Azadə Balayeva: "Tanınmayan jurnalist jurnalist deyil" - - MÜSAHİBƏ FOTO=2

Azadə Balayeva: "Tanınmayan jurnalist jurnalist deyil" - MÜSAHİBƏ FOTO=2

"Xanim sözü”nün növbəti qonağı jurnalist Azadə Balayevadır.
--Karantin günlərini necə keçirirsiniz?

- Jurnalistlər üçün karantin rejimi-filan yoxdur. Digər həmkarlarım kimi mən də ölkəmizdə bu qorxunc bəla müşahidə olunmağa başlayandan işimin başındayam. Həftənin altı günü, səhər saat 10-dan axşam doqquza qədər işdəyəm. Bu günlərdə üzərimizə nə qədər böyük məsuliyyətin düşdüyünün fərqindəyik. Mənə elə gəlir ki, jurnalistlər bu günlərdə polislər, hərbiçilər, təmizlik işçiləri qədər fədakarlıq nümayiş etdirirlər. Hətta deyərdim ki, həkimlər bu gün fiziki sağlamlığımıza cavabdehdirlərsə, jurnalistlər də cəmiyyətdə ruhi tarazlığın qorunmasına görə yükü öz üzərlərinə götürüblər. Media olmasa dövlətin gördüyü işlərin də bu qədər effekti olmaz. Media dövlətlə cəmiyyət arasında bir körpüdür. Hökumətin gördüyü işləri cəmiyyətə məhz jurnalistlər çatdırır və insanlar da bu günlərdə fəlakətlə təkbaşına qalmadıqlarını anladılar, dövlətin bu pandemiyadan minimal itkiylə çıxmaq üçün mümkün bütün addımları atdığına şahid oldular. Eləcə də, gün boyu maarifləndirici süjetlərlə insanların pandemiya dövründə necə davranmalarını aşıladıq, xəstəliyin miqyasını, bəzən dəhşətini bütün çılpaqlığı ilə göstərməklə insanları səngərlərinə - evlərinə çəkilməsinə vasitəçi olduq. Nəticədə çox şükür ki, qısa müddətdə müsbət tendensiyalar müşahidə olunmağa başladı. Dövlət başçımız prezident İlham Əliyev müsahibələrindən birində, "jurnalistlərbəlkə də özləri də bilmədən mənimköməkçilərimdir” demişdi. Bəlkə təvazökarlıqdan uzaq görünə bilər, amma mənə elə gəlir ki, bu kritik günlərdə jurnalistlər həqiqətən hökumətin ən yaxşı köməkçiləri oldular.
Heç vaxt işləmək istəmirsənsə, sevdiyin işlə məşğul ol
- Hazırda harda çalışırsınız?
- Hazırda Space TV-də "Hər Gün” Xəbərlər Xidmətinin redaktoruyam. 2017-ci ildə Space-dən ayrıldıqdan sonra bir mddət özəl şirkətlərdən birində media məsələləri üzrə menecer kimi çalışdım. Baxmayaraq ki, jurnalistikadakı işimdən daha rahat və gəlirli iş idi, amma sevdiyim işdən uzaq qalmaq məni çox sıxırdı. Ona görə də təkrar sevimli işimə döndüm. Konfutsinin çox sevdiyim bir deyimi var, deyir, "heç vaxt işləmək istəmirsənsə, sevdiyin işlə məşğul ol”. Mənim hazırkı statusumu bu deyimlə ifadə edərdim.
-Şəkili qızı Bakıya bağlayan nə oldu?
- Təbii ki, işim, arzularım. Mən jurnalistəm, sənətimi də çox sevirəm və bu iş mənim üçün sadəcə gəlir mənbəyi deyil. İndi təsəvvür edin, mən doğulduğum Şəkinin Aşağı Göynük kəndində hansı media orqanında çalışa bilərəm sizcə? Bilmirəm, bu sual təsadüfidirmi, yoxsa son vaxtlar sosial mediada yenidən aktuallaşan "rayonlular Bakıya niyə gəlir?” şovinizmindənmi qaynaqlanır. Amma, hər nədirsə, demək istəyirəm ki, xoşbəxt olmaq hər bir insanın amalı və haqqıdır. İnsan özünü harada, necə xoşbəxt görürsə orada da yaşamalıdır. Biri özünü kəndin yaşıllığında, təmiz havasında xoşbəxt hiss edirsə, digəri üçün isə Xəzərin sahilində səhər velosiped sürmək daha xoşdur. Mənim Atam 18 il işiylə bağlı Bakıda yaşadı və qaldığı hər gün kəndi arzulayırdı və işindən ayrılandan dərhal sonra kəndə döndü. Qısa müddətdə təsərrüfatını da qurdu, bağ saldı, qoyunlar aldı, toyuq-cücə artırdı. Bütün bunlar onu xoşbəxt edirdi. Amma mən belə şeylərdən xoşbəxt ola bilmirəm. Mənim arzularımın yaxından – uzağa kəndlə bir əlaqəsi yoxdur. Uşaqlıqdan musiqiyə çox həvəsim vardı. Atama az qala son gününə qədər irad bildirdim ki, məni musiqi məktəbinə qoymadın. Səbəb kənddə yaşamağımız, rayon mərkəzinə gediş – gəlişin çətin olması idi. O səbəbdən də arzum ürəyimdə qaldı. Eləcə də, bayaq qeyd etdiyim kimi, sənətimlə bağlı arzularımın da kəndlə bir əlaqəsi yoxdur. Bəlkə də orada həyat şəraitim daha yüksək olardı, ən azından kirayələrdə ömrüm çürüməz, bu gün də nəmişlikdən uçub-tökülən 22 kvadratmetrlik mənzilə ayın sonunda ödəyəcəyim 200 manatın dərdini çəkməzdim. Amma şükürlər olsun ki, sevdiyim işlə məşğulam və bu illəri boşuna yaşamamışam. Ümid edirəm ki, dövlətimizin, ölkə başçımızın jurnalistlərin problemlərinə diqqəti və qayğısının nəticəsi olaraq ev problemim də 3 ay sonra həllini tapar, jurnalistlər üçün ayrılan mənzillərdən nəhayət mənə də pay düşər.
Efirlərdən uzaq düşmüsünüz. Əvvəllər hər gün sizi ekranda görürdük.
- Elədir. İndi işimin xarakteri elədir ki, fəaliyyətimin nəticəsi görünsə də özüm kadr arxasında qalıram. Əslində, ölkəmizdə koronavirusla mübarizəyə start verilən günlərdə televiziyamızda "Bu Gün, İndi” adlı analitik – informasiya proqramı yayıma başladı və aparıcılığı da mənə həvalə olunmuşdu. Amma qısa müddət sonra işlərimin çoxluğundan ondan imtina etməli oldum.
-Uşaqlıqdan efirdə sizi görürdüm. İllər keçib. Sizi tanımasaydım elə bilərdim 100 yaşınız var.
- Məni qocaltdığınız üçün "təşəkkür” (gülür). Yadda qalmaq, tamaşaçı tərəfindən xatırlanmaq çox gözəl hissdir. Vladimir Molçanov deyir, tanınmayan jurnalist jurnalist deyil. Mən aparıcı kimi deyil, məhz imzama görə, jurnalist kimi tanındığıma görə sənətdə xoşbəxtliyimə nail oduğumu söyləyə bilərəm. Bir neçə il əvvəl, hələ ANS – də işləyirdim. Bir yerdə növbəyə dayanarkən iki nəfərin söhbətinə şahid olmuşdum. Biri məni göstərib digərinə deyirdi ki, bu qız Milli Məclisin saatlarla davam edən iclasından 2-3 dəqiqəlik elə reportaj edir, bütün vacib məsələləri elə əhatə edir ki, elə bilirsən özün iclasda iştirak etmisən. Tamaşaçının belə detallara diqqət etməsinə çox heyrətlənmişdim. Milli Məclisdən reportyorluğumdan söz düşmüşkən, bir hadisəni də xatırladım. Bu gün çox tanınan həmkarlarımdan biri bir gün parlamentdə mənə yaxınlaşıb dedi ki, bəs rəhbərlik mənə deyir ikiniz də eyni iclsa gedirsiniz, necə olur ki, Azadə Balayevanın reportajları, seçdiyi sinxronlar (parlamentdə deputatların çıxışlarındandan parçalar) daha maraqlı olur. Ona görə də rəhbərlik həmin həmkarıma parlamentdə mənim fəaliyyətimi izləməyi tapşırmışdı. Yəni, dediyim odur ki, adətən belə detalları peşəkarlar duyur, tamaşaçının da görməsi insanı sevindirir.
Mirşahinin işçilərin üstünə qışqırdığını, hətta təhqir etdiyini deyirdilər
-Bütün media çalışanlarına jurnalist deyirlər. Türkiyədə TV muhabiri, qazeteci kimi anlayışlar var. Özünüz də əvvəllər qəzetdə çalışmısınız. Tv, radio,sayt yoxsa qəzet? Hansı daha doğmadır?

- Mən jurnalist fəaliyyətimə qəzetdən başlamışam. Amma həmişə ağlımda televiziya jurnalisti olmaq vardı. Hətta ANS-ə gəlməzdən əvvəl iş üçün Space TV-ə müraciət etmişdim. Bu 2004-ci ilin əvvəllərinə təsadüf edir. O vaxt Space çox baxılır, çox sevilirdi. Amma Space-dən müraciətimə cavab gəlməzdən əvvəl ANS-dən dəvət aldım. Təbii ki, ANS də məşhur idi o vaxtlar. Amma oradakı vəziyyətlə bağlı dedi-qodular məni qorxudurdu. Televiziyaya nə qədər həvəsim olsa da həmin vaxta qədər artıq iki dəfə müxtəlif səviyyələrdə ANS-də çalışmağımla bağlı dəvət almışdım, amma imtina etmişdim. Deyirdim, mən Mirşahinlə işləyə bilmərəm. Xarakterimə bələd olanlar, söz götürmədiyimi bilirlər. Orada da Mirşahinin işçilərin üstünə qışqırdığını, hətta təhqir etdiyini deyirdilər. Ona görə tərəddüd edirdim. Sonradan bunu Mirşahin müəllimə söyləmişdim, onda, "dəli – zadam boş-boşuna kiminsə üstünə qışqıram”, demişdi. Həqiqətən də, orada çalışdığım müddətdə şəxsən özümə qarşı nə Mirşahin, nə də Seyfulla və Vahid Mustafayevlərdən bir hörmətsizlik görmədim. Tam əksinə, həmişə mənə dəyər veriblər. Beləcə, üçüncü dəvətdən sonra, "Koroğlu üçdən deyib” məsəli ilə ANS-dən televiziya həyatım başladı və bu gün də davam edir.
Çalışdığım qəzetlər də mənim üçün doğmadır. Mən "Hürriyyət” və "525-ci qəzet”lərdə çalışmışam. Universitet skamyasından sonrakı məktəbim bu qəzetlər olub. Bu media orqanlarında bu gün Azərbaycan mediasının aparıcı simaları olan insanlardan çox şey öyrənmişəm, gözəl dostlar qazanmışam. Saytlara gəlincə, təəssüf ki, saytlarda uzunmüddətli fəaliyyətim olmayıb. Sadəcə zaman-zaman saytlarda tərcümələrim, məqalələrim dərc olunur. Buna görə sayt rəhbərləri dostlarıma minnətdaram.
-Yuxarda qeyd etdiklərimdən hansı insanı daha peşəkar jurnalist kimi yetişdirə bilir?
- Dövr və kütləvi informasiya vasitəsinin xarakterinə görə fərqlidir. Məsələn, Azərbaycanın media məkanında belə bir tezis var ki, yaxşı telereportyor olmaq üçün mütləq öncə bir müddət qəzetdə çalışmaq lazımmış. Amma mən televiziyada çalışacaq xəbər jurnalisti üçün bunu vacib hesab etmirəm və medianın yaxın tarixi də göstərir ki, jurnalistikaya sıfırdan televiziyada başlayan nə qədər uğurlu telereportyorlar olub. Çap media məktəbini keçmək daha çox publisitikaya, analitikaya, araşdırma jurnalistikasına meylli olanlar üçün vacibdir. Qeyd etdiyim kimi, fərqli dövrdə yaşamamız da jurnalistlərin yetişməsində yeni imkanlar açıb. Bu gün online media istər operativliyi, istərsə də auditoriyasına görə istər çap, istərsə də elektron medianı qabaqlayır. Son illər online mediada çox uğurlu imzalar yetişib. Bir də qeyd edim ki, ilk harada başlamağından asılı olmayaraq yaxşı jurnalist olmanın əsas şərti bu sənətə həvəsin olması, ona sevgidir. Bura sənin üçün sadəcə gəlir yeri, ayın sonunda maaş alacağın yer yox, sevimli, hər dəqiqəsindən zövq aldığın bir sahədirsə hər an öyrənməyə can atacaqsan və sonunda gec-tez uğur qazanacaqsan. Təbii ki, bu media orqanlarında qarşılaşacağın məllimlərin də önəmi az deyil...
-Heç elə anlar olur ki, Şəkiyə köçmək, şəhər həyatından tam uzaq həyat yaşamaq istəmisiniz. Gələcəkdə mümkündür?
- Elə bir "romantikadan” uzağam (gülür). Şəkini, kəndimizi çox sevirəm. Ən çox da yaz fəslində. Amma oralara yalnızca ildə bir-iki dəfə dincəlməyə getməyə üstünlük verirəm.
-Mətbəxdə daha peşəkarsınız, yoxsa? Yaxud bununla bağlı ikinci belə bir sual da əlavə edim: Mətbəxda daha azadsınız, ya işdiyiniz media qurumlarında?
- Etiraf edim ki, aşbaz kimi peşəkar sayılmaram. Azərbaycan mətbəxinin bir çox yeməklərini heç bişirməmişəm. Çünki çox vaxt Anam yanımda olub, yeməklərimi o bişirib. Son beş ildə də bacımın qızı yanımdadır, indi də o özəlləşdirib mətbəxi. Amma deyilənlərə görə yeməklərim dadlı olur. Azadlıq məsələsinə gəldikdə isə, təbii ki, mətbəximdə daha azadam. Çalışdığım şirkətdə mən də digər əməkdaşlar kimi məhdud səlahiyyətləri olan işçiyəm və azadlığım da yalnız bu səlahiyyətlər çərçivəsində ola bilər. İşçi çalışdığı şirkətin rəhbərinin iradəsinin ifadəçisidir. Bir Xəbərlər Xidmətinin redaktorunda yalnız peşəkar azadlıq ola bilər. Onun kanalın efir siyasəti ilə bağlı söz sahibi olması ağlabatan deyil.
-Bir övladınız var. O da səhv etmirsəmsə sizdən uzaqda Türkiyədə qalır. Təklik sizi qorxutmur?
- Mənə çox adam deyir, "bir oğlun var, niyə gözündən uzağa göndərmisən?”- filan. Bu ənənəvi azərbaycanlı düşüncəsidir. Yəni, kasıbın malı mütləq göz qabağında olmalıdır (gülür). Bəs, uşağın özünün arzusu? Oğlum İstanbul Universitetinin üçüncü kurs tələbəsidir. Özü orada oxumaq istədi. Azərbaycanlı məntiqiylə mən məhz bir oğlum olduğuna görə, tək qalmayım deyə onun arzularına qarşı getməliydim. Mənim üçün önəmli olan oğlumun xoşbəxtliyi, onun seçimidir. Heç vaxt onun arzularına qarşı getməmişəm, tam əksinə hər zaman dəstək olmuşam. Bundan sonra da belə olacaq. Bir də texnologiyanın indiki inkişafı uzaqlıq anlayışını da aradan qaldırıb. Hər gün görüntülü danışa bilirik. Sadəcə bu karantin günlərində oğlumun yanımda olmasını çox arzuladım. Sərhədlər bağlandığına görə də onun gəlməsi mümkün olmadı.
- Bir çox həmkarınız tanındıqdan sonra hansısa quruma mətbuat katibi gedir. Sizi məmur kimi görmək mümkündür?ff
- Heç vaxt elə bir arzuda olmamışam. Mən bayaq da qeyd etdim, iş mənim üçün sevimli bir əyləncə olmalıdır, sıxılmamalıyam, gözüm saatda olmamalıdır, iş vaxtı bitsəydi çıxıb gedərdim deyə. Bir də mənim üçün önəmli olan faydalılıq prinsipi var. Bu baxımdan düşünürəm ki, hansısa məmurun doğru-yanlış fikrinin yayılmasına vasitəçi olan o cür məmurdansa, öz sözünü 10 milyona, bəlkə də daha geniş auditoriya çatdıran jurnalist olmaq cəmiyyət üçün daha faydalı vəzifədir. Mən nə vaxtsa məmur olmaq fikrinə düşsəm yəqin ki, ya Bakı şəhər İcra Hakimiyyətinin başçısı, ya da Təhsil Naziri postlarına iddia edəcəm. Bu sahələrlə bağlı çox gözəl planlarım var (gülür).
Söhbətləşdi: Emin PİRİ adalet.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !