
xalqqazeti.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !