Saakaşvilinin yeni siyasi YÜKSƏLİŞİ: - Bakıda nikbinlik, Yerevanda narahatlıq...

Saakaşvilinin yeni siyasi YÜKSƏLİŞİ: Bakıda nikbinlik, Yerevanda narahatlıq...

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada yüksək posta təyin olunması birmənalı qarşılanmadı. Prezident Vladimir Zelenski onun baş nazirin islahatlar üzrə müavini təyin olunacağını açıqladı. Zelenkisinin “Xalqın qulluqçusu” partiyasının Ali Radada çoxluğa malik olduğunu nəzərə aldıqda, siyasətçinin təyinatı heç kəsdə şübhə doğurmur.

Mixail Saakaşvilinin ağır vəziyyətdə olan Ukrayna iqtisadiyyatına dəstək verməsi üçün bu posta təyin olunduğunu heç kəs gizlətmir. Onun Beynəlxalq Valyuta Fondu ilə kredit götürmək üçün danışıqlara başlayacağı gözlənilir.

Postosovet məkanında fəaliyyəti daim diqqətlə izlənilən Mixail Saakaşvilinin karyera yüksəlişi Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Modern.az xatırladır ki, bu təsirin ən bariz təzahürü Tbilisi ilə Kiyev arasında diplomatik gərginliyin yaranmasına özünü göstərir.

Vətənində barəsində bir neçə cinayət işi açılan, beynəlxalq axtarışa verilən Saakaşvili hazırkı Gürcüstan hakimiyyətinin və hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvilinin əsas rəqibi sayılır.

Gürcüstanın beynəlxalq axtarışa verdiyi eks-prezidenti ilə bağlı narahatlığı Ukraynadakı səfir Teymuraz Şaraşenidze dilə gətirmişdi.

“Bu insan legitim Gürcüstan hakimiyyətini devirməyə çağırışlar edib. Onun barəsində açılan cinayət işlərinin materialları Kiyevə göndərilib”.

Ölkənin baş naziri Geori Qaxariya Gürcüstanın “axtardığı və məhkum etdiyi” Mixail Saakaşvilinin Ukraynanın Nazirlər Kabinetinə təyin olunacağı təqdirdə, Kiyevdəki səfirlərini “ən azından konsultasiya” üçün geri çağıracaqlarını açıqlamışdı.

Gürcüstan müxalifətinin əsas nümayənədlərindən biri, Moskvaya yaxınlığı ilə tanınan Nino Burcanadze isə ölkə iqtidarını sərt tənqid etmişdi.

“Bu Ukraynanın deyil, heç yerdə hörməti olmayan Gürcüstan rəhbərliyinin günahıdır”.

O “Gürcüstan hakimiyyətinin məntiqi ilə çıxış etsək, Saakaşvilinin mühazirə oxuduğu yaxud yaşadığı bütün ölkələrlə diplomatik əlaqələri kəsməliyik”-deyə yaranmış vəziyyətə etirazını bildirib.

Maraqlıdır ki, iki ölkə arasında münasibətlər pisləşməyə doğru getsə də, hələ 2015-ci ildə Pyotr Poroşenko siyasətçini Odessa qubernatoru təyin edən zaman indiki kimi hay-küy yaranmamışdı. O zaman da, rəsmi Tbilisi etirazını bildirmiş lakin gərginlik qısa müddətdə səngimişdi.

İstənilən halda, iki ölkə arasında yaşanacaq gərginliyin geniş miqyas alması heç bir tərəf üçün arzuolunan deyil. Rəsmi Yerevan Mixail Saakaşvilinin gözlənilən təyinatına rəsmi reaksiya verməsə də, siyasi strukturlarda və politoloji dairələrdə gürcü siyasətçinin növbəti yüksəlişi narahatlıq doğurub. Hakimiyyətdə olduğu illərdə də Ermənistana etibarsız qonuş kimi baxan Saakaşvili Azərbaycanı strateji müttəfiqi elan etmişdi.

“Saakaşvilinin hakimiyyət illəri Ermənistanla münasibətlərdə müsbətdən çox məngilər gətirdi. Çünki o, əsas xarici siyasət kursunu Azərbaycan və Türkiyə ilə əlaqələr qurmaqda gördü. Əslində o bununla Ermənistana qarşı iqtisadi və siyasi təzyiqlərə rəvac vermiş olur”-deyə Saakaşvilinin prezident postundan uzaqlaşmasından az sonra Ermənistan parlamentinin eks-spideri Artur Baqdasaryan açıqlama vermişdi.

Cavaxetiya erməni separatizmi və Gümrüdə Rusiyaya məxsus 102-ci hərbi bazanın mövcudluğu Saakaşvilini rəsmi Yerevanla ehtiyatlı davaranmağa vadar etsə də, siyasətçi hər zaman Ermənistan rəhbərliyinə soyuq münasibətini nümayiş etdirib.

O 2008-ci ilin avqustunda Rusiya ilə hərbi toqquşma zamanı Gümrüdəki Rusiya bazasını ölkəsinin milli təhlükəsizliyi üçün əsas təhlükə elan etmişdi.

Gürcüstan prezidenti postundan getdikdən sonra da Mixail Saakaşvili beynəlxalq arenada Azərbaycanın maraqlarını müdafiə edən çıxışları ilə diqqət çəkmişdi. 2019-cu ilin avqustunda jurnaslistlərə açıqlamasında “Qarabağ Azərbaycandır”- deyərək Ermənistan baş naziri Nikol Paşinyanın başlatdığı polemikaya öz münasibətini göstərmişdi. Bu cəsarətli mövqedən sonra Ermənistanın hakim dairələri və mətbuatında arasında ona qarşı düşmən münasibət daha da güclənib.

Ukrayna baş nazirinin müavini təyin olunmaqla, Mixail Saakaşvili onsuz da yüksək səviyyədə olan Azərbaycan-Ukrayna münasibətlərinin (Vladimir Zelenski Cənubi Qafqazda yeganə səfərini Bakıya etmişdi) möhkəmlənməsinə öz töhfəsini verəcək. Hələ Gürcüstan prezidenti olarkən “Azərbaycanın bizim 1 nömərli strateji müttəfiqimizdir”-deyən siyasətçi yeni postunda bu sözlərini bir daha sübut etməyə imkan qazanacaq.

Bakı ilə Kiyevi birləşdirən çoxsaylı çoxsaylı iqtisadi, siyasi, mədəni və tarixi amilləri nəzərə alsaq, Mixail Saakaşvili ikitərəfli münasibətlərə xüsusi dinamiklik gətirəcəyi şübhəsizdir. Bu baxımdan, gürcü siyasətçinin təyinatı ilə bağlı Bakıda nikbinlik, Yerevanda isə hökm sürən narahatlıq təbii qəbul olunmalıdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !