KOICA COVID-19 Virusunun təsirini azaltmaq məqsədilə məcburi köçkünlərə dəstək olur - (+FOTO=2)

KOICA COVID-19 Virusunun təsirini azaltmaq məqsədilə məcburi köçkünlərə dəstək olur (+FOTO=2)

Məcburi köçkünlərə COVID-19 virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq və onların gigiyenik-tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Komitə) arasında 27 aprel 2020-ci il tarixində Anlaşma Memorandumu imzalanmışdır.

İmzalanma Mərasimində Komitənin sədri cənab Rövşən Rzayev və sədr müavini cənab Fuad Huseynov, KOICA Azərbaycan Nümayəndəliyinin ölkə üzrə direktoru xanım Park Kumok, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının prezidenti xanım Vəfa Yaqublu və digər əlaqədar rəsmilər sosial məsafəninin qorunması qaydalarına riayət etməklə iştirak etmişdir.

Anlaşma Memorandumuna əsasən, KOICA-nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış aztəminatlı məcburi köçkünlərə - yaşı 65-dən yuxarı ahıl tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd sovqat bağlaması paylanılacaqdır. İmzalanma Mərasimində xüsusi karantin rejiminin tətbiq olunduğu hazırkı şəraitdə “Biz birlikdə güclüyük”, “Evdə qal – Sağlam ol” və digər bu kimi şüarlarla həyata keçirilən sosial baxımdan həssas əhali qruplarından olan insanlara maddi və mənəvi dəstəyin göstərilməsi kimi fəaliyyətlərin vacibiyyəti vurğulanmışdır.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim Koreya hökumətinin diqqət mərkəzində olub. Məcburi köçkünlərin yaşayış şəraitinin və rifah halının yaxşılaşdırılması məqsədilə KOICA “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” və “Beyləqan rayonu Xocavənd Qəsəbəsində Su Təchizatı və Kanalizasiya Sisteminin Yaradılması” layihələri kimi bir sıra layihə və fəaliyyətlər həyata keçirir,

KOICA məcburi köçkünlərə yardım göstərmək üçün müxtəlif tədbirlərin bundan sonra da həyata keçiriləcəyini İmzalanma Mərasimdə qeyd etdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !