Zərifə İslamqızı: - Bir üzü siyahdır, bir üzü bəyaz...

Zərifə İslamqızı: Bir üzü siyahdır, bir üzü bəyaz...

 Deyiləm... 

Əsirim...Bu şeri oxu,
Sağında solun deyiləm.
Tikanı qəlbin qanadan,
Əlində gülün deyiləm...


Baş əydi könlünə ruhum,
Qoymadı bir çəkə ahım,
Zülmünü gördü Allahım,
Bildi ki, qulun deyiləm...


Ey cani şərabı içən,
Canıma qəsd olub keçən,
Əliylə sonunu seçən -
Azdığın yolun deyiləm...


Kimlərçün oda alışdın -
Yanana kimi yarışdın,
Tüstüsü təki qarışdın,
Söndüyün külün deyiləm...


Bu qədər zamana dolan,
Ömründə bir izlə qalan,
Günahından bəyaz olan,
Saçında telin deyiləm...

 

 

 

 

Bir üzü siyahdır, bir üzü bəyaz... 

 

Sevdamın səsini dinləyən Ayın,
Bir üzü siyahdır, bir üzü bəyaz...
Qəlbimə oxunu tuşlayan yayın,
Bir üzü siyahdır, bir üzü bəyaz...

 

Mənə uğur deyən diləklərin də,
Xətrimi istəyən ürəklərin də,
Çiynimdə dayanan mələklərin də,
Bir üzü siyahdır, bir üzü bəyaz...

 

Çatdırır Tanrıya hər bir duamın,
Örtər günahımı, silər xətamın,
Mənim duman çökməz aydın səmamın –
Bir üzü siyahdır, bir üzü bəyaz...

 

Həyatım – bir səssiz tüğyanlar kimi,
Ömürlük susacaq vicdanlar kimi,
Şirin söz ərz edən yalanlar kimi,
Bir üzü siyahdır, bir üzü bəyaz...

 

Ey yar, yollarından tapıb izlərin,
Can verdim gör neçə bahar-yazların,
Talemiz sayrışan o ulduzların,
Bir üzü siyahdır, bir üzü bəyaz...

 

***

 

 Gəl... 

Çək ziyanı hər röyama,
Ulduzlardan uca ol, gəl...
Apar məni öz dünyana,
Gündüzümə gecə ol, gəl...
  


Sənsən görünməz dayağım,
İlk eşqim, sönməz ocağım,
Əgər büdrərsə ayağım,
Qarşımda dur, zirvə ol, gəl...


Ümidlərim batmayınca,
Həsrətini atmayınca,
Sənə əlim çatmayınca,
Hər dərdimə çarə ol, gəl...


Ey mənim son and nəfəsim,
Təkcə ismin səslər səsim,
Yoxluğundur dar qəfəsim,
Bilinməyən vədə ol, gəl...


Ərşə qalxdı hər ahu-zar,
Dinlə məni, anla ey Yar,
Elə həmən gecəni yar !... -
Zülmətimə şölə ol, gəl...

 

 

***

 

 

Mənim... 

 

Könlümə əzab çəkdirən,
Zülmətim yaraydın mənim.
Kaş bəxtinin ulduzunu
Yoluma sərəydin mənim...


Sormadan son niyyətini
Kim sındırmış qamətini ?
Kaş bitməyən illətini,
Ruhuma saraydın mənim...


Dəydimi alın tərinə ?
Yandıq bu eşqin şərinə
Kaş qanadlarım yerinə
Qəlbimi qıraydın mənim...

 

***

 

Etmişəm... 

Qəlbinin səsini duymayıb həmən,
Bütün varlığımı al-qan etmişəm.
Sənin günahının qanına girib,
Günahsız ruhumu viran etmişəm.


Uçurum üstündə düşənəm yada,
Məni də özünlə salmısan oda.
Təkcə sənin ömrün getməyə bada,
Mən öz həyatıma ziyan etmişəm.


Köksün üzərində çağladar tarı,
Gözündə göl olar dərdimin barı,
Mən öz dağlarıma yağan hər qarı,
Sənsiz əridərək, ümman etmişəm.


Dəyişib gözümdə həyat seyrimi,
Adınla eylədim hər an zikrimi,
Sənə həsr etdiyim hər bir şerimi,
Toplayıb qəlbimə divan etmişəm.


Bu dünya eşqindən ayrı qalarkən,
Bir Haqqın yoluna yolum salarkən
Mən səni Tanrıdan pay tək alarkən,
Tək səni müqəddəs insan etmişəm...

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !