Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma... -

Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma...

 Bu günlərdə bir müsahibə diqqətimi cəlb etdi. "Bizim Cəbiş müəllim" filmində "Cəbiş müəllim" obrazını yaradan - xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova atası haqqında xatirələrini danışırdı. Orda bir abzas diqqətimi çəkdi . Sevil xanım deyir: " .Atam bilirdi ki, o dünyasını dəyişəcək. Əvvəlcədən bunu o hiss etmişdi. Amma bizə bildirmirdi. 1998-ci ilin dekabrın 10-da rəhmətə getdi. 9 dekabrda bütün sənət yoldaşları, qohumlar yanına gəlmişdilər. Ev adamla dolu idi. Məni və yoldaşımı yanına çağırdı, yoldaşım ona oğulluq etmişdi. Mənə dedi ki, səndən nigaran deyiləm, çünki sənin arxanda Adil var. Bunu dedi və gözlərindən yaş süzüldü. Onun çarpayısı ilə üzbəüz divarda saat var idi. Saat 9-un yarısı idi. Saata baxıb dedi ki, 6-ya 20 dəqiqə işləmiş. Başa düşmədim ki, nə deyir? Bu, bir möcüzə idi. Səbəbini soruşanda dedi ki, qızım, sən onu bilməzsən. Bu, onun axırıncı sözləri oldu. Səhər saat 6-ya 20 dəqiqə işləmiş atam dünyasını dəyişdi”.
Düzü, Amerika yazıçısı, əsasən bədii - tarixi romanlar müəllifi olan Hovard Breslin "Saatsaz” hekayəsini də oxumasaydım bu fakt diqqətimi bu qədər cəlb etməzdi.
Bəli, dünyanın çox qəribə sirri, hələ də açılmayan bir çox müəmma dolu hadisələri var. Belə hadisələrinin olduğu vaxtdan uzun zaman keçsə də, həmin hadisənin ətrafında ağlımızı, düşüncəmizi qurcalayan suallara cavab tapa bilmirik. Bu kimi müəmma, sirr daşıyan hadisələrdən birini oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bilirik.
Atatürkə bağışlanan xalça- müəmmalı saatın sirri
Təxminən 3-4 il əvvəl bu səpgidə bir informasiya nəinki Türkiyə mətbuatının eləcədə dünya mediasının gündəminə bomba vimi düşdü.
Mövzu belə idi. 1929-cu ildə bir hind kahin Atatürklə görüşmək üçün müraciət edir. Bu istəyi qəbul edilən kahin liderə əl işi olan bir xalça hədiyyə edir. Sözügedən hədiyyə Atatürkün İstanbulda tez-tez getdiyi Pera Palas hotelindəki 101 nömrəli otağa göndərilir.
Maraqlısı budur ki, kahinin bağışladığı bu hədiyyədə 9 il öncədən liderin ölüm günü və saatı dəqiqliklə, şifrələnmiş şəkildə göstərilibmiş.
Atatürkün ölümündən sonra araşdırılan xalçanın üzərindəki diametri 20 santimetr olan saatda onun ölümünün gerçəkləşdiyi vaxtın (09:07) qeyd olunduğu məlum olub. Bundan başqa xalçada ard-arda sıra ilə düzülmüş 10 kasımpatı (Payızgülü) çiçəyi də yer alıb ki, bu da (Kasım - noyabr ayı) sözügedən çiçəyin noyabra, sayının isə həmin ayın 10-cu gününə işarə edildiyi mənasına gəlir.
Yəni şifrələrin tam açılışı belədir: 10 noyabr saat 09:07 - Atatürkün ölüm vaxtı və saatı.
Kasımpatı çiçəyinin başqa mənaları da var. Belə ki, çiçək payız-qış aylarında açır və adından da məlum olduğu kimi kasım, yəni noyabr ayında partlayır. Bəziləri bunu hüzn və yalnızlığın simvolu hesab edirlər. Çiçəyin yaxşı açması üçün may ayında budanmasına, qulluq edilməsinə ehtiyac var.Maraqlıdır ki, bu da Atatürkün Samsunda çıxışı və Türkiyədəki Milli Qurtuluş Hərəkatının başlanğıcı ilə eyni aya təsadüf edir - 19 May. Sözügedən çiçək (digər adı Krizantem) Fransa, Polşa və Yaponiyada ölümün simvolu hesab edilir. Bu səbəbdən də onu sadəcə dəfn mərasimlərində istifadə edir və qəbristanlıqlarda əkirlər.
Nəhayət ortaya belə bir mənzərə çıxır. Ölümündən 9 il öncə Atatürkə bağışlanan bu xalça təsadüfi bir hədiyyə idi, yoxsa kəhanət?!
Bənzər olaylar və parapsixoloqların qənaəti...
Hələ kecmiş zamanlardan indiyə qədər bir çox əlamət və xurafat saatla əlaqələndirilir, ezoteristlər bu cismin hətta taleyi dəyişdirə və karma təsir edə biləcəyinə əmin olublar.
Hempton Kortçasın sarayında saatlar ev sahibinin ölüm günündə dayanır. İlk dəfə bu fakt 1619-cu ildə qeydə alınıb. Belə ki, I Yakobun xanımı Kraliça Anna həmin il vəfat edib.
Bu hadisə bir neçə dəfə təkrarlanıb. Parapsixoloqlar isə hesab edirlər ki, ölən insan öz enerjisini buraxır və bu da saatları dayanmağa məcbur edir.
Belə bir hadisə 1887-ci ildə də qeydə alınıb. Belə ki, Pensilvaniyadan olan Corc Fray öz qardaşı Gideona məktub yazır. Məktubu yazandan sonra Corc saata baxıb görür ki, saat dayanıb. Saat 9.45-də dayanmışdı.
O, yenidən saatı qurmaq istəyəndə alınmır. Növbəti gün o, məktub alır. Məlum olur ki, qardaşı saat 9:45-də ölüb.
Digər belə bir hadisə Vaşinqtonda baş verib. Hakim Cerri Uilson bir dəfə gecə saat 2:10-da yuxudan ayılır. Görür ki, həmişə dəqiq vaxt göstərən qədim saatı dayanlb. Səhər isə öyrənib ki, ona saatı bağışlayan dostu elə həmin vaxtda ölüb.
Beləliklə, saatlarla diqqətli olmaq lazımdır. Onlar insanları və onların ölüm anlarını hiss etmə qabiliyyətlərinə malikdirlər.
adalet.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !