Akademik Vasif Babazadə və dosent Şəhla Abdullayevanın əsərləri 2020-ci ilin Dövlət Mükafatına təqdim edildi - (+FOTO=2)

Akademik Vasif Babazadə və dosent Şəhla Abdullayevanın əsərləri 2020-ci ilin Dövlət Mükafatına təqdim edildi (+FOTO=2)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi və ölkə iqtisadiyyatının əsas sektorlarının gələcək tələbatını ödəməyə qadir olan mineral xammal bazasının formalaşdırılması məqsədilə 2020-ci il 16 mart tarixində “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Ölkənin sosial-iqtisadi inkişafının əsaslı dayağı olan faydalı qazıntılar yataqlarının və yerin təkinin geoloji öyrənilməsi, mineral xammal bazası ilə bağlı aparılan elmi-tədqiqat işləri strateji istiqamətlərdən sayılır.

Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” ETL-in elmi rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Vasif Babazadə və həmin kafedranın dosenti Şəhla Abdullayevanın Azərbaycanın mineral xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlərinin (8 monoqrafiya, 2 kosmotektonik xəritə) Elm sahəsi üzrə 2020-ci ilin Dövlət Mükafatına təqdim edilməsi bu baxımdan faydalıdır.

Təqdim olunmuş monoqrafiyalar və kosmotektonik xəritələrdə filiz faydalı qazıntı yataqlarının yerləşmə və əmələgəlmə qanunauyğunluqlarının müəyyənləşdirilməsi və proqnozlaşdırılmasının müəlliflər tərəfindən işlənib hazırlanmış elmi əsasları və fundamental-praktiki əhəmiyyət daşıyan nəticələr öz əksini tapıb.

Monoqrafiyaların və xəritələrin əmələ gəlməsində böyük əmək sərf etmiş müəlliflər strateji növ filiz faydalı qazıntı yataqlarını beynəlxalq öyrənilmə reqlamenti əsasında təhlil edib, onların geoloji-genetik modellərini, struktur-formasion analiz və rayonlaşdırmanın prinsip və üsullarını işləyib hazırlayıb, proqnoz xəritələri tərtib ediblər.

Akademik V.Babazadə və dosent Ş.Abdullayeva respublika üçün prioritet əhəmiyyət daşıyan müxtəlif növ mineral xammal növlərindən səmərəli istifadə yolları haqqında fikirlər irəli sürüb, Azərbaycanın müxtəlif bölgələrində yerləşən qızıl yataqlarının öyrənilməsi, bu günün və gələcəyin iqtisadi konyukturasından asılı olaraq onların istismara cəlb edilməsi, ümumilikdə geoloji-iqtisadi qiymətləndirmənin aparılması və qızılçıxarma sənayesi kimi yeni dağ-mədən infrastrukturunun yaradılması məsələlərinə silsilə əsərləində geniş yer ayırıblar.

Aparılan tədqiqat işlərində müəlliflər Azərbaycan ərazisinin geoloji quruluşu, faydalı qazıntı növlərinin əmələ gəlməsi, yayılması, yerləşmə dərinlikləri və istismara dəyərliliyi haqqında çöl tədqiqatları ilə təcrübədən keçirilmiş və əsaslandırılmış elmi təkliflər irəli sürüblər.

Yerinə yetirilmiş fundamental əsərlər toplusu və ona qoşulan kosmotektonik xəritələr əldə olunan elmi nəticələrə əsaslı inam yaradır və ölkənin gələcək inkişaf konsepsiyasında əhəmiyyətini göstərir.

Filiz faydalı qazıntı yataqları və metallogeniya sahəsində görkəmli alim kimi bu sahədəki məhsuldar elmi fəaliyyəti ilə böyük bir elmi məktəb yaratmış akademik Vasif Babazadənin böyük bir geoloqlar nəslinin yetişməsində və fundamental tədqiqatları əks etdirən əsərlərin ərsəyə gəlməsində xüsusi xidmətləri vardır. Bu elmi məktəbin aparıcı nümayəndələrindən və akademik Vasif Babazadə ilə birgə mükafata təqdim olunan silsilə əsərlərin müəlliflərindən olan Şəhla Abdullayeva isə filiz, xüsusən də qızıl və mis yataqlarının öyrənilməsində öz sözünü demiş alimlərimizdəndir.

Hər iki alimimizə uğurlar və məhsuldar elmi fəaliyyətlərinin davamını arzulayırıq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !