İşğalın 100 ili və ya tarixdən ibrət dərsi... - (+FOTO=2)

İşğalın 100 ili və ya tarixdən ibrət dərsi... (+FOTO=2)

Ziyad Əmrahov:"Müstəqil Cümhuriyyətin devrilməsində xüsusi fəallıqları ilə seçilən daxili qüvvələr, kommunistlər Əliheydər Qarayev, Çingiz İldırım, Mirzə Davud Hüseynov, M.H.Hacınski və digərlərinin elə uğrunda çalışdıqları rejimin cəza maşınında müxtəlif vaxtlarda ölüm hökmünü daddıqlarını görə bildilər"

1920-ci il 27 aprel, saat 20.45... Bu tarixi an Azərbaycan xalqının tarixi yaddaşına həm də ona görə həkk olunmalıdır ki, müstəqil dövlətin varlığını istəməyənlərin, onu yad qüvvələrin, yad rejimin nəzarəti altına sürükləyənlərin sonradan elə sürüklədikləri rejimin amansız cəza-repressiyya maşınının qurbanı olduqlarını görmüş olsunlar. İstiqlal yollarının haradan, necə və hansı şəraitdə başlandığını bir daha xatırlayaraq unutmasınlar! Cümhuriyyəti quranlar isə müstəqillik haqqında “İstiqlaliyyət bəyannaməsi”ni ölkə hüdudlarından kənarda elan edib, sonradan ölkənin ərazi bütövlüyünü qorumaq, Bakını paytaxta çevirmək üçün ölüm-dirim savaşı vermişdilər. Aparılmış savaşda isə yalnız tarixi Azərbaycanın Arazdan şimaldakı ərazilərində bu suverenliyi yarada bilmişdilər. Qurulan dövlətin adı belə qonşular tərəfindən qısqanclıqla qarşılanmışdı. Gah qonşu İran, gah da daxildəki düşmənlər bu adı qəbul edə bilmir, müxtəlif bəhanələr səsləndirir, “vahid və bölünməz Rusiya amili”ni ortaya atır, beynəlxalq hüququn az sonra subyektinə çevriləcək Respublikanın varlığını həzm edə bilmirdilər. Bütün bu təhdid və birbaşa təhlükələr onun fonunda baş verirdi ki, respublikanın istiqlaliyyəti 1920-ci il yanvarın 11-də Parisdə Versalda Antanta ölkələrinin Ali Şurası tərəfindən tanınmışdı.
Həmin tarixi anı Cümhuriyyətin xarici işlər naziri postunu tutan Fətəli xan Xoyski Parlamentin 1920-ci il 12 yanvar tarixli iclasında alqışlar sədası altında belə qeyd edirdi: “May ayının 28-də 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dərhəqiqət kəndisinin istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü eylə göstərdi ki, Avropa onun haqqını verməyə və istiqlalını təsdiq etməyə vadar oldu.” Bəli, bu sözlər təsadüfən deyilməmişdi. Bu, bir müstəqil respublikanın xarici işlər nazirinin hələ 1918-ci ilin noyabrın 17-də Bakıya daxil olaraq Cümhuriyyətin müstəqilliyini tanımaqdan imtina edən ingilis qüvvələrinin ali baş komandanı Tomsonla apardığı gərgin danışıqları yaşamış dövlət xadiminin eyni zamanda ölkənin ali qanunverici orqanından Azərbaycan xalqına bir hesabat məruzəsi idi. Azərbaycan xalqına Parlament kürsüsündən bu xitabətin sevinci həm də onda hiss olunurdu ki, əvvəl Cümhuriyyətin istiqlalını, indi isə onun təsdiqini elan etmək səadətini yaşamışdı. O zaman hökumət başçısı, baş nazir postunda, indi isə xarici işlər naziri postunda bu möhtəşəm missiyanı Azərbaycan xalqı ilə bölüşürdü. Məbusun bu möhtəşəm nitqini nümayəndələr lojasında əyləşmiş İngiltərə nümayəndəsi də alqışlarla qarşılamışdı.
Bütün bunlara rəğmən Azərbaycanı xalqının o zamankı bu möhtəşəm sevincinə həm şimaldan gələn təhlükə, həm də daxildəki, qanunverici orqanın tərkibindəki parlament üzvləri tərəfindən iclasların gedişində qeyri-müəyyən çıxış və mülahizələrlə canlı sipər çəkməyə çalışırdılar. Daxildəki qüvvələri bir az da ürəkləndirən məqam isə şimaldan Denikin təhlükəsinin başlanması idi. Bu məqam Əliheydər Qarayev, Səmədağa Ağamalıoğlunun çıxışlarında kəskinliyi ilə qoyulmuşdu. Qars, Zəngəzur, Qarabağda fəallaşan erməni separatçılarına hökumətin silahlı müdaxilə etməsini qətiyyətlə tələb etmək əvəzinə “möhtərəm məbuslar” hakimiyyətin təhvil verilməsini, yeni qurulacaq “şura hökuməti” ilə həmrəyliyə çağırışlar edir, Zəngəzur, Kars və Qarabağda ermənilərin separatçı hərəkətlərinə son qoyacaq yeganə qüvvənin Qırmızı Rusiya qüvvələri olduğunu bəyan edirdilər.
Əliheydər Qarayaevin bu bədnam fikirlərinə qarşı kəskin mövqe sərgiləyən M.Ə.Rəsulzadə isə deyirdi: “Əfəndilər! Burada müəyyən bir məsələ var. O məsələ budur ki, Qarabağda Azərbaycan istiqlal və hürriyyətinin düşməin olan bir ünsür tərəfindən fəsad və üsyan qaldırmışdır. Bu fəsad qarşısında hökumət və bütün məmləkət əmri vaqe qarşısında bulunaraq mübarizə edir. Burada digər bir sui-qəsdin şəriki Qarabağda deyil, Bakının özündə, Azərbaycan mərkəzində böyük bir üsyan qaldırmaqda iştirak edən birisi, bir asi burada deyir ki, nə qədər siz biz asilər ilə üzləşməmisiniz, Qarabağ asiləri ilə mübarizə edənmiyəcəksiniz, binaən-ileyh bir üsyanı yatırmaq üçün hökumətin, ümuri-idarəni biz asilərin əlinə verməlisiniz. Əfəndilər! Üsyan çığıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun. İkisi də asidir. Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir.”. Əsəblərini cilovlaya bilməyən Məmməd Əmin qətiyyətlə davam edərək deyirdi: “...Bu nədir? Bu söyləyən əcaba kimdir? Bunu deyən Azərbaycan xalqının nümayəndəsimidir və yaxud Məclisi-Məbusa. Məclisi-Məbusan üzvü sifətilə guya bizimlə Azərbaycan müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir? Öz içərimizdən bizə ultimatum verir, bizi Qırmızı Rusiyanın orduları ilə təhdid edir?”
Bəli, həmin təhdidlər getdikcə açıq müstəviyə keçirdi. Daxildən başlanan təhlükə xaricdən Rusiya Xalq Xarici İşlər komissarı G.Çiçerin tərəfindən verilən notalarla daha da möhkəmlənir, Azərbaycanın başı üzərinə qara buludlar yaxınlaşırdı. Azərbaycan hökumətini Denikinlə danışıqlar aparmaqda günahlandıran Rusiya gələcək işğalını pərdələmək üçün bəhanə axtarırdı. Cümhuriyyət Parlamentində isə kommunist və sosialist fraksiyasının üzvləri gələcək Qırmızı Ordunun ilhamverici tərəfdarları kimi çıxış edirdi. Bolşevik Rusiyasının silahlı qüvvələri isə artıq şimal sərhədimizin lap astanasında idi. 1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisinə soxuldular. Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş) min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd bildirilir. Bununla da “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın Rusiya tərəfindən yeni işğalı baş verdi. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə yazırdı: “Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır” (burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir – Z.Ə.). Elə həmin axşam 20.45-də Azərbaycan Parlamentinin Məmməd Yusif Səfərovun sədrliyi ilə fövqəladə iclası keçirildi. Parlamentin fövqəladə iclasının açıq şəkildə keçirilməsini təkidlə tələb edən M.Ə.Rəsulzadə parlamentin axırıncı iclasında çıxış etdi. Bu çıxışında sərhədlərimizi keçən düşmən qüvvələrinə sonacan müqavimət göstərməyi vacib saydı.
Lakin göstərilən səylər əbəs idi. Düşmən artıq Yalama stansiyasında 2 saatlıq qanlı toqquşmalardan sonra Bakıya doğru irəliləyirdi. Artıq vəziyyətin çıxılmaz olduğunu görən Parlament hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar çıxardı, müstəqil dövlətin varlığına son qoyuldu. Bununla belə, Azərbaycan xalqı daha bir tarixdən ibrət ala biləcək hadisəyə şahidlik elədi.
Müstəqil Cümhuriyyətin devrilməsində xüsusi fəallıqları ilə seçilən daxili qüvvələr, kommunistlər Əliheydər Qarayev, Çingiz İldırım, Mirzə Davud Hüseynov, M.H.Hacınski və digərlərinin elə uğrunda çalışdıqları rejimin cəza maşınında müxtəlif vaxtlarda ölüm hökmünü daddıqlarını görə bildilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !